Ermənistandakı parlament seçkilərinə iki aydan da az vaxt qalır. Xüsusilə də baş nazir Nikol Paşinyanın Rusiyaya səfəri və prezident Vladimir Putinlə söz dueli 7 iyun parlament seçkilərinin hakimiyyət üçün heç də rahat keçməyəcəyini göstərdi. Bu ərəfədə Rusiyameyilli qüvvələrin revanşa hazırlaşması da Paşinyan komandası üçün xəbərdarlıqdır. Bu seçkilər həm də Rusiya ilə Qərbin İrəvan uğrunda mübarizəsi olacaq, Moskvadan Aİ və Aİİ arasında seçim etməyin zəruriliyi barədə xəbərdarlıqlar da bunun anonsudur.
Ermənistandakı prosesləri davamlı şəkildə izləyən ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı Musavat.com-a açıqlamasında gözləntilərini bölüşərkən bildirib ki, o, seçki ərəfəsində ölkədaxili gərginlik olacağını, hətta xaosu proqnozlaşdırır: “Bu seçki o birilərinə bənzəməyəcək. İndi faktiki olaraq Ermənistan cəmiyyəti iki qütbə ayrılıb. Rusiyadakı Putin - Paşinyan görüşündən sonra müxaliflər daha da ürəkləniblər. Rusiya açıq müdaxilə etməsə də, seçkidən sonra nə əldə edəcəyi üzərində işləyir”.
Q.Çaxmaqlı qeyd edib ki, hələlik Paşinyan tərəfdarları üstün mövqedə görünürlər: “Amma elə bir situasiya yarana bilər ki, bu mənzərə dəyişə bilər. Paşinyanın qələbəsinin seçki günü yeni xaotik durum yaratması da ehtimal olunur”. Ekspert N.Paşinyanın aradan götürülməsi planının olduğunu da iatisna etməyib: “Ermənistan terrorla və sui - qəsdlərlə yaşayan bir topluma sahibdir. Paşinyanı çox çətin günlər gözləyir. Öncə o, seçki dövründə əmin - amanlığı təmin etmək istiqamətində tədbirləri görməlidir”.
Elşad,
Musavat.com