ABŞ prezidenti Donald Tramp Livanın hazırkı atəşkəs razılaşmasına daxil edilmədiyini bəyan edib.
Musavat.com xəbər verir ki, PBS telekanalına müsahibə verən Tramp "Hizbullah" amilinə görə Livanı atəşkəs rejiminə daxil etmədiklərini və İranın bu vəziyyətdən xəbərdar olduğunu bildirib.

Eyni zamanda bölgədəki gərginliklə bağlı Pakistanın baş naziri Şahbaz Şərif də tərəflərə müraciət ünvanlayıb.
Şərif münaqişə zonasının bir neçə nöqtəsində atəşkəsin pozulması ilə bağlı xəbərlərin sülh prosesinin ruhuna xələl gətirdiyini qeyd edib:
"Mən səmimi qəlbdən bütün tərəfləri təmkinli olmağa və razılaşdırılmış iki həftəlik atəşkəs rejiminə əməl etməyə çağırıram ki, diplomatiya münaqişənin dinc yolla həllində aparıcı rol oynaya bilsin".

Fransa prezidenti Emmanuel Makron isə məsələyə fərqli prizmadan yanaşaraq, atəşkəsin mütləq şəkildə Livanı da əhatə etməli olduğunu vurğulayıb.
Makron "Hizbullah"ın İsrailə hücum edərək Livanı regional böhrana sürükləməsini "strateji səhv" adlandırıb. O, İsrailin zərbələrinin və Cənubi Livanın işğalının uzunmüddətli həll yolu olmadığını qeyd edərək, Livan silahlı qüvvələrinin öz ərazilərinə tam nəzarəti bərpa etməsi üçün onlara dəstəyin artırılmasının vacibliyini diqqətə çatdırıb.
Musavat.com