AZ

Özünüməşğulluq – kiçik biznesə keçidə dəstək

Azərbaycanda özünüməşğulluq proqramı çərçivəsində kiçik bizneslərin qurulması sosial müdafiə mexanizmi, həm də iqtisadi inkişaf aləti kimi çıxış edərək aztəminatlı ailələrin aktiv iqtisadi fəaliyyətə cəlb olunmasına və gəlir imkanlarının artırılmasına xidmət edir. Prezident İlham Əliyevin tapşırığı ilə icra edilən proqram məşğulluğun təmin olunması ilə yanaşı, işsiz və işaxtaran şəxslərin kiçik biznesə çıxış imkanlarına dəstək verir.

Ötən il daha 16,8 min şəxs kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib. Dövlətimizin başçısı bu il yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib: “Biz bir neçə ildir ki, özünüməşğulluq proqramı ilə məşğuluq, əgər belə demək mümkündürsə və 100 mindən çox insan bu proqramla əhatə olunub”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan özünüməşğulluq proqramı ənənəvi sosial yardım yanaşmasından fərqli olaraq vətəndaşlara gəlir yaradan fəaliyyət imkanı verir. Bu baxımdan proqram sosial asılılığın azaldılması və iqtisadi fəallığın artırılması məqsədi daşıyır. Rəsmi yanaşmaya görə, proqram iştirakçılarına birbaşa pul vəsaiti deyil, biznes planlarına uyğun avadanlıq, mal-materiallar formasında aktivlər təqdim olunur ki, həmin aktivlər hesabına onlar kiçik ailə təsərrüfatları qururlar.

Proqrama cəlb olunanların sayı son illərdə, təqribən, 15 dəfə artaraq 16 mini ötüb. Keçən il daha 16 min 827 şəxs proqrama cəlb edilib. Cari ildə də İşsizlikdən Sığorta Fondunun vəsaiti hesabına 8 min, Dünya Bankı layihəsi çərçivəsində 7 min nəfər olmaqla, ümumilikdə, 15 min ailənin özünüməşğulluq proqramına cəlb edilməsi nəzərdə tutulub. Proqramın ilk mərhələsində benefisiarlar üçün təşkil olunan təlimlərdə onlara kiçik ailə təsərrüfatlarının düzgün idarə edilməsi, inkişafı, bizneslərin təşkili ilə bağlı bilik və bacarıqlar aşılanır.

Təlimləri uğurla bitirənlərə kənd təsərrüfatı, istehsal və xidmətyönümlü kiçik təsərrüfatlar qurmaq üçün biznes planlarına uyğun aktivlər verilir. Nəticədə, işsiz və işaxtaran şəxs artıq kiçik təsərrüfat sahibinə çevrilir və öz zəhməti ilə gəlir imkanları qazanır. Bu baxımdan proqram sosial asılılığın azaldılması və iqtisadi fəallığın artırılması məqsədi daşıyır və sosial siyasətin iqtisadi alətlərlə inteqrasiyasının uğurlu nümunəsidir.

Proqramın əhatə etdiyi iqtisadi fəaliyyət sahələri əmək bazarının tələbləri əsasında genişləndirilir. Ötən il bu sıraya daha 5 fəaliyyət istiqaməti (“Qəssab dükanı”, “Kotançılıq”, “Özünəxidmət avtoyuma”, “Avtodəmirçi və PDR (zədələrin boyasız təmiri) xidmətləri”, “Avtorazval xidmətləri”) əlavə olunub. Beləliklə, hazırda proqram çərçivəsində iştirakçılara kənd təsərrüfatı və istehsal-xidmətyönümlü 30-dan çox iqtisadi fəaliyyət sahəsi üzrə aktivlər verilir. Eyni zamanda, təklif edilən digər zərflərdə dəyişiklik edilərək daha da təkmilləşdirilib.

Özünüməşğulluq proqramının genişlənməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra edilən “Məşğulluğa Dəstək Layihəsi” əhəmiyyətli rola malikdir. Layihə çərçivəsində 26,7 min şəxs üçün kiçik təsərrüfatlar yaradılıb. 2025-2029-cu illəri əhatə edəcək 2-ci mərhələ isə 30 min şəxsə şamil olunacaq.

Özünüməşğulluq proqramı sosial müdafiə tədbiri olmaqla yanaşı, həm də qeyri-neft sektorunun inkişafına xidmət edən real iqtisadi mexanizmdir. Proqram çərçivəsində bölgələrdə yaradılan kiçik ailə təsərrüfatları regionlarda yerli iqtisadiyyatın canlanmasına və kənd yerlərində məşğulluğun artmasına müsbət təsir edir. Kənd yerlərində qurulan kiçik təsərrüfatlar, xidmət obyektləri və mikroistehsal sahələri yerli resurslardan istifadə etməklə əlavə dəyər yaradır. Məsələn, heyvandarlıq, əkinçilik, arıçılıq və ya qida istehsalı ilə məşğul olan şəxslər həm daxili tələbatı ödəyir, həm də məhsulu bazara çıxarmaqla region daxilində ticarət əlaqələrini gücləndirirlər. Bu isə kənd iqtisadiyyatının dayanıqlı olmasına dəstək verir.

Eyni zamanda, proqram çərçivəsində yaradılan iş imkanları kənd yerlərindən şəhərlərə miqrasiyanın qarşısının alınmasına təsir edir. İnsanların yaşadıqları ərazilərdə gəlir əldə etmək imkanlarının genişlənməsi sosial sabitliyi möhkəmləndirir, ailə büdcələrinin dayanıqlılığını artırır. Xüsusilə aztəminatlı ailələr üçün bu, sosial yardımdan asılılığın azalması və aktiv iqtisadi subyektə çevrilmək imkanı deməkdir.

Digər mühüm məqam isə regionlarda sahibkarlıq mühitinin formalaşmasıdır. Özünüməşğulluq proqramı çərçivəsində vətəndaşların biznes planlaşdırma, maliyyə idarəetməsi və bazar münasibətləri ilə bağlı bilik və bacarıqlar əldə etməsi uzunmüddətli perspektivdə yerli sahibkar təbəqəsinin genişlənməsinə səbəb olur. Bu da regionların iqtisadi müstəqilliyini və rəqabət qabiliyyətini artırır. Proqram regionlarda kiçik bizneslərin təşkili vasitəsilə yalnız məşğulluq problemini həll etmir, həm də yerli iqtisadiyyatın strukturunun gücləndirilməsinə, sosial rifahın yüksəldilməsinə və davamlı inkişafın təmin olunmasına töhfə verir.

İşğaldan azad edilmiş ərazilərdə də özünüməşğulluq proqramı uğurla icra edilir. Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdların dönən sakinlərlə nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən görüşlər keçirilir, onların məşğulluq imkanları qiymətləndirilir və hansı fəal məşğulluq proqramlarına cəlb olunacaqları əvvəlcədən müəyyən edilir. Artıq doğma yurd yerlərinə köçürülən 800-ə yaxın şəxsə mal və materiallar formasında aktivlər verilərək onlar üçün kiçik bizneslər yaradılıb.

Eyyub KƏRİMLİ,
iqtisadçı

Azərbaycanda özünəməşğulluq proqramının icrasını qiymətləndirərkən ona həm iqtisadi, həm də sosial siyasət aləti kimi yanaşmalıyıq. Belə ki, bu proqram klassik

sosial yardım modelindən fərqli olaraq aktiv məşğulluq siyasəti kimi çıxış edir. Hesab edirəm ki, bu, kiçik sahibkarlığın inkişafıdır. Belə ki, proqram əsasən işsizliyin aradan qaldırılmasına, aztəminatlı şəxslərin kiçik biznes qurmasına vəsilə olur, iqtisadi baxımdan əlavə dəyər yaradır, vergi bazasını genişləndirir. Həmçinin vergi ödəyicilərini və işəgötürənlərin sayını artırır. Həmin şəxslərin çox hissəsi, bəzən 70 faizi biznes sahəsini inkişaf etdirir. Bu da həmin proqramların uzunmüddətli dayanıqlılığını, sabitliyini təmin edir, yoxsulluğun azaldılmasına ciddi təsir göstərir.

Bu proqram ən çox həssas qruplara yönəldilib. Belə yanaşma onlarda motivasiya və gəlir əldə etmək vərdişləri yaradır. Proqram özündə inklüzivliyi əks etdirir, yəni burda həm əlil olan şəxslər, şəhid ailələri, həm də işsiz şəxslər iştirak edir. Ən başlıcası, bu cür şəxslərin dövlətdən asılılığı azalır, yardım alandan gəlir qazanan modelə keçid yaradır. Sahibkarlıq mədəniyyətinin formalaşmasına təsir göstərir, dövlətin sosial müdafiə yükünü azaldır, eyni zamanda, iqtisadi artımı stimullaşdırır. Əlbəttə ki, bu proqramın da müəyyən çatışmazlıqları var. Bəzən proqramdan yararlananlar öz bizneslərini yarımçıq saxlayırlar. Bu da çox vaxt onların biznes vərdişlərinin az olması ilə bağlı olur. Onların daha çox maarifləndirilməsinə, təlimlərin keçirilməsinə ehtiyac olur. Hesab edirəm ki, bu iqtisadi baxımdan mikrosahibkarlığı və məşğulluğu artıran effektiv mexanizm, sosial baxımdan yoxsulluğun azalması və inkişaf aləti, strateji baxımdan isə passiv sosial yardımdan fəal əmək bazarına keçid modelidir.

Mustafa KAMAL
XQ

Seçilən
19
1
xalqqazeti.az

2Mənbələr