AZ

Akademik Rasim ƏLİQULİYEV: "Ölkənin rəqəmsal inkişafı süni intellekt mərhələsinə qədəm qoyur"

- Rasim müəllim, rəqəmsallaşma fonunda artan kibertəhlükələr ölkəmiz üçün nə kimi problemlər və risklər yaradır? Bu istiqamətdə fəaliyyətin gücləndirilməsi üçün hansı strateji addımların atılmasını məqsədəuyğun hesab edirsiniz?

- Rəqəmsallaşma proseslərinin dərinləşməsi ilə paralel olaraq, çox təəssüflər olsun ki, kibertəhlükələr və risklər də qlobal miqyasda sistemli, mürəkkəb və çoxşaxəli xarakter alır. Təbii ki, bu proses Azərbaycandan da yan keçmir. Cəmiyyət həyatının idarəetmə, bank, maliyyə, kommunikasiya, təhsil və sosial münasibətlər kimi əsas sahələrinin getdikcə daha çox rəqəmsal platformalara inteqrasiya olunması yeni imkanlar yaratmaqla yanaşı, müəyyən riskləri də aktuallaşdırır. Bu risklər və təhlükələr təkcə texnoloji deyil, eyni zamanda hüquqi, siyasi-ideoloji, institusional və sosial-iqtisadi baxımdan narahatlıqlar doğuran çağırışlardır.

Vətəndaşların fərdi məlumatlarının ələ keçirilməsi, şərəf və ləyaqətlərinə yönəlmiş kiberhücumlar, bank kartları və maliyyə sistemlərinə müdaxilələr və s. cəmiyyət üçün ciddi narahatlıq doğuran məsələlərdir. Bu nöqteyi-nəzərdən əsas hədəf rəqəmsallaşmanın üstünlüklərindən və imkanlarından maksimum yararlanmaq, eyni zamanda onun yaratdığı riskləri nəzarətdə saxlamaqdır.

Hal-hazırda formalaşmaqda olan rəqəmsal dövlət bir tərəfdən milli dövlətçiliyimizin ayrılmaz tərkib hissəsi, digər tərəfdən isə qlobal virtual mühitin bir seqmenti kimi çıxış edir. Bu səbəbdən, rəqəmsal dövlətin dayanıqlığı yalnız ölkədaxili kibertəhlükəsizlik tədbirləri ilə deyil, həm də beynəlxalq kibermühitdə baş verən proseslərin düzgün qiymətləndirilməsi və bu istiqamətdə zəruri tədbirlərin həyata keçirilməsi ilə təmin olunmalıdır. Məhz bu yanaşmanın nəticəsi olaraq ölkə rəhbərliyi tərəfindən davamlı şəkildə strateji qərarlar qəbul edilir, normativ-hüquqi baza formalaşdırılır və inkişaf etdirilir. Belə ki, Prezident İlham Əliyev tərəfindən 28 avqust 2023-cü il tarixli sərəncamla "Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası" təsdiq edilmişdir. Bu sənəd rəqəmsal dövlətin təhlükəsizliyinin təmin olunması baxımından konseptual çərçivə rolunu oynayır.

Hazırda ölkəmizdə müvafiq dövlət qurumlarının sıx qarşılıqlı fəaliyyəti əsasında mərkəzləşdirilmiş koordinasiya və vahid prinsiplərlə idarə olunan milli kibertəhlükəsizlik ekosistemi formalaşdırılmaqdadır. Bu ekosistem yalnız baş vermiş kiberinsidentlərə operativ reaksiya mexanizmlərini deyil, eyni zamanda bu insidentlərlə əlaqəli məlumatların sistemli şəkildə toplanmasını, dərin və hərtərəfli intellektual təhlilini, potensial risklərin öncədən müəyyənləşdirilməsini, rəqəmsal mühitdə və obyektlərdə boşluqların aşkarlanaraq aradan qaldırılması üçün tövsiyələrin hazırlanmasını nəzərdə tutur. Bu çərçivədə fərdi məlumatların etibarlı mühafizəsi, uşaqların zərərli və təhlükəli rəqəmsal məzmun və təsirlərdən qorunması prioritet vəzifələr kimi xüsusi diqqət mərkəzində saxlanılır.

Milli kibertəhlükəsizliyin əsas hədəflərindən biri də dövlət qurumlarının rəqəmsal platformada fasiləsiz və dayanıqlı fəaliyyətinin təmin olunmasıdır. Xüsusən də bank-maliyyə sistemlərinin, kritik informasiya infrastrukturlarının, strateji əhəmiyyətli informasiya resurslarının qorunması bu baxımdan prioritet məsələdir. Ayrı-ayrı qurumların kibertəhlükəsizlik vəziyyətinin mütəmadi olaraq kompleks qiymətləndirilməsi, ölkə üzrə kibertəhlükəsizlik vəziyyətinin davamlı monitorinqinin aparılması və qabaqlayıcı tədbirlərin görülməsi xüsusi əhəmiyyət daşıyır.

Nəzərə almaq lazımdır ki, cəmiyyətin və dövlətin kompleks təhlükəsizliyi kontekstində iqtisadi, enerji, ekoloji və s. sferaların təhlükəsizliyi kimi sektorlar da sürətlə rəqəmsallaşır və onlayn platformalara inteqrasiya olunur. Bu kontekstdə əsas məqsəd yalnız kibertəhdidlərə cavab vermək deyil, həm də rəqəmsal dövlətin ifrat mürəkkəb sosio-texnoloji infrastrukturunun kiberdayanıqlığını, həmçinin fövqəladə hallarda belə etibarlı və dayanıqlı fəaliyyət qabiliyyətini artırmaqdır. Xüsusilə, son zamanlar Əşyaların İnterneti texnologiyalarına əsaslanan kiberfiziki sistemlərin nəqliyyat, sənaye, enerji və digər kritik infrastrukturlarda geniş tətbiqi real məkanda baş verən müxtəlif təbiətli və mənşəli təhlükələrin də rəqəmsal mühitə təsir imkanlarını artırır. Bu isə kibertəhlükəsizliklə yanaşı, digər növ təhlükəsizlik mexanizmlərinin də inteqrasiya olunmuş şəkildə işlənib hazırlanmasını tələb edir. 

Bu kontekstdə milli kibertəhlükəsizlik ekosisteminin effektivliyinin artırılması üçün onun beynəlxalq əməkdaşlıq və koordinasiya münasibətlərinin gücləndirilməsini zəruri edir. Çünki kibertəhlükələr əksər hallarda bir ölkənin sərhədləri ilə məhdudlaşmır. Digər tərəfdən, strateji informasiya resurslarının fövqəladə hallarda həm ölkə daxilində, həm də kənarda data mərkəzlərdə etibarlı saxlanılması rəqəmsal dövlətin kiberdayanıqlığını artırır.     

- Azərbaycanda rəqəmsal transformasiya sahəsində həyata keçirilən dövlət siyasəti milli süni intellekt ekosisteminin formalaşmasında hansı institusional dəyişikliklərə səbəb olub? Bu çərçivədə elm, biznes və dövlət əməkdaşlığını, yerli süni intellekt təşəbbüslərinin qlobal bazar perspektivlərini necə dəyərləndirirsiniz?

- Bu gün müşahidə olunan reallıqlar ondan ibarətdir ki, süni intellekt texnologiyaları sürətlə inkişaf edir, ənənəvi olaraq insan təfəkkürünə xas olan qavrama, qərar qəbuletmə, seçim etmə, proqnozlaşdırma, təhlil etmə kimi funksiyaları icra etmək imkanlarına nail olur. Təbii ki, bu proses dövlət, cəmiyyət və biznes strukturları üçün böyük imkanlar yaratmaqla yanaşı, müəyyən risklər, təhlükələr də yaradır. Məhz buna görə ölkəmizdə uzun müddətdir həyata keçirilən rəqəmsal transformasiyanın yeni mərhələsi kimi süni intellektin inkişafına strateji yanaşmanın formalaşdırılması xüsusi aktuallıq kəsb edir.

Prezident İlham Əliyev tərəfindən 19 mart 2025-ci il tarixli sərəncamla təsdiq edilən "Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası" bu sahədə institusional çərçivəni müəyyənləşdirən əsas siyasi sənəddir. Strategiyada süni intellektin dövlət idarəçiliyində, iqtisadiyyatın müxtəlif sektorlarında və sosial sahələrdə tətbiqinin genişləndirilməsi, eləcə də bu istiqamətdə institusional vəzifələrin icrası nəzərdə tutulur. 

Dövlət başçısı tərəfindən xüsusilə dövlət orqanlarında avtonom süni intellekt agentlərin tətbiqi ilə bağlı verilən tapşırıqlar idarəetmədə səmərəliliyin artırılmasına yönəlmiş mühüm addımdır. Bu qurumlarda toplanan böyükhəcmli verilənlərin intellektual analizinin aparılması, qərar qəbuletməni dəstəkləyən əhəmiyyətli tövsiyələrin formalaşdırılması və operativ hesabatların hazırlanması baxımından süni intellekt agentləri əhəmiyyətli funksional alətə çevrilir. Bu isə dövlət idarəetməsində çevikliyin, şəffaflığın və əsaslandırılmış qərarların verilməsinin təmin olunmasına mühüm töhfə verir.

Biznes mühitində isə süni intellekt əmək bazarının transformasiyasına, yeni peşələrin və dəyərlərin formalaşmasına səbəb olur, toplanmış ilkin məlumatlar artıq strateji resurs kimi çıxış edir. Yerli süni intellekt təşəbbüsləri üçün bu, həm daxili bazarda, həm də qlobal miqyasda rəqabət qabiliyyətinin artırılması baxımından real imkanlar yaradır.

Bununla belə, qarşıda duran əsas vəzifələrdən biri də milli süni intellekt suverenliyinin təmin olunmasıdır. Ölkənin süni intellekt suverenliyi bir neçə əsas komponentə - yerli tədqiqat potensialının gücləndirilməsi, rəqabətədözümlü milli süni intellekt modelləri və alqoritmlərinin işlənilməsi, strateji maraqlara, o cümlədən dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə və iqtisadi rəqabətə davamlılığın artırılmasına xidmət edən texnoloji məhsulların yaradılmasına əsaslanır. 

Hazırda istər Elm və Təhsil Nazirliyinin tabeliyində olan elmi qurumlarda, ali təhsil müəssisələrində, istərsə də Azərbaycan Milli Elmlər Akademiyasının institutlarında süni intellekt sahəsində institusional təşəbbüslər genişlənir. Müxtəlif elm sahələrində süni intellekt metodlarının tətbiqi, araşdırma metodologiyasının yeni çağırışlar əsasında formalaşdırılması, keyfiyyətli biliklərin əldə olunması üçün ardıcıl və sistemli islahatlar aparılır. 

Beləliklə, ölkəmizdə həyata keçirilən məqsədyönlü dövlət siyasəti nəticəsində süni intellektin inkişafı sistemli, institusional və strateji mərhələyə qədəm qoyub. Bununla əlaqədar, elm, biznes və dövlət arasında formalaşan yeni əməkdaşlıq modeli milli süni intellekt təşəbbüslərinin həm daxili, həm də qlobal bazarda rəqabət aparmaq potensialını əhəmiyyətli dərəcədə artırır.

- Rasim müəllim, süni intellektin ölkəmizdə əmək bazarına təsirini və perspektivlərini necə dəyərləndirirsiniz? 

- Son illərdə ölkəmizdə rəqəmsallaşma istiqamətində atılan institusional addımlar, qabaqcıl beynəlxalq modellərin öyrənilməsi və tədrisə inteqrasiyası elektron təhsilin infrastrukturunun formalaşdırılması istiqamətində xeyli irəliləyişlərə səbəb olub. Lakin süni intellekt texnologiyalarının sürətli inkişafı mövcud təhsil və tədqiqat mexanizmlərinin daha çevik və əmək bazarı ilə sıx əlaqəli şəkildə yenidən qurulması zəruriyyətini yaratmışdır.

Tarixə nəzər salsaq görərik ki, hər bir sənaye inqilabı öz dövrünün əmək bazarına ciddi təsir edərək yeni peşələrin, sosial-iqtisadi və digər reallıqların yaranmasına səbəb olmuşdur. Bu gün artıq V Sənaye İnqilabına doğru irəliləyirik və bu mərhələdə süni intellekt, kiberfiziki sistemlər, böyük verilənlər, kibertəhlükəsizlik və çoxçeşidli rəqəmsal platformalar əmək bazarının əsas hərəkət və istiqamətverici qüvvəsinə çevrilməkdədir. Bu baxımdan, Azərbaycan təhsil sisteminin qarşısında duran əsas vəzifə əmək bazarının cari və perspektiv tələblərinə uyğun insan kapitalının formalaşdırılmasıdır.

Hazırda ali təhsil sistemində yeni ixtisasların yaradılması, rəqəmsal bacarıqların inteqrasiyası və tədqiqat yönümlü təhsilin gücləndirilməsi istiqamətində əhəmiyyətli işlər aparılır, əmək bazarı, akademik mühit və sənaye arasında səmərəli əməkdaşlıq mexanizmləri gücləndirilir. 

Məlum olduğu kimi, son zamanlar süni intellektin əmək bazarında kütləvi işsizliyə səbəb olacağı ilə bağlı bəzi narahatlıqlar hiss olunur və əsaslı-əsassız mülahizələr səsləndirilir. Təcrübə göstərir ki, əvvəlki sənaye inqilabları dövründə yeni yaranan texnologiyalar iş yerlərini tamamilə aradan qaldırmamış, sadəcə, onların məzmununun dəyişilməsinə səbəb olmuşdur. Bugünkü rəqəmsal transformasiya dövründə də köhnə, adi əməliyyatların icrasını tələb edən, yüksək zəka və bacarıq tələb etməyən peşələr tədricən aktuallığını itirir, paralel olaraq süni intellektlə rəqabət apara bilən, yeni və daha ali bilik tələb edən peşələr və iş yerləri formalaşır.

Əmək bazarının sürətlə virtuallaşdığı müasir mərhələdə distant iş və inklüziv məşğulluq imkanları insanların fiziki məkandan və kommunikasiyadan asılılığını azaldır. Azərbaycan əmək bazarı da rəqəmsal transformasiya proseslərinin təsiri ilə artıq qlobal əmək bazarının tərkib hissəsinə çevrilməkdədir və ayrı-ayrı fərdlər, xüsusən də gənclər kompüterlər, mobil qurğular vasitəsilə həm yerli, həm də beynəlxalq əmək bazarında fəaliyyət göstərə bilirlər. 

Yeni texnologiyaların tətbiqi nəticəsində əmək bazarında data analitikası, süni intellekt, kibertəhlükəsizlik mütəxəssisi, proqram mühəndisi kimi ixtisaslara tələbat sürətlə artır. 

Bu baxımdan, qarşıdakı dövrdə əsas çağırışlardan biri fasiləsiz təhsil mexanizmləri və modellərinin tətbiq edilməsi, davamlı təhsil konsepsiyasının hazırlanmasıdır. Sürətlə yeniləşən texnoloji mühit şəraitində insanlar yalnız formal və ya digər ali təhsillə kifayətlənməməli, çoxçeşidli, çevik qeyri-formal təhsil mexanizmləri vasitəsilə də yeni bilik və bacarıqlara nail olmalıdırlar. 

Beləliklə, süni intellekt və digər rəqəmsal texnologiyalar əmək bazarı üçün təhlükə yaratmamaqla yanaşı, düzgün qiymətləndirildiyi və idarə olunduğu halda yeni geniş imkanlar təqdim edən strateji potensialdır. Əsas məsələ süni intellektlə təbii intellektin qarşıdurması deyil, onların sintezini təmin edəcək bilik və bacarıqların formalaşdırılmasıdır.

- Bu yaxınlarda süni intellekt texnologiyalarının yaratdığı çoxçeşidli risklər kontekstində Milli Məclis tərəfindən Cinayət Məcəlləsinə dəyişikliklərin edilməsi məsələləri müzakirə olunmuşdur. Sizin fikrinizcə, süni intellektlə bağlı risklərin effektiv tənzimlənməsi üçün əlavə hansı tədbirlərin həyata keçirilməsinə ehtiyac vardır?

- Əvvəlcə qeyd etmək lazımdır ki, rəqəmsallaşma proseslərinin cəmiyyətin bütün sahələrinə sürətlə sirayət etməsi süni intellekt texnologiyalarının yaratdığı müxtəlif xarakterli, çoxsaylı risklərin və kibercinayətkarlıq halları ilə mübarizənin tənzimlənməsi məsələlərini daha da aktuallaşdırmışdır. Bu nöqteyi-nəzərdən Milli Məclisdə Cinayət Məcəlləsinə ediləcək bəzi dəyişikliklərin müzakirə olunması olduqca aktual və vaxtında atılmış addımdır. 

Hazırda ölkəmizdə qabaqcıl beynəlxalq təcrübəyə istinad edilməklə normativ-hüquqi bazanın davamlı olaraq təkmilləşdirilməsi, yeni qanun və strategiyaların qəbul edilməsi, mövcud hüquqi aktlara dəyişikliklərin edilməsi istiqamətində çox vacib və səmərəli işlər aparılır. Eyni zamanda cəmiyyətin bütün sferalarında virtuallaşma proseslərinin yüksək templə dərinləşməsi insan hüquqlarının təmin olunması müstəvisində əvvəllər rast gəlinməyən, mövcud olmayan yeni çağırışlar, problemlər yaradır. Bu nöqteyi-nəzərdən qlobal səviyyədə mövcud hüquqi mexanizmlərin təhlili, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş standartların, konvensiya və bəyannamələrin milli qanunvericiliyə uyğunlaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Sözügedən standartlar və normativ-hüquqi sənədlər süni intellekt əsaslı layihələrin, texnoloji həllərin ilkin ekspertizasında, tətbiqi və audit mexanizmlərinin formalaşdırılmasında mühüm rol oynayır. 

Rəqəmsal transformasiya proseslərinin təsiri ilə həyata keçirilən hüquqi islahatlar çərçivəsində digər vacib istiqamətlərdən biri də onlayn mühitdə formalaşan mülkiyyət münasibətlərinin tənzimlənməsi məsələsidir. Rəqəmsal aktivlərin üzərində mülkiyyət hüququ, alqı-satqısı və sığortalanması mexanizmlərinin yaradılması, onların nəsildən-nəsilə varisliyinin təmin olunması və s. kimi istiqamətlərdə beynəlxalq təcrübənin öyrənilməsi və milli hüquq sisteminə adaptasiyası zamanın tələbidir.

Xüsusilə deepfake texnologiyalarının sürətlə yayılması cəmiyyət üçün ciddi risklər və təhlükələr yaradır. Foto, video və audio materialların saxtalaşdırılması, fərdi biometrik məlumatların manipulyasiyası genişmiqyaslı kibercinayətkarlıq əməllərinə yol açır. Bu kibertəhlükələr vətəndaşlara məxsus bank kartlarına müdaxilələrdən tutmuş şəxsi nüfuzun zədələnməsinə, uşaqların təhlükəsizliyinə olan təhdidlərə qədər müxtəlif sahələri əhatə edir. Uşaqların rəqəmsal mühitdə zərərli kontentlərdən qorunması istiqamətində cənab İlham Əliyev tərəfindən 27 fevral 2026-cı il tarixində imzalanmış müvafiq sərəncam bu sahədə atılmış mühüm qabaqlayıcı addımlardan biridir.

Bundan əlavə, süni intellekt texnologiyaları və məhsulları tərəfindən generasiya olunan saxta məlumatlar ictimai rəyə təsir göstərməklə yanaşı, hüquqi normaların və münasibətlərin də təhrif olunmasına səbəb olur. Bu baxımdan, Cinayət Məcəlləsinə ediləcək dəyişikliklər süni intellekt texnologiyaları vasitəsilə həyata keçirilən kibercinayətlərlə mübarizənin hüquqi statusunu və çərçivəsini daha dəqiq müəyyənləşdirəcək. Həmçinin rəqəmsal aləmlə bağlı zəruri hüquqi mexanizmlərin gücləndirilməsi cəmiyyətdə süni intellekt texnologiyalarına olan etimadı və güvəni artırır, bu texnologiyaların tətbiqinə ictimai dəstəyi formalaşdırır. 

Bu proseslərin ardıcıl, sistemli və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi, qabaqlayıcı addımların atılması, rəqəmsal ekspertiza və kriminalistik təminat mexanizmlərinin inkişaf etdirilməsi ölkəmizdə dayanıqlı, təhlükəsiz və hüquqi rəqəmsal dövlətin formalaşmasına təkan verəcəkdir. Heç şübhəsiz ki, strateji əhəmiyyətli belə bir konseptual yanaşma həm cəmiyyətin bütün təbəqələrinin maraqlarına, həm də dövlətin təhlükəsizliyinə və kibersuverenliyinin möhkəmləndirilməsinə xidmət edəcəkdir.

- Müasir dövrdə çox müxtəlif mənbələrdən generasiya olunan məlumatların milli resurs kimi idarə olunması nə üçün vacibdir və Azərbaycanda data ekosisteminin qurulması hansı çağırışlardan irəli gəlir?

- Əvvəlki suallarda data ilə bağlı müxtəlif məqamlara toxunulsa da, xüsusi olaraq qeyd etmək lazımdır ki, ölkənin bütün ərazisini, cəmiyyətin bütün üzvlərini, qurumları və təşkilatları əhatə edən telekommunikasiya və şəbəkə infrastrukturlarının inkişafı təkcə onlayn ünsiyyət və digər texnoloji imkanların genişləndirilməsinə deyil, eyni zamanda vahid rəqəmsal platformada formalaşan data resursların süni intellekt texnologiyaları və agentləri üçün əlçatan, sistemli və istifadəyə yararlı hala gətirilməsinə, onlardan keyfiyyətli və obyektiv biliklərin əldə olunmasına xidmət etməlidir. Bu zəruri tədbirlərin həyata keçirilməsi "Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası"nda müəyyən edilmiş prioritetlərdə öz əksini tapmışdır. 

Bu kontekstdə ilk növbədə vətəndaşlara mənsub fərdi məlumatların qorunması məsələsi aktuallaşır. Belə ki, müxtəlif qurumlar tərəfindən toplanan data resurslarında fərdi məlumatların mühafizəsinə dəstək verən texnoloji, təşkilati-hüquqi və s. mexanizmlərin formalaşdırılması ilə bağlı müəyyən problemlərin həlli məsələləri meydana çıxır. 

Eyni zamanda müxtəlif fəaliyyət sahələrində - səhiyyə, bank-maliyyə, nəqliyyat, peyk və seysmoloji müşahidələr, ətraf mühit, təbii proseslər və digər istiqamətlər üzrə generasiya olunan ilkin, emal olunmamış data resursların toplanması, etibarlı saxlanılması, intellektual emal olunması və idarə edilməsi, rəqəmsal dövlətin əsas dayaqlarından biri kimi milli data suverenliyinin təmin olunması üçün elmi-konseptual yanaşmaya əsaslanan araşdırmaların aparılmasına böyük ehtiyac vardır. Təəssüf ki, çox müxtəlif obyektiv, bəzi hallarda subyektiv səbəblərdən bəzi qurumlar və təşkilatlarda data resurslara münasibət sistemli xarakter daşımır, texnoloji baza zəifdir, məlumatlar qısamüddətli saxlanılır və ya sonradan silinir. Halbuki istənilən fəaliyyət sahəsində yaranan data resursları, xüsusən də insan sağlamlığı, iqtisadiyyat, cəmiyyətin idarə olunması və digər strateji əhəmiyyətli obyektlərlə bağlı məlumatlar dövlətin dayanıqlı və davamlı inkişafı, insanların sosial rifahının yüksəldilməsi üçün çox böyük dəyərə malik milli resurs kimi qiymətləndirilməlidir.

Məhz bu səbəbdən ölkədə rəqəmsal inkişaf sahəsində aparılan dövlət siyasətinin əsas hədəflərindən biri də elmi cəhətdən əsaslandırılmış, möhkəm dayaqlar üzərində qurulacaq milli data ekosisteminin formalaşdırılmasıdır. Burada məqsəd hər bir qurumun ayrıca data və superkompüter mərkəzi yaratması deyil, çünki bu, həm maliyyə baxımından, həm texnoloji, həm də menecment, kibertəhlükəsizliyin təmin olunması cəhətdən səmərəsiz hesab olunur. Ona görə də burada əsas hədəf müvafiq mərkəzi hakimiyyət orqanlarının nəzarətində olan, yüksək səviyyədə qorunan və superkompüterlərin infrastrukturunun enerji və kibertəhlükəsizlik tələblərinə tam cavab verən, data itkisinə yol verməyən milli data mərkəzlərin yaradılmasıdır. 

- Rasim müəllim, müasir rəqəmsal çağırışlar fonunda Azərbaycan dilinin qorunması və onun texnoloji mühitə inteqrasiyasının strateji əhəmiyyəti nədən ibarətdir?

- Hələ 1978-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və məlum məhdudiyyətlər şəraitində qətiyyətli mövqeyi ilə Azərbaycan Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi bu sahədə tarixi dönüş nöqtəsi oldu. Həm Ümummilli Liderin hakimiyyəti illərində, həm də Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi müasir dövrdə Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi davam etdirilib. Dövlət başçısı Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində çıxışında Azərbaycan dilini təkcə mədəniyyət hadisəsi deyil, həm də milli təhlükəsizlik məsələsi kimi dəyərləndirib. Bu mövqe Prezidentin yerli televiziya kanallarına verdiyi müsahibələrdə də ifadə olunub: "Biz bu gün Azərbaycan dilimizi qorumasaq, sabah dövlət olaraq da itirə bilərik, çünki dil dövlətçiliyin və milli kimliyin əsas atributlarından biridir".

Heç şübhəsiz ki, müasir dövrdə bu yanaşma rəqəmsal müstəvidə də davam etdirilməli və inkişafı təmin olunmalıdır. Azərbaycan dili artıq yalnız cəmiyyətin gündəlik və rəsmi ünsiyyət dili kimi deyil, eyni zamanda virtual məkanda, texnoloji platformalarda əsas rəqəmsal kommunikasiya vasitəsi kimi əhəmiyyətli mövqeyə malik olmalıdır. Başqa sözlə, Azərbaycan dili süni intellekt, təbii dilin emalı, sosial şəbəkələr və digər rəqəmsal platformalar üçün tam funksional, emal oluna bilən rəqəmsal dilə çevrilməlidir.

Əlbəttə ki, bu istiqamətdə görüləcək kompleks işlər ardıcıl, sistemli elmi-praktiki yanaşma tələb edir. Bununla əlaqədar olaraq, dövlət başçısı tərəfindən digər qurumlarla yanaşı, AMEA-ya da bu məsələ ilə bağlı konkret tapşırıqların verilməsi təsadüfi deyil. Azərbaycanın yeni rəqəmsal arxitekturasının qurulması kontekstində təbii Azərbaycan dili ilə yanaşı, rəqəmsal Azərbaycan dilinin formalaşdırılması, onun bütün funksional imkanları və xidmətlərini əhatə edən onlayn platformada vahid linqvistik ekosistemin yaradılması zəruridir.

Bu linqvistik ekosistem çərçivəsində Azərbaycan dilinin terminologiyası, orfoqrafiyası, orfoepiyası, dialektologiyası və digər servisləri rəqəmsal dövlət arxitekturasının üzvü tərkib hissəsinə çevrilməlidir. Bu isə rəqəmsal platformada insan-kompüter və kompüterlər arası qarşılıqlı əlaqəsinin Azərbaycan dili vasitəsilə qurulması, robot və digər "ağıllı" sistemlərin virtual mühitdə sosiallaşaraq Azərbaycan dilində ünsiyyət imkanlarının genişlənməsi, həmçinin Azərbaycan dilindən digər dillərə tərcümələrin keyfiyyətinin yüksəldilməsinə imkan verəcəkdir. Eyni zamanda dilin semantik, emosional və digər aspektlərinin rəqəmsal texnologiyaların köməyi ilə reallaşdırılması nəticəsində dezinformasiya ilə mübarizədə, kibertəhlükəsizliyin təmin edilməsində də geniş imkanlar yaradacaqdır.

Beləliklə, Azərbaycan dili təkcə ana dili deyil, həm də rəqəmsal texnologiyaların, süni intellektin dili olacaqdır. Rəqəmsal dövlət mühitində bu təşəbbüslər və ideyalar reallaşacağı halda, dilin qorunması və inkişafı ilə yanaşı, linqvistik suverenlik daha da möhkəmlənəcək, qlobal informasiya məkanında dünya xalqlarının dillərinə kibertəhdidlərə qarşı effektiv mübarizə üçün geniş imkanlar açacaqdır.

Müsahibəni apardı:

Elşən QƏNİYEV,

"Azərbaycan"

Seçilən
16
5
azerbaijan-news.az

6Mənbələr