AZ

Sorğu: ABŞ-də seçicilərin əksəriyyəti vergilərin yüksək olduğunu düşünür

BAKI, 9 aprel. TELEQRAF

ABŞ-də keçirilən son sorğuya əsasən, seçicilərin rekord hissəsi ödədikləri vergilərin həddindən artıq yüksək olduğunu hesab edir.

Teleqraf xəbər verir ki, “Fox News”un sorğusuna görə, respondentlərin 70 faizi vergilərin çox olduğunu bildirib.

Məlumata görə, iştirakçıların təxminən 75 faizi hökumət xərclərini israfçı və səmərəsiz hesab edir ki, bu da əvvəlki illərlə müqayisədə ciddi artım deməkdir.

Sorğuda qeyd olunub ki, vətəndaşları ən çox narahat edən məsələlərdən biri varlıların kifayət qədər vergi ödəməməsi, digər əsas problem isə dövlətin toplanan vəsaitdən necə istifadə etməsidir.

Bildirilib ki, ABŞ prezidenti Donald Tramp administrasiyasının dövlət xərclərində israfın azaldılması istiqamətində fəaliyyəti də tənqid olunur. Respondentlərin 64 faizi bu sahədə görülən işləri zəif və ya qənaətbəxş hesab edir.

Araşdırmaya görə, vergi siyasəti ilə bağlı narazılıq müxtəlif siyasi qruplar arasında da müşahidə olunur və bu məsələ ABŞ-də ictimai narahatlıq doğuran əsas mövzulardan biri olaraq qalır.

Qeyd edək ki, sorğu 2026-cı ilin mart ayında 1000-dən çox qeydiyyatdan keçmiş seçici arasında keçirilib.

Seçilən
19
teleqraf.com

1Mənbələr