AZ

Ermənistanla sülh Bakı-Tiflis əməkdaşlığına yeni imkan açdı - hansı proqnoz doğrulmadı...



Bəhruz Quliyev: “Bakı ilə İrəvan arasında mümkün normallaşma prosesi Gürcüstanın rolunu azaltmır, əksinə...”

Məlumdur ki, Ermənistanla sülh danışıqları fonunda bir sıra qüvvələr sülhün və gələcəkdə İrəvanla iqtisadi əlaqələrin bərpasının Gürcüstana neqativ təsir göstərə biləcəyinə dair iddialarla çıxış edirdilər. İddia edilirdi ki, Gürcüstanın Azərbaycana marağı azalıb, bu ölkənin əvvəlki əhəmiyyəti azalacaq və s.

Ancaq Prezident İlham Əliyevin Tbilisidə yüksək səviyyədə qarşılanması bu fikirlərin üzərindən xətt çəkdi və gələcəkdə münasibətlərin daha da inkişaf edəcəyini bir daha göstərdi.

Prezident Əliyevin Tbilisidə çıxışı zamanı toxunduğu məqamlar da bunu təsdiqləyir: “Orta Dəhliz Azərbaycan və Gürcüstan ərazisindən keçir və bu, bizim üçün əsas nəqliyyat damarıdır. Bunu genişləndirmək üçün əlavə səylər də göstərilir və göstəriləcək”.

Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən “SƏS” qəzetinin baş redaktoru, politoloq Bəhruz Quliyev buna bir neçə prizmadan yanaşdı: “Ermənistanla aparılan sülh danışıqları fonunda regionda yeni geosiyasi reallıqların formalaşdığı bir dövrdə bəzi dairələrin Azərbaycan-Gürcüstan münasibətlərinin zəifləyəcəyi ilə bağlı səsləndirdiyi iddialar özünü doğrultmadı. Əksinə, Prezident İlham Əliyevin Tbilisiyə son səfəri və orada ən yüksək səviyyədə qarşılanması bir daha göstərdi ki, Bakı-Tbilisi xətti regionun əsas strateji dayaqlarından biri olaraq qalır və bu münasibətlər hər hansı üçüncü tərəfin təsirindən kənarda, qarşılıqlı milli maraqlar əsasında inkişaf edir. Bu gün artıq aydın görünür ki, Azərbaycanla Ermənistan arasında mümkün normallaşma prosesi Gürcüstanın rolunu azaltmır, əksinə, regionda sabitliyin və əməkdaşlığın genişlənməsi fonunda Tbilisinin əhəmiyyətini daha da artırır. Çünki Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması bütün kommunikasiya xətlərinin açılmasını, iqtisadi inteqrasiyanın dərinləşməsini şərtləndirir və bu prosesdə Gürcüstan əsas tranzit və tərəfdaş ölkə olaraq öz mövqeyini qoruyur”.

Politoloqun fikrincə, Prezident İlham Əliyevin “Orta Dəhliz Azərbaycan və Gürcüstan ərazisindən keçir və bu, bizim üçün əsas nəqliyyat damarıdır” fikri təsadüfi deyil: “Bu bəyanat əslində regionun gələcək iqtisadi arxitekturasının konturlarını müəyyənləşdirir. Orta Dəhliz yalnız bir nəqliyyat marşrutu deyil, eyni zamanda Avropa ilə Asiyanı birləşdirən strateji iqtisadi platformadır və burada Azərbaycanla Gürcüstanın rolu əvəzolunmazdır. Bu gün Bakı ilə Tbilisi arasında enerji, nəqliyyat, logistika və ticarət sahələrində qurulan möhkəm əməkdaşlıq modeli artıq beynəlxalq səviyyədə nümunə kimi qəbul edilir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi layihələr, eləcə də dəmir yolu və liman infrastrukturu iki ölkənin qarşılıqlı asılılığını və strateji tərəfdaşlığını daha da möhkəmləndirib. Bütün bunların fonunda bəzi ekspert dairələrinin Gürcüstanın Azərbaycana marağının azalacağı ilə bağlı səsləndirdiyi fikirlər daha çox siyasi manipulyasiya xarakteri daşıyır və reallıqdan uzaqdır. Əksinə, regionda yeni əməkdaşlıq imkanlarının yaranması həm Azərbaycan, həm də Gürcüstan üçün əlavə iqtisadi dividentlər vəd edir. Hesab edirəm ki, Azərbaycan-Gürcüstan münasibətləri yalnız bu günün deyil, həm də gələcəyin strateji əməkdaşlıq modelidir. Prezident İlham Əliyevin Tbilisi səfəri isə bu münasibətlərin sarsılmaz olduğunu və gələcəkdə daha da dərinləşəcəyini açıq şəkildə nümayiş etdirdi”.

Vidadi ORDAHALLI

Seçilən
12
baki-xeber.com

1Mənbələr