AZ

Starmer ABŞ-İran atəşkəs razılaşmasından sonra Səudiyyə Ərəbistanına səfər edib

London, 8 aprel, AZƏRTAC

Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ və İran arasında əldə olunan iki həftəlik atəşkəs razılaşmasından sonra Səudiyyə Ərəbistanına səfərə gəlib.

AZƏRTAC Baş nazirin ofisinə istinadla xəbər ki, səfər çərçivəsində Starmer atəşkəsin qorunması və dəstəklənməsi istiqamətində diplomatik səyləri müzakirə edəcək. Onun cümə günü Böyük Britaniyaya qayıtması gözlənilir.

Atəşkəs razılaşması ABŞ Prezidenti Donald Trampın İrana müharibəni dayandırmaq və Hörmüz boğazını açmaqla bağlı sərt xəbərdarlıqlarından sonra əldə olunub. Tramp əks halda bütöv bir sivilizasiyanın məhv ola biləcəyi barədə xəbərdarlıq etmişdi.

Gecə ərzində əldə olunan atəşkəs razılaşmasını alqışladığını bildirən Kir Starmer deyib: “Tərəfdaşlarımızla birlikdə bu atəşkəsi dəstəkləmək, onu uzunmüddətli razılaşmaya çevirmək və Hörmüz boğazını yenidən açmaq üçün əlimizdən gələni etməliyik”.

Baş nazirin, həmçinin əvvəlcədən planlaşdırılmış Körfəz səfəri çərçivəsində regionda yerləşən britaniyalı hərbçilərlə görüşəcəyi gözlənilir.

Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Seçilən
12
1
azertag.az

2Mənbələr