AZ

Yuvasını yandıran vulkan

İvan Qonçarovun “Uçurum” romanı haqqında

əvvəli ötən sayımızda

Universitetə girəndən sonra Rayski yay tətilində nənəliyi Tatyana Markovna Berejkovanın yanına gedir. Nənə Borisin Volqa sahilindəki Malinovka kəndində yerləşən ata mülkünü idarə eləyir, üstəlik, ona nəvə, Borisə qohum düşən beş-altı yaşlı bir cüt qız uşağını da qanadları altında bəsləyib-böyüdüb tərbiyələndirir. Bacılardan böyüyü Vera, kiçiyi Marfa adlanır; kiçik bacı nənənin köhnə mülkün yanında tikdirdiyi təzə evdə Tatyana Markovna ilə birlikdə, böyüksə köhnə evdə qalır.

Rayskini ata mülkündə coşğun sevinclə, evin ağası kimi qarşılayırlar. Oğlan özünü analı, bacılı, dayılı, bir sözlə, doğmalı-arxalı sanmağa başlayır; sevimli dayı rolunu isə nənənin dostu, istefaya çıxandan sonra yaxın əyalət şəhərində özünə ev almış hərbçi Tit Nilıç Vatutin oynayır. Söz gəzir ki, Tatyana Markovna ilə Vatutin cavanlıqda bir-birini seviblər, ancaq böyükləri qızı başqasına vermək istədiklərindən onların qovuşması baş tutmayıb, bu səbəbdən zavallı nənə qız qarıyıb.

Volqanın yaxasındakı uçurum Borisi özünə çəkir. Oradan ana təbiətə gözəl mənzərə açılır. Hələ onun yaşından qabaq, valideynlərinin sağlığında həmin uçurumun ayağında bir qısqanc ər arvadını məşuquyla birgə öldürüb, sonra da özünə qəsd eləyib. Meyitlər elə hadisə yerinəcə gömülüb. O zamandan uçurum adamların yaddaşında xatalı, nəhs bir yer kimi qalıb, hamı oradan gen dolanmağa çalışır, çox adam təkbaşına oralara enməkdən qorxur...

Tətildən sonra universitetə qayıdan Rayski oxumaqda çətinlik çəkir, başına heç nə batmır, gözünə ancaq obrazlar, surətlər görünür. Tezliklə o, yoxsul tələbə yoldaşı, keşiş oğlu Leonti Kozlova mehir salır, yunan, latın dillərini bilən Kozlov Rayskidə antik müəlliflərə maraq oyadır. Bundan sonra Boris şeir, nəsr parçaları yazmağa başlayır.

Universiteti bitirəndən sonra Rayski yunker rütbəsiylə qulluğa girir, “qızıl gənclik” deyilən təbəqəyə xas həyat keçirir. Daha sonra qulluq yerini dəyişən cavan yeni vəzifəsində də çox bənd almır, bir müddət də rəssamlıq akademiyasına ayaq döyür. Yarım ildən sonra çəkdiyi rəsmi ustadlar bəyənsələr də, ona sənətin sirlərini daha üç il öyrənməyi məsləhət görürlər. Rayski isə tələsir, qısa zamanda şöhrət qazanmaq istəyir. Buna görə də roman yazmağa keçir. Romanda iki il əvvəl ona aşiq olmuş Nataşa adlı həlim, itaətkar qızın ölümünü təsvir eləyir. Qızın müti sədaqəti onu bezdirdiyindən Boris Nataşanı almaq istəməmişdi. Beləcə, Rayski yeni romanın səhifələrini qaralamağa başlayır. Oxuduğumuz roman boyu biz onun öz romanı üçün material topladığını görürük.

Əslində, “Uçurum” romanı elə Rayskinin topladığı müşahidələrdən, yığdığı materiallardan, yaratdığı obrazlardan ibarətdir, yəni qəhrəman bir növ müəllifin alter-eqosudur. Ona görə “bir növ” dedim ki, əsərdə baş qəhrəmanın iştirak eləmədiyi, xəbərsiz qaldığı epizodlar da var, başqa sözlə, hər kəsi görən, hər şeyi bilən müəllif sevimli personajına bütün qüdrətini köçürməyib, bununla belə Turgenevə qıymadığı bir neçə romanlıq həyat materialını Rayskinin yaradıcılıq laboratoriyasına böyük səxavətlə bağışlayıb.

Boris Sofyanın portretini tamamlayıb qadına eşq elan eləyir. Sofya isə qohumuna dostluqdan başqa bir şey verə bilməyəcəyini söyləyib Borisə ümid yeri qoymur. Rayski qadının bir italyan qrafına uyduğundan şübhələnir. Rədd cavabı alandan sonra Boris Pavloviçin qaynamaqda olan ehtirasının köpüyü yatır.

***

Birinci hissəni romanın proloqu da saya bilərik. Bəzi tənqidçilər bu bölümdə mətləbin çox uzadıldığını desələr də, müəllif məramını, sonrakı bölümlərdə baş verəcəkləri daha dərindən anlamaq baxımından birinci hissəni diqqətlə öyrənmək vacibdir. İlk bölümdə al-əlvan ehtiras kəpənəyi hələ qanad çıxarmayıb, hələ tırtıl halındadır.

İkinci hissədə Rayski nənəliyinin xahişi, sifarişiylə Malinovka kəndinə yollanır. Tatyana Markovna onu yerin yiyəsi kimi qarşılayıb Borisə hesabat verməyə, onu təsərrüfatın gəlir-çıxarından agah eləməyə, onda öz mal-mülkünə, təhkimli kəndlilərinə qarşı ağalıq, sahiblik hissi oyatmağa çalışır, ancaq bu cür instinktlər Rayskiyə yaddır, onu dünya malı maraqlandırmır, gah rəiyyətə azadlıq vermək, gah da mülkünü Vera-Marfa bacılarına bağışlamaq, onlar arasında bölmək fikrinə düşür. Onun belə qismətinə asi, havalı fikirləri qohumlarının əmanəti, nəvələrinin mirası üstündə əsən tədbirli, təsərrüfatcıl nənəni qorxuya salır, təcrübəli qadın anlayır ki, Borisə qalsa, var-yoxunu ya satacaq, ya da girov qoyacaq, ona görə də daşıdığı yükü ölənəcən çəkməyə razılaşır. Yetimlərə gəlincə, onların cehizləri hazırdır, sədəqə kimi verilən sərvətə isə ehtiyacları yoxdur.

Rayskini ilk qarşılayanlardan biri iyirmi yaşlarında ərgən qıza çevrilmiş sarışın, saf, şən Marfa olur. Vera isə çayın o tayında - rəfiqəlik elədiyi keşiş arvadının yanındadır. Rayski çoxdan görmədiyi, bir az səhraya, bir az da qəbiristanlığa bənzəyən şəhəri gəzib dolaşır. Bu şəhər onun romanı üçün yaxşı çərçivə, fon rolu oynaya bilər. Əsərin mərkəzinə Marfanı qoymaq olardı, ancaq onda ehtiras, yanğı çatmır, nənəsinin sözündən qətiyyən çıxmaz, düz, rahat yoldan əsla sapmaz, özü də qorxaqdır, Rayskiyə qoşulub uçuruma enmək istəmədi.

Şəhərdə Boris tələbəlik yoldaşı, gimnaziya müəllimi Kozlovu tapır. Leonti antik ədəbiyyatın içində itib-batıb. Rayski onun şəhərin qırağında, öz mülkünə yaxın bir evdə yerləşməsinə kömək göstərib, bütün kitabxanasını onun ixtiyarına verib, hərçənd kitablardan bir neçəsini Mark Voloxov adlı şuluq adam korlayıb. Leonti üç min nüsxəlik kitabxananın kataloqunu tərtib eləyib, sonra bilinir ki, bu işdə Vera da ona yardım göstərib. Rayski kitabxanasını Kozlova bağışlayır, dostunu həyatdan uzaq düşməkdə qınayır.

Kozlov dostların hələ tələbəlik çağından tanıdıqları Ulyana ilə evlənib. Özü gözəgəlimli olmayan Leonti arvadına vurğundur, qadının boy-buxunu, qədd-qaməti ona antik heykəlləri xatırladır. Kozlov Ulyanaya universiteti bitirdiklərindən beş il sonra elçi düşüb, onda qız atası öldüyünə görə bibisiylə qalırmış, özü də möhkəm xəstəymiş. Sonradan Ulyana Kozlovu sevmədiyini, onun çağırışına yalnız ərə getmək xatirinə razılıq verdiyini Rayskiyə etiraf eləyir.

***

Yerdən qopuq nəvəsinin romantik xəyallarla, göylərlə əlləşməyi nənəliyi nigaran qoyur, ona elə gəlir ki, buna görə tale Borisi cəzalandıracaq. Yüngülcə toqquşmalardan sonra nənə-bala sülhə gəlib öz aralarında şifahi müqavilə bağlayırlar: hər kəs öz istədiyi, öz bildiyi kimi yaşasın. Əslində, bununla hərə həyatda ona ayrılmış postuna çəkilir, hər kəs öz payına düşən missiyanı yerinə yetirmək üçün işinin başına qayıdır. Bundan sonra nənəylə nəvə arasında ciddi konflikt yaranmır, Tatyana Markovna hər şeyi bir stoik inancıyla tapındığı əlahəzrət Talenin ixtiyarına buraxır, Boris Pavloviç isə əlində Diogen çırağı bir geoloq həvəsiylə odlu-alovlu duyğu yataqları, ehtiras vulkanları axtarmağına davam eləyir.

Marfa - nənəsinin qüdrətli qanadları altına sığınmış qayğısız, məsum sarıdimdik cücədir; Rayski onda qadınlıq ehtirası oyatmağa çalışsa da, alınmır, Marfa onun dediklərini anlamır, eyhamlarını tutmur, nə istədiyini başa düşmür, bu səbəbdən günahsız qəlbini nənəyə açmağa da ehtiyac duymur. Rayski onun portretini yaradır, xarakterini formalaşdıran cizgiləri düzgün oxumağa çalışır, sonra da Nataşa haqqında yazdıqlarına düzəlişlər eləyir ki, bütün bunları romana oturda bilsin.

davamı növbəti sayımızda

F.Uğurlu

Seçilən
24
yeniazerbaycan.com

1Mənbələr