AZ

Çin mediası: ABŞ-İran atəşkəsi güc toplamaq vasitəsinə çevrilməməlidir

BAKI, 9 aprel. TELEQRAF

ABŞ, İsrail və İran arasında əldə olunan müvəqqəti atəşkəs tərəflər üçün hərbi güc toplamaq imkanı kimi qiymətləndirilməməlidir.

Teleqraf xəbər verir ki, bu barədə Çin nəşri “Global Tayms” hökumətdəki mənbələrə istinadən məqaləsində yazıb.

Məlumata görə, nəşr tərəfləri iki həftəlik atəşkəs dövründən maksimum istifadə edərək qısamüddətli razılaşmanı uzunmüddətli sülhə çevirməyə çağırıb.

Qeyd olunur ki, əsas sınaq tərəflərin danışıqlarda səmimiyyət nümayiş etdirib-etdirməyəcəyidir. Məqalədə vurğulanır ki, əgər atəşkəs yalnız vaxt qazanmaq və hərbi potensialı artırmaq üçün “taktiki fasilə” kimi istifadə olunarsa, münaqişə istənilən an yenidən kəskinləşə bilər.

Nəşr həmçinin bildirir ki, tərəflər danışıqlar prosesində bir-birinin maraqlarını nəzərə almalı və hər hansı mərhələni “təslim olma” və ya “məğlubiyyət” kimi təqdim etməməlidir.

Bildirilib ki, beynəlxalq ictimaiyyət də bu fürsətdən istifadə edərək daha geniş razılaşma üçün ortaq mövqe formalaşdırmalı və regionda gərginliyin azaldılmasına töhfə verməlidir.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp aprelin 7-də İranla iki həftəlik qarşılıqlı atəşkəs elan edib və tərəflər yaxın günlərdə danışıqlar aparmağa hazırlaşır.

Seçilən
15
teleqraf.com

1Mənbələr