"Apple" korporasiyası iPhone smartfonlarını "yenidən düşünmək" üçün üç mərhələdən ibarət planını işə salıb.
Redaktor.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyinin nüfuzlu insayderi Mark Qurman məlumat verib.
Qurmanın məlumatına görə, ABŞ-ın İT nəhəngi hələ 2025-ci ilin sonunda şirkətin əsas məhsulunun faktiki olaraq yenidən icad edilməsini nəzərdə tutan üçillik planı start verib. Bu plan çərçivəsində "Apple" artıq yeni dizaynlı iPhone 17 Pro və tamamilə yeni, ultra-nazik gövdəli iPhone Air modelini təqdim edib.
Bir ildən sonra 2026-cı ilin sentyabrında şirkət özünün ilk qatlanan smartfonunu buraxacaq. Mark Qurman qeyd edib ki, "Apple üçün bu cihaz üçillik planın ikinci addımıdır". Nəhayət, üçüncü addım isə "Apple"ın ilk smartfonunun buraxılmasının 20 illiyi münasibətilə işıq üzü görəcək yubiley model iPhone 20 olacaq.
Sonda Qurman bildirib ki, qatlanan iPhone rəqib məhsullara bənzəsə də, onlarla müqayisədə bir neçə əsas üstünlüyə malik olacaq. Belə ki, cihaz daha davamlı gövdə və qat izi minimuma endirilmiş ekranla təchiz ediləcək. Ekspertin proqnozuna görə, qatlanan smartfonun qiyməti 2000 dollardan yuxarı olacaq ki, bu da bəzi istehlakçıları alışdan çəkindirə bilər.