AZ

Gürcüstanın Tsalka bələdiyyəsində quduzluq faktına görə karantin elan olunub

Gürcüstanın Tsalka bələdiyyəsində quduzluq xəstəliyinin aşkarlanması ilə əlaqədar karantin elan edilib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Qida Agentliyi məlumat yayıb.

Agentliyin bildirdiyinə görə, 6 aprel 2026-cı il tarixində aparılan laborator araşdırmalar zamanı vəhşi heyvan – tülkünün patoloji materialında quduzluq faktı təsdiqlənib. Araşdırma nəticəsində müəyyən olunub ki, yoluxmuş tülkü dörd sahibsiz it tərəfindən parçalanaraq öldürülüb.

Xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə Kvemo Kartli üzrə dövlət nümayəndəsinin sərəncamı ilə yoluxma ocağında və risk zonasına daxil ərazilərdə karantin tədbirləri tətbiq olunub. Görülən tədbirlər çərçivəsində ərazilərdə dezinfeksiya işləri aparılır, həssas heyvanlar vaksinasiya olunur, heyvanların hərəkətinə nəzarət gücləndirilir, şübhəli heyvanlar isə izolyasiya edilərək sığınacaqlara yerləşdirilir.

Məlumata əsasən, cari il ərzində ölkə üzrə laborator şəkildə təsdiqlənmiş üç quduzluq halı qeydə alınıb. Agentlik hər il təxminən 300 min ev heyvanını – it və pişikləri pulsuz peyvənd edir.

Qurum əhaliyə müraciət edərək ev heyvanlarının hər il quduzluğa qarşı vaksinasiya olunmasının vacibliyini vurğulayıb və sahibsiz heyvanların nəzarətdə saxlanmasının xəstəliyin yayılmasının qarşısının alınmasında mühüm rol oynadığını qeyd edib.

Seçilən
33
far.az

1Mənbələr