AZ

BMU-da tələbələr üçün logistika mövzusunda təlim

Bakı Mühəndislik Universitetində (BMU) Logistics Academy tərəfindən tələbələr üçün logistika mövzusunda təlim təşkil olunub.

AEdu.az xəbər verir ki, təlimdə açılış nitqi ilə çıxış edən BMU-nun Mühəndislik fakültəsinin Logistika və nəqliyyat kafedrasının müdiri Bəxtiyar Namazov ölkəmizdə logistika sahəsinin inkişaf perspektivlərinə toxunub. O, tələbələrin gələcək karyera quruculuğunda bu sahənin mühüm rol oynadığını vurğulayaraq, keçirilən təlimin əhəmiyyətini qeyd edib.

Logistics Academy-nin qurucusu, logistika sahəsi üzrə tanınmış mütəxəssis Namiq Hüseynov çıxışında tələbələrə logistika anlayışı, onun əsas komponentləri və praktiki tərəfləri haqqında ətraflı məlumat verib. O, şəxsi təcrübəsinə əsaslanaraq logistika sahəsində qarşıya çıxan real vəziyyətlərdən danışıb. Təlim zamanı yükləmə prosedurları, gömrük sənədləşməsi, beynəlxalq razılaşmalar və xarici dil biliklərinin əhəmiyyəti kimi məsələlər iştirakçıların diqqətinə çatdırılıb.

Bundan əlavə, logistikanın əsas funksiyaları, nəqliyyat növləri və multimodal daşımalar haqqında məlumatlar təqdim olunub, sahədə mövcud problemlər və onların həlli yolları konkret nümunələrlə izah edilib.

Təlim çərçivəsində akademiyanın mütəxəssisi Bahar Hacıyeva logistika sahəsinin müasir dövrdə yaratdığı karyera üstünlüklərindən bəhs edib. O, akademiyada bu istiqamətdə mövcud tədris və praktiki imkanları diqqətə çatdıraraq tələbələri bu fürsətlərdən yararlanmağa çağırıb. 

İnteraktiv formada keçən təlim zamanı mövzu ətrafında müzakirələr aparılıb və tələbələrin sualları cavablandırılıb.

Seçilən
14
azedu.az

1Mənbələr