AZ

Böyük bazarlıq başlayır - Tramp hansı bəndləri qəbul edəcək?

Xəbər verildiyi kimi, ABŞ-İran arasında əldə olunan 14 günlük atəşkəs çərçivəsində Tehran Vaşinqton qarşısında 10 bəndlik təkliflə çıxış edib. Artıq bunu Ağ Ev sahibi Donald Tramp da təsdiqləyib.

Həmin bəndləri bir daha xatırladırıq:

1. ABŞ, prinsipcə, İrana hücum etməyəcəyinə zəmanət verir,

2. İran Silahlı Qüvvələri ilə əlaqələndirilərək Hörmüz boğazından nəzarətli keçid,

3. Uranın zənginləşdirilməsinin qəbul edilməsi,

4. İrana qarşı bütün sanksiyaların ləğvi,

5. İrana qarşı ilkin sanksiyaların ləğvi,

6. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin ləğvi,

7. Beynəlxalq Atom Enerjisi Agentliyinin qətnamələrinin ləğvi,

8. Hesablamalara əsasən İrana dəyən zərərin tam ödənilməsi və bütün dondurulmuş İran aktivlərinin azad edilməsi,

9. ABŞ hərbi qüvvələrinin bölgədəki bütün bazalardan və yerləşdirmə məntəqələrindən çıxarılması,

10. Livan da daxil olmaqla, bütün cəbhələrdə müttəfiq qruplara qarşı döyüşlərin dayandırılması.

Hazırda əsas suallardan biri budur: Birləşmiş Ştatlar bu bəndlərdən hansını qəbul edəcək, hansına yox deyəcək?

FİKRET

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov Musavat.com-da hər bir bəndi qeyd etməklə ayrıca cavab verib:

“1. ABŞ, prinsipcə, İrana hücum etməyəcəyinə zəmanət verir. Əgər bu zəmanət ABŞ Konqresində qəbul edilmiş bir sənədlə təsdiqlənməsə, İran Birləşmiş Ştatların hər hansı başqa formada olan zəmanətini qəbul etməyəcək. Tramp isə Konqres səviyyəsində belə bir sənədin qəbul olunmasını heç bir halda istəməyəcək. Çünki indiki atəşkəs müvəqqəti sakitlik deməkdir. ABŞ ilə İran arasında böyük müharibə isə qarşıdadır. Əgər kimsə düşünürsə ki, ABŞ Hörmüz boğazını İrana verib o bölgədən çəkilib gedəcək, o, ciddi yanılır. Birləşmiş Ştatlar üçün bu müharibənin əsas hədəfi İranın neftinə və qazına, habelə Hörmüz boğazına nəzarəti ələ keçirib, boğazdan keçən gəmilərdən ABŞ xəzinəsinə rüsum toplamaqdır.

2. İran Silahlı Qüvvələri ilə əlaqələndirilərək Hörmüz boğazından nəzarətli keçid. Bu mümkün deyil. Yəni ABŞ və İran silahlı qüvvələrinin bir araya gələrək Hörmüz boğazından keçidi tənzimləməsi qeyri-mümkündür.

3. Uranın zənginləşdirilməsinin qəbul edilməsi. ABŞ bunu heç bir halda qəbul etməyəcək və deməli, bu, mənasız bir təklifdir.

4. İrana qarşı bütün sanksiyaların ləğvi. İranda regim dəyişməyincə heç kim İran üzərindən hər hansı bir sanksiyanı götürməyəcək. 

5. İrana qarşı ilkin sanksiyaların ləğvi.

6. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin ləğvi.

7. Beynəlxalq Atom Enerjisi Agentliyinin qətnamələrinin ləğvi. İranda indiki rejim durduqca bu qətnamələrin ləğvi mümkün deyil!

8. Hesablamalara əsasən İrana dəyən zərərin tam ödənilməsi və bütün dondurulmuş İran aktivlərinin azad edilməsi. Bunu yalnız İran arzu edə bilər. ABŞ bu təklifi heç bir halda qəbul etməyəcək.

9. ABŞ hərbi qüvvələrinin bölgədəki bütün bazalardan və yerləşdirmə məntəqələrindən çıxarılması. Belə bir təklifi Birləşmiş Ştatlar heç vaxt qəbul etməz. Əgər edərsə, bu onun regiondan getməsi demək olar. ABŞ isə əksinə, var gücü ilə bu regionda daha əsaslı şəkildə qalmaq istəyir.

10. Livan da daxil olmaqla, bütün cəbhələrdə müttəfiq qruplara qarşı döyüşlərin dayandırılması. Ən azından İsrail bunu etməyəcək və bu məsələdə hətta ABŞ-nin də sözünə baxmayacaq”.

Cavanşir ABBASLI
Musavat.com

Seçilən
13
musavat.com

1Mənbələr