Berlin, 8 aprel, AZƏRTAC
Avropa İttifaqının, Avropanın bir sıra ölkələrinin, eləcə də Yaponiyanın liderləri Amerika Birləşmiş Ştatları (ABŞ) ilə İran arasında ikihəftəlik atəşkəsin əldə olunması ilə bağlı birgə bəyanat yayıblar.
AZƏRTAC xəbər verir ki, birgə bəyanatda ABŞ ilə İran arasında atəşkəsin əldə edilməsi alqışlanıb, bu mühüm razılaşmanın əldə olunmasına vasitəçilik etdiyinə görə Pakistana və iştirak edən bütün tərəfdaşlara təşəkkür ifadə edilib.
Liderlər bildiriblər ki, indi əsas məqsəd qarşıdakı günlər ərzində müharibəyə sürətli və davamlı son qoyulması üçün danışıqlar aparmaq olmalıdır. Bu isə yalnız diplomatik vasitələrlə mümkün ola bilər:“Biz məzmunlu və nəticəyönümlü danışıqlar üzrə sürətli irəliləyişi qətiyyətlə təşviq edirik. Bu, İranın mülki əhalisinin qorunması və regionda təhlükəsizliyin təmin olunması baxımından həlledici əhəmiyyət daşıyır. Bu, ciddi qlobal enerji böhranının qarşısını ala bilər. Biz bu diplomatik səyləri dəstəkləyirik. Bu məqsədlə ABŞ və digər tərəfdaşlarla sıx təmasdayıq. Bütün tərəfləri, o cümlədən Livanda da atəşkəsə riayət etməyə çağırırıq. Hökumətlərimiz Hörmüz boğazında gəmiçiliyin azadlığının təmin olunmasına töhfə verəcək”.
Qeyd edək ki, bəyanatı Fransa Prezidenti Emmanuel Makron, İtaliyanın Baş naziri Corcia Meloni, Almaniya Kansleri Fridrix Merts, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Kanadanın Baş naziri Mark Karni, Rumıniya Prezidenti Klaus İohannisin, Danimarkanın Baş naziri vəzifəsini icra edən Mette Frederiksen, İslandiyanın Baş naziri Kristrun Frostadottir, Niderlandın Baş naziri Rob Yette, İsveçin Baş naziri Ulf Kristersson, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis, İspaniyanın Baş naziri Pedro Sançes, Norveçin Baş naziri Yonas Qar Stören, Finlandiya Prezidenti Aleksandr Stubb, Yaponiyanın Baş naziri Sanae Takaçi, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen və Avropa Şurasının Prezidenti Antonio Koşta ünvanlayıblar.