Eyni zamanda, İranın Ali Dini Lideri Əli Xameneinin vəfatı ilə bağlı Azərbaycanın göstərdiyi həssas münasibət xüsusi vurğulanmalıdır. Bu hadisə ilə əlaqədar olaraq ilk başsağlığı verən və İran səfirliyini ziyarət edən dövlət başçısı məhz Azərbaycan Prezidenti oldu. Bununla yanaşı, Azərbaycan İran üçün humanitar sahədə də fəal dəstək nümayiş etdirdi. Rəsmi Bakı tərəfindən humanitar yardımların göndərilməsi çətin vəziyyətdə olan İran xalqına real dəstək olmaqla yanaşı, iki xalq arasında mövcud olan tarixi və mədəni bağların gücünü də bir daha təsdiqlədi. Atəşkəs elan edildikdən sonra İranı təbrik edən ilk liderin də Azərbaycan Prezidenti olması xüsusi diqqət çəkir. Dövlətimizin başçısı atəşkəslə bağlı təbriklərini çatdırıb. Məsud Pezeşkian bu təbriklərə və ölkəmizin İrana göstərdiyi humanitar yardıma görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Bu, rəsmi Bakının ardıcıl və məqsədyönlü siyasətinin nəticəsidir. Azərbaycan hər zaman regionda sabitliyin, əməkdaşlığın tərəfdarı kimi çıxış edib və bu mövqeyindən geri çəkilməyib. Bakı bu gün də tərəfləri mövcud məsələlərin həlli istiqamətində və qarşılıqlı etimadın yaradılmasına yönəlmiş məhsuldar dialoqa çağırır. Azərbaycan hər zaman regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləməyə hazırdır.
Reallıq ondan ibarətdir ki, Azərbaycan hər zaman qonşusuna qarşı dost münasibəti sərgiləyib və bu siyasət dəyişməz olaraq qalır.
Bu xüsusda İranda ölkəmizə qarşı əsassız ittihamlara yer yoxdur. Regionda davamlı sülh və əməkdaşlıq yalnız qarşılıqlı etimad, konstruktiv dialoq əsasında mümkündür. Azərbaycan isə bu istiqamətdə öz mövqeyini və prinsipial yanaşmasını bir daha açıq şəkildə nümayiş etdirdi".