AZ

Ekoloq: Plastik tullantıların təkrar emalı yaşıl iqtisadiyyat üçün vacibdir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, “Araz” supermarketlər şəbəkəsinin dəstəyi ilə Aprelin 10-da növbəti “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək. keçiriləcək aksiya zamanı vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ting əldə edə biləcəklər.

Azərbaycanda məişət tullantılarının, xüsusilə plastik məhsulların təkrar emala cəlb olunması istiqamətində həyata keçirilən təşəbbüslər alqışlanmalıdır. Bu fikirləri ekoloq Ənvər Əliyev QHT.az-a açıqlamasında səsləndirib.

Ənvər Əliyev bildirib ki, dünyanın bir çox ölkələrində məişət tullantılarının çeşidlənməsi və təkrar emalı məsələsi artıq tam şəkildə həllini tapıb. Onun sözlərinə görə, plastik butulkalar, sellofan torbalar və digər polimer əsaslı məhsullar xüsusi məntəqələrə təhvil verilir və vətəndaşlar bunun müqabilində ödəniş əldə edirlər.

“Bütün ölçülü butulkalar mağazaların qarşısında yerləşdirilən xüsusi qablara atılır, oradan isə dərhal pul çıxır və vətəndaş həmin məbləği elə mağazada xərcləyə bilir” – deyə ekoloq qeyd edib.

Ə. Əliyevin sözlərinə görə, Azərbaycanda da bu istiqamətdə keçirilən aksiyalar mühüm əhəmiyyət daşıyır və cəmiyyətin təkrar emal mədəniyyətinin formalaşmasına xidmət edir. O hesab edir ki, bu cür təşəbbüslər ölkədə yaşıl iqtisadiyyatın inkişafına və təkrar emal sektorunun genişlənməsinə təkan verə bilər.

Ekoloq vurğulayıb ki, plastik tullantılar ətraf mühit üçün ciddi təhlükə yaradır. Onun fikrincə, polimer məhsullar yüz illərlə, hətta 400-600 il ərzində təbiətdə parçalanmadan qalır və bu da ekoloji tarazlığa mənfi təsir göstərir.

“Bu cür materiallar uzun müddət təbiətə qarışmır, məhz buna görə də onların ikinci istismara cəlb olunması üçün müxtəlif variantlar düşünülməlidir” – deyə Ənvər Əliyev bildirib.

Ənvər Əliyevin sözlərinə görə, işlənmiş batareyalar və gələcəkdə istismar müddəti bitəcək günəş panelləri də ayrıca problem kimi diqqətdə saxlanılmalıdır. O qeyd edib ki, həmin məhsullar üçün də xüsusi toplama və təhvil mexanizmləri yaradılmalıdır.

Ekoloq həmçinin dövlətin və hökumətin bu sahədə maraqlı tərəf kimi prosesə fəal qoşulmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, xarici ölkələrdə istifadə olunan xüsusi aparatların ölkəyə gətirilməsi və mağazaların qarşısında quraşdırılması təkrar emal prosesini sürətləndirə bilər.

Ə. Əliyev sonda bildirib ki, görülən işlərin nəticələri ictimaiyyətə televiziya və digər informasiya vasitələri ilə çatdırılmalıdır. O əlavə edib ki, bu, cəmiyyətdə böyük rezonans doğuracaq və insanların ekoloji aksiyalara marağını artıracaq.

Fatimə Nəbiyeva

Seçilən
15
qht.az

1Mənbələr