AZ

“Ağdaban qətliamı” sadəcə bir yaşayış məntəqəsinin dağıdılması deyildi, tarixi kökün kəsilməsinə bir cəhd idi...

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Tarixin bəzi səhifələri var ki, onları oxumaq çətin olsa da unutmaq mümkün deyil. Çünki bu səhifələrdə təkcə faktlar yox, insan taleləri, yarımçıq qalan həyat hekayələri qazılıb. Ağdaban da məhz belə yaddaşlardan biridir danışdıqca ağırlaşan, haqqında susa bilməyəcəyimiz bir həqiqətdir.

Bu gün “Ağdaban qətliamı”nın ildönümüdür. 1992-ci ilin 8 aprelində Kəlbəcərin Ağdaban kəndi silahlı hücuma məruz qaldı, kənd tamamilə yandırıldı, onlarla insan qətlə yetirildi, yüzlərlə sakin isə didərgin düşdü. 130-dan çox ev, məktəb, kitabxana və digər sosial obyektlər məhv edildi.

Ağdaban faciəsi sadəcə bir yaşayış məntəqəsinin dağıdılması deyildi. Bu həm də bir kəndin yaddaşının silinməsi cəhdi idi.

Ağdabanda təkcə insanlar hədəfə alınmamışdı, eyni zamanda mədəniyyət də hədəfdə idi. Düşmən tarixi məhv etməyə çalışmışdı. Kəndin kitabxanasında saxlanılan nadir əlyazmalar, aşıq sənətinə aid materiallar, qısası böyük bir tarix elə bir gecədə yandırılıb kül edildi. Bu faciə, Ağdabanın fiziki olmaqla yanaşı həm də mənəvi məhv edilməsi idi.

Xatırladaq ki, Azərbaycan tarixində belə ağrılı hadisələr az deyil. 30 il ərzində Azərbaycan müxtəlif faciələrə, qətliamlara, soyqırımlara məruz qalıb. Xocalı soyqırımı, Qaradağlı faciəsi, Ballıqaya qətliamı kimi hadisələr xalqımızın yaddaşından heç bir zaman silinməyəcək. Amma Ağdaban faciəsinin fərqi ondadır ki, bu hadisə zamanı bir kəndi tarixdən silməyə cəhd edilmişdi.

Uzun illər bütün faciələrə, soyqırımlara sinə gərmiş bir xalq kimi “onlarla insan öldürüldü”, “yüzlərlə ev yandırıldı” deyərək sakitləşmək mümkün deyil. İllər keçəcək Ağdaban faciəsi heç bir zaman unudulmayacaq. Bu gün torpaqlarımız işğaldan azad edilib,qələbə çalmış bir xalq olaraq nə qədər qürurlu olsa da, yaralarımızı unutmuruq. Çünki Ağdabanı xatırlamaq yalnız keçmişə baxmaq deyil. Bu, həm də gələcəyə mesajdır.

Reallıq budur ki, unudulan faciələr təkrar olunur. Əsla yaddaşlardan silinməyənlər isə, tarixə dərs kimi yazılır.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
bizimyol.info

1Mənbələr