AZ

Ana dilimizin tarixi inkişafına yeni baxış: XV əsr ədəbi dili

Bakı,9 aprel, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dilinin tarixi şöbəsində yeni bir fundamental əsər ərsəyə gəlib.

AZƏRTAC xəbər verir ki, Aynur Paşayevanın müəllifi olduğu "XV əsr Azərbaycan ədəbi dili" monoqrafiyası ana dilimizin tarixi inkişaf mərhələlərini öyrənmək baxımından fundamental bir tədqiqat əsəridir. Kitabda Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin mövcud olduğu bir dövrdə Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsi, Təbriz şivəsinin ədəbi dilin formalaşmasındakı rolu və dövrün görkəmli şairlərinin yaradıcılığındakı dil xüsusiyyətləri geniş şəkildə işıqlandırılır.

Müəllif XV əsrə aid orijinal əlyazmalar və bədii nümunələr əsasında dilin fonetik sistemini, leksik tərkibini və qrammatik quruluşunu elmi-linqvistik təhlillərlə təqdim edir. 335 səhifədən ibarət olan bu zəngin vəsait həm dilçi-türkoloqlar və gənc tədqiqatçılar, həm də klassik irsimizin dil təkamülü ilə maraqlanan geniş oxucu kütləsi üçün dəyərli bir mənbədir. Orta əsrlər Azərbaycan dilinin milli simasını və ifadə imkanlarını dərindən dərk etmək istəyənlər üçün bu monoqrafiya əvəzolunmaz bir bələdçi rolunu oynayır.

Seçilən
12
1
azertag.az

2Mənbələr