AZ

Atəşkəs neftin qiymətini “vurdu”: durum Azərbaycan üçün nə vəd edir? – ilginc açıqlamalar

ABŞ prezidenti Donald Trampın İranla iki həftəlik atəşkəs barədə razılıq əldə olunduğunu açıqlamasından dərhal sonra dünya birjalarında neftin qiymətində kəskin ucuzlaşmalar müşahidə olunub.Musavat.com-un məlumatına görə, aprelin 8-də “Brent” markalı neftin bir barelinin qiyməti 15,58 dollar və ya 13,3 faiz azalaraq 93,69 dollara enib. ABŞ-nin WTI markalı nefti isə 17,16 dollar və ya 15,2 faiz ucuzlaşaraq 95,79 dollar təşkil edib. Dünya neft tranzitinin təxminən 20 faizinin keçdiyi Hörmüz boğazının açılması sözsüz ki, ucuzlaşmanın davamını gətirəcək.

Bu günlərdə neftin qiymətində son illər üçün rekord rəqəm əldə olunmuşdu. Qiymətin 140 dolları üstələməsi idxalçı ölkələri xüsusilə qayğılandırırdı. Bahalaşmanın neft istehsalçısı olan ölkələrdən biri kimi, Azərbaycana gətirdiyi faydalarla yanaşı, qeyri-neft məhsullarının qiymətində artımların davam etməsi halında vəd etdiyi risklər də nəzərə alınır.

hq720-4-1.jpg

 İqtisadçı alim, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Musavat.com-a açıqlamasında bildirib ki, regionda stabillik, sülh Azərbaycanın həm iqtisadi, həm də strateji maraqlarına uyğundur: “İran müharibəsi başladıqdan sonra da Azərbaycan birmənalı şəkildə regionda sülhün əldə edilməsi və eyni zamanda danışıqların davam etdirilməsini dəstəkləyən ölkə idi. O baxımdan təbii ki, ABŞ ilə İran arasında atəşkəsin əldə edilməsi, regionda stabilliyin formalaşması Azərbaycanın maraqlarına uyğundur. Təbii ki, Azərbaycan eyni zamanda dünya bazarında neftin stabil qiymətində maraqlıdır. Əslində, kəskin artımlar həm də bir volatillik (dəyişkənlik mənasını verir-red.) formalaşdırır. Bu baxımdan volatillik əslində öncədən də gözləndiyi kimi, həm də sonrakı dövrdə qiymətlərin azalmasına gətirib çıxarır”. Deputat bir daha xüsusi vurğuladı ki, bu kontekstdən yanaşdıqda, Azərbaycan üçün stabil qiymətlər daha vacib idi: “Gözlənilirdi ki, İran müharibəsi başa çatdıqdan sonra neftin dünya bazarındakı qiymətində azalmalar olacaq və azalmalar elə ilk gündə də müşahidə olundu. Neftin dünya bazarında qiyməti təxminən 15 faizə yaxın azaldı”.

V.Bayramovun proqnozlarına görə, növbəti dövrdə qiymətlərin dəyişməsi həm Hörmüz boğazı vasitəsilə daşınan yüklərin əvvəlki kimi, maneəsiz daşınıb - daşınmaması, eyni zamanda, iki həftəlik atəşkəsdən sonra münasibətlərin hansı səviyyədə olmasından asılı olacaq: “Amma digər tərəfdən, burada neft təklifinin də xüsusi payı var. Çünki Körfəz ölkələrində neft hasilatı da azalır, üstəlik, dünya bazarına çıxarılan neftin həcmində azalmalar var. Bu da neftin qiymətinə təsir göstərir”.

İqtisadçı bildirdi ki, mövcud qiymət Azərbaycan və eləcə də digər neft hasilatı ilə məşğul olan və ixracatçı ölkələr üçün məqbuldur: “Ümumiyyətlə, qiymətləndirmələr göstərir ki, neftin 1 barelinin 80 dollar ətrafında dəyişməsi həm istehsalçı, həm istehlakçı ölkələr üçün məqbul qiymətdir. Ona görə də Azərbaycan və eyni zamanda digər istehsalçı ölkələr üçün məhz 1 barel neftin qiymətinin 80 dollar olması praktik olaraq həmin dövlətlərin valyuta gəlirlərinin qorunub - saxlanmasına, dünya bazarında qiymət artımlarının qarşısının alınmasına və istehsal xərclərinin optimallaşdırılmasına imkan yaradır. Bu kontekstdə təbii ki, neftin dünya bazarı qiyməti 80 dollar intervalında stabilləşərsə, bu, təbii ki, neft hasil edən ölkələr üçün məqbul qiymət hesab olunacaq”.

Elşad Paşasoy,

Musavat.com

Seçilən
53
1
musavat.com

2Mənbələr