Təhsil səviyyəsinə görə dünyada demək olar ki, birinci yerlərdə olan Finlandiyada uşaqlar məktəbəhazırlığa 6 yaşında başlayır, bizdə isə bu yaş 5-dir. Nəzərə alsaq ki, Finlandiya təhsil sistemi bizdən xeyli irəlidədir, bu fərq diqqət çəkir.
Lakin son günlərdə belə bir fikir də səsləndirilir ki, uşaqlar artıq 3 yaşından məktəbəhazırlığa cəlb olunsun. Bu məsələ cəmiyyətdə fikir ayrılığına səbəb olub. Hətta bu gün də bir çox valideyn uşaqların 5 yaşından məktəbəhazırlığa başlamasının tərəfdarı deyil və bunu uşaqların həddindən artıq yorulması kimi qiymətləndirirlər.
AzEdu.az-a mövzu ilə bağlı açıqlama verən təhsil eksperti Məzahir Məmmədli qeyd edib ki, Azərbaycanda artıq 12 illik təhsil sistemi mövcuddur.
“Hələ ki, bu model tam tətbiq olunmasa da, 5 yaşdan uşaqların məktəbə cəlb olunması ilə 11 illik ümumtəhsil praktiki olaraq həyata keçirilir.
Şagirdlərin 3 yaşdan təhsilə cəlb olunması isə mübahisəli məsələdir. Təcrübəli pedaqoq belə bir yanaşma təklif etsə də, məqsəd əsasən məktəbəqədər təhsil müəssisələrində xüsusi proqramların tətbiqi idi. Lakin dünya praktikasında 3 yaşdan uşaqları məktəbə cəlb etmək geniş yayılmayıb. Azərbaycanda da texniki baza və bütün bölgələrdə məktəbəqədər müəssisələrin tam olmaması bu məsələnin geniş tətbiqinə imkan vermir.
Bəzi təşəbbüslər olsa da, məsələn, qrant hesabına özəl məktəbəqədər müəssisələrdə uşaqların cəlb olunması və ya valideynlərin ödəniş etməklə yerləri təmin etməsi, psixoloqlar tərəfindən əlavə yük yarada biləcək hal kimi qiymətləndirilir. Bu səbəbdən 3 yaşdan təhsilə cəlb olunma Azərbaycanda geniş yayılmayıb və cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb.
3 yaşdan təhsilə cəlb olunma birmənalı olaraq qəbul edilməyib. 5 yaşlı uşaqların məktəbə cəlb olunması isə daha geniş qəbul olunur, çünki bu, onların birinci sinifdə tez adaptasiya olmasına və məktəbə uyğunlaşmasına kömək edir. Bu yanaşma artıq valideynlər və mütəxəssislər tərəfindən normal sayılır".