Çempionlar Liqasında “Bavariya” səfərdə “Real Madrid”i 2-1 hesabı ilə məğlub edərək cavab oyunu üçün üstünlük qazanıb. Metbuat.az xəbər verir ki, oyuna start heyətdə başlayan Arda Gülerin oyunu İspaniyada müzakirə mövzusu olub. İspaniya mediası "Real Madrid" futbolçularının oyununu, Arda Gülerin yaxşı başlanğıcını və ötürmələri ilə yaratdığı təhlükəni vurğulayıblar. "Mundo Deportivo" bildirib ki, Arda "Real Madrid" üçün ən yaxşı ötürmələri verib. O, həmçinin qol vurmağa çox yaxın olub. "Sport" nəşrində dərc edilən xəbərə görə, Arda “Malyorka” matçında olduğu kimi Mbappeyə bir neçə yaxşı ötürmə verib. Amma 20-ci dəqiqədən sonra uğursuz oyun nümayiş etdirib. Xəbərdə deyilir ki, Arda fiziki və mövqe əldə etmək baxımından da geridə qalıb. Arda Gülerin bir neçə oyundur ki, formada olmadığı, onun 70-ci dəqiqədə Brahimlə əvəzləndiyi qeyd edilib. AS qəzetində isə qeyd edilir ki, Arda, əks-hücumlarda həll yolu axtararkən çox təcrid olunub. O, bir neçə həmlə etsə də, uğurlu olmayıb. Arda standart zərbələrdən təhlükə yaratmağa çalışıb, amma bu da işə yaramayıb.