ain.az, Bizimyol portalına istinadən məlumat verir.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, NATO ölkələri kritik anda Vaşinqtonu dəstəkləməyib və gələcəkdə də bunu etməyə bilər.
Bizimyol.info xəbər verir ki, o, bu barədə NATO-nun baş katibi Mark Rütte ilə görüşündən sonra "Truth Social" sosial şəbəkəsində yazıb:
“NATO yanımızda deyildi, bizə lazım olduğu zaman yox idi və yenidən lazım olsa da yanında olmayacaq”, - deyə qeyd edib.
ABŞ və alyans üzvləri arasındakı gərginlik İran müharibəsi səbəbindən artıb. Alyansın bəzi ölkələri Vaşinqtonun hərbi əməliyyatlarını dəstəkləməyib – xüsusilə hava məkanını istifadə etməyə icazə verməyib və Hörmüz boğazı ətrafında hərbi-dəniz qüvvələrini göndərməyib.
Mark Rütte Trampla görüşdən sonra bəzi alyans ölkələrinin öhdəliklərini yerinə yetirmədiyini etiraf edib, amma vurğulayıb ki, əksər Avropa ölkələri yardım göstərib: “O, NATO-nun bir çox üzvündən açıq-aşkar məyusdur və mən onun baxışını başa düşürəm. Bu iki yaxşı dost arasında çox səmimi, açıq müzakirə idi”, – deyə Rütte CNN-in “The Lead with Jake Tapper” proqramında bildirib.
Qeyd edək ki, Tramp NATO barədə tənqidi fikirlərini ilk dəfə deyil ifadə edir – əvvəlcə onu “kağız pələngi” adlandırmış və ABŞ-ı alyansdan çıxmaqla hədələmişdi.
Ağ Ev də bəyan edib ki, alyans ABŞ xalqından üz çevirib – bu xalq onların təhlükəsizliyini maliyyələşdirir.
Ekspertlər transatlantik münasibətlərdə ciddi böhran olacağı barədə xəbərdarlıq edirlər. NATO-nun keçmiş mətbuat katibi Oana Lungesku vəziyyəti “alyans üçün təhlükəli an” adlandırıb.
Publik tənqidə baxmayaraq, ABŞ rəsmiləri ölkənin alyansa sadiq qaldığını təsdiqləyir. Eyni zamanda diplomatlar etiraf edirlər ki, qarşıdurmanın nəticələri Vaşinqton və Avropa paytaxtları arasındakı münasibətlərə uzun müddət təsir edə bilər.
Ölkə mətbuatının yazdığına görə, Tramp administrasiyası İran müharibəsi zamanı ABŞ və İsraili lazımi şəkildə dəstəkləməyən NATO ölkələrini cəzalandırmaq planını nəzərdən keçirir.
Qadir, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.