AZ

İnsan tərində qrip virusunu öldürən molekul TAPILDI

ain.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İnsan orqanizmində qrip virusuna qarşı mübarizə aparan yeni təbii qoruyucu sistem müəyyən edilib. Beynəlxalq tədqiqatçılar qrupu "dermcidin" adlı antimikrob peptidin infeksiyanı dayandırmaq və virusun yayılmasının qarşısını almaq xüsusiyyətlərini sübuta yetiriblər.

Redaktor.az xəbər verir ki, sözügedən elmi araşdırmanın nəticələri "Proceedings of the National Academy of Sciences" nəşrində dərc olunub.

"Dermcidin" uzun zamandır göbələk və bakteriyalara qarşı təsirli vasitə kimi elmə məlum idi. İnsan bədəni tərəfindən fasiləsiz sintez olunan bu maddə tər ifrazının tərkibində mövcuddur. Yeni elmi tapıntılar isə həmin peptidin həm də güclü virusəleyhinə təsirə malik olduğunu təsdiqləyib.

Heyvan modelləri və hüceyrələr üzərində aparılan sınaqlar nəticəsində bəlli olub ki, "dermcidin" qrip infeksiyasının sağlam hüceyrələrə sızmasına mane olur. Peptid virusun səthində yerləşən və onun hüceyrəyə yapışmasını təmin edən hemaqlütinin zülalı ilə əlaqəyə girir. Bu proses virus zülalının quruluşunu dəyişərək onun hüceyrə pərdəsi ilə birləşməsinin qarşısını alır. Nəticədə virus hələ infeksiya mərhələsinə keçmədən zərərsizləşdirilir.

Araşdırma müəllifləri qeyd ediblər ki, bu proses müasir virusəleyhinə preparatların fəaliyyət prinsipindən tamamilə fərqlidir. Hazırkı dərmanlar daha çox neyraminidaza zülalına yönəlib ki, bu da zamanla virusun həmin preparatlara qarşı dayanıqlılıq qazanmasına səbəb ola bilər.

Mütəxəssislər müəyyən ediblər ki, "dermcidin" təkcə tər vəzilərində deyil, həm də tənəffüs yollarının giriş nahiyələrində - ağız suyunda, burun-udlaqda və göz yaşının tərkibində də yer alır. Analizlər göstərib ki, qripə yoluxmayan şəxslərin bədənində bu maddənin səviyyəsi infeksiyaya tez yoluxan insanlarla müqayisədə təxminən altı dəfə çoxdur.

Tədqiqatçıların qənaətinə görə, bu kəşf gələcəkdə yeni nəsil virusəleyhinə dərmanların istehsalına yol aça bilər. "Dermcidin" virusun müxtəlif ştamları arasında azdəyişən hissələrini hədəf aldığı üçün eyni anda bir neçə qrip növünə qarşı müdafiə yarada bilər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
35
1
redaktor.az

2Mənbələr