AZ

Yaxın Şərqin neft ixracı yolları: İranın Hörmüz kartı tezliklə dəyərsizləşəcək

ABŞ və İran arasında 2 həftəlik atəşkəs rejiminin qüvvəyə minməsinə baxmayaraq, bazarlar, xüsusilə də enerji bazarları tərəddüd içərisindədir.

Musavat.com xəbər verir ki, razılaşma barədə məlumatlar açıqlanandan dərhal sonra Brent etalon neftinin qiyməti 109 dollardan 91 dollara qədər düşüb.

Həm ABŞ, həm İranın əldə olunan razılaşmanı özünün qalibiyyəti kimi təqdim etməsi fonunda aprelin 10-na gözlənilən İslamabad danışıqları ərəfəsində mövcud qeyri-müəyyənliklər, eyni zamanda əvvəlki danışıqların acı təcrübəsi bazarlarda investorların ehtiyatlı davranışları ilə müşayiət olunur.

Atəşkəs elan olunmasından 10 saata yaxın vaxt keçsə də, Hörmüz boğazından gəmilərin sərbəst keçidi müşahidə olunur.

Bloomberg-in məlumatına görə, hazırda Fars körfəzində 800-dən çox gəmi Hörmüz boğazından keçid gözləyir.

Agentliyin məlumatına görə, onlardan təxminən 480-i karbohidrogen, qalanları isə konteynerlər, eləcə də kənd təsərrüfatı məhsullarından metallurgiya məhsullarına qədər geniş çeşiddə məhsullar daşıyır.

Məlum olduğu kimi, İranın bir neçə həftədir bağladığı Hörmüz boğazı mühüm nəqliyyat arteriyasıdır. Qlobal neft və mayeləşdirilmiş təbii qaz tədarükünün təxminən 20 faizi buradan keçir. ABŞ hökumətinin hesablamalarına görə, tədarükün pozulması regionda gündə 9 milyon bareldən çox neftin ilişib qalmasına səbəb olub. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin anbarları neftlə doludur.

WhatsApp

Neft qiymətləri müharibədən əvvəlki səviyyəyə tezliklə düşməyəcək

Aprelin 10-da keçiriləcək danışıqlarda atəşkəs razılaşmasının möhkəmlənməsi istiqamətində irəliləyiş əldə olunarsa, bu, yığılıb qalan neftin böyük bir hissəsinin bazara sürətlə daxil olmasına gətirib çıxara bilər. Belə olan halda, qiymətlərin daha da aşağı düşməsi baş verəcək.

Lakin kəskin enişlərə baxmayaraq, əksər ekspertlər qiymətlərin tezliklə böhrandan əvvəlki səviyyələrə qayıtmasını gözləmirlər.

Westpac Banking Corp. şirkətinin əmtəə tədqiqatları rəhbəri Robert Rennie xəbərdarlıq edir ki, fiziki sistem tez bir zamanda bərpa olunmayacaq: "Dayandırılmış quyuların yenidən işə salınması, heyətlərin və gəmilərin yenidən yerləşdirilməsi və neft emalı zavodlarının ehtiyatlarının doldurulması aylar çəkəcək. Bu şərtlər altında, atəşkəs baş versə belə, yaxın müddətdə Brent neftinin barrel üçün 90-95 dollardan aşağı səviyyədə davamlı ticarətini təsəvvür etmək çətindir".

Başqa sözlə, siyasi razılaşma əldə olunsa belə, real neft tədarükü dərhal bazara qayıtmayacaq. Buna görə də analitiklər əmn azı yaxın 4 həftə ərzində qiymətlərin 90 dollardan yuxarı olacağını gözləyirlər. Həmin müddətdən sonra isə maksimum eniş həddi kimi 75 dollar proqnozlaşdırılır. Bildirilir ki, qiymətlərin münaqişədən əvvəlki həddə qayıtması yalnız davamlı sülh razılaşması əldə olunarsa, ilin ikinci yarısında mümkün ola bilər.

Bu prqonozlar ABŞ Energetika Nazirliyinin son hesabatında da əksini tapıb. Nazirliyin Enerji İnformasiya Administrasiyasının (EIA) hesablamalarına görə, 2026-cı ilin yekununda Brent  neftinin orta illik qiyməti 96 dollar təşkil edəcək. Bu, administrasiyanın əvvəlki proqnozu olan 78,84 dollardan 96 21,8 faiz çoxdur. Nazirliyə görə, 2026-ci ildə ABŞ-ın WTI neftinin orta illik qiyməti 87,41 dollar olacaq. Bu isə 73,61 dollar təşkil edən əvvəlki proqnozdan 18,7 faiz çoxdur.

EIA 2027-ci ildəki qiymətlərə dair proqnozunda da ciddi artımlar edib: Brent üzrə qiymət 64,47 dollardan 76,09 dollara(artım 18 faiz), WTI üzrə isə 60,81 dollardan 72,43 dollara(artım 19,1 faiz).

Qeyd edək ki, ABŞ-İran münaqişəsi bütün dünyada aletrantiv enerjiyə keçidi qat-qat sürətləndirəcək. Beynəlxalq Enerji Agentliyinin proqnozlarına görə, xüsusilə inkişaf etmiş ölkələr ənənəvi eneri mənbələrdən uzaqlaşmaq üçün yatırımları rekord həddə çatdıracaqlar. Bu isə neft və qaza olan tələbatın daha sürətlə azalmasına gətirib çıxaracaq.

ABŞ Energetika Nazirliyinin qlobal neft tələbatındakı artımla bağlı proqnozlarında da bu tendensiya açıq hiss olunur. Belə ki, nazirlik 2027-ci ildə maye karbohidrogenlərə olan qlobal gündəlik orta tələbatın 106,16 milyon barel olacağını elan edib. Halbuki əvvəlki poqnozda bu göstərici 106,61 milyon barel idi. Yeni proqnoz 2026-cı ilin proqnoz göstəricisindən 1,6 milyon barel çoxdur.

Nazirliyin analitiklərinə görə, bu il maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 104,56 milyon barel səviyyəsində olacaq, bu da əvvəlki proqnozdan 0,61 milyon barel azdır.

Bildirilir ki, 2027-ci ildə maye karbohidrogenlərin gündəlik orta qlobal istehsalı 109,47 milyon barel təşkil edəcək. Bu, əvvəlki proqnozdan 140 min barel azdır(əvvəlki proqnoz 109,61 milyon barel idi). Bu, eyni zamanda 2026-cı ilin proqnoz göstəricisindən 5,2 milyon barel çoxdur. Proqnoza əsasən, bu il maye karbohidrogenlərin qlobal gündəlik istehsalı 104,27 milyon barel təşkil edəcək: göstərici əvvəlki proqnozdan 2,77 milyon barel aşağıdır.

Hörmüzdənkənar ixraca yatırımlar artacaq

ABŞ-İran münaqişəsinin qlobal enerji tədarüklərinə başqa bir təsiri istehsalçı ölkələrin ixrac marşrutlarının diversifikasiyasına diqqət ayırması olacaq. Belə ki, bölgənin ənm böyük neft ixracatçıları olan Səudiyyə Ərəbistanı və BƏƏ Hörmüzdənkənar ixrac imkanlarını genişləndirmək üçün artıq hərəkətə keçiblər. Belə ki, Səudiyyə Ərəbistanı 1980-ci illərdə tikilmiş və ötürücülük gücü gündə 7 milyon barel olan Şərq-Qərb neft kəmərinin gücünü artırmaq üçün layihələndirməyə başlayıb. Təxminən 1200 kilometrlik bu boru kəməri Səudiyyə Ərəbistanının şərqindəki neft hasil edən bölgələri Qırmızı dəniz sahilindəki Yanbu limanı ilə birləşdirir.

Mövcud boru kəmərinin genişləndirilməsi mütəxəssislər tərəfindən qısa müddətdə ən mümkün variant hesab olunur. İnfrastruktur artıq mövcuddur, marşrut tək bir ölkənin ərazisindən keçir və texniki və logistika riskləri yeni layihələrin risklərindən xeyli aşağıdır.

Əl-Ərəbiyyə TV-nin istinad  hesablamalarına görə, Şərq-Qərb xətti üzrə ikinci boru kəmərinin boru kəmərinin tikintisi 5 milyard dollara başa gələcək. Bu isə Səudiyyə Ərəbistanı üçün çox kiçik bir məbləğdir.

WhatsApp

Saudi Aramco şirkətinin baş direktoru Amin Nasser Şərq-Qərb Boru Kəmərinin şirkətin "əsas ixrac marşrutu" olaraq qaldığını bildirir.

Müzakirə olunan variantlardan biri İraq, İordaniya, Suriya və Türkiyə ərazisindən keçən boru kəmərinin tikintisidir. Bu marşrut neftin Fars körfəzindən Türkiyənin Aralıq dənizi sahillərinə çatdırılmasına və oradan tankerlərlə Avropaya daşınmasına imkan verəcək.ə

Layihə 2000-ci illərdə irəli sürülüb, Bəşər Əsəd rejiminin Suriyada başlatdığı vətəndaş müharibəsinə görə arxa plana keçib.

Bundan əlavə, Səudiyyə Ərəbistanı Limanlar İdarəsi (Mawani) və BƏƏ-də - Şarjada yerləşən Gulftainer logistika şirkəti Şarja ilə Səudiyyə Ərəbistanının şərqindəki Dammam şəhəri arasında birbaşa nəqliyyat dəhlizi yaratmaq layihəsini əlaqələndirir. Buraya yüklərin çatdırılma səmərəliliyini artırmaq və tranzit müddətini azaltmaq üçün dəniz və quru nəqliyyatı daxil olacaq.

Layihə iki ölkənin liman infrastrukturunun, o cümlədən Hörmüz boğazını keçərək BƏƏ-nin şərq sahilindəki Xorfakkan Ticarət Terminalının, eləcə də Şarjadakı Sajaa quru limanı da daxil olmaqla daxili logistika mərkəzlərinin inteqrasiyasını nəzərdə tutur.

BƏƏ isə öz alternativ ixrac marşutu olan Əbu-Dabi-Füceyra Boru Kəmərinin genişləndirilməsi üçün fəaliyyətlərə başlayıb. Bu boru kəmərinin tutumunun artırılması qısa müddətdə prioritet hesab olunur. Füceyra limanı artıq əsas neft mərkəzidir və onun daha da inkişafı BƏƏ-nin strateji maraqlarına uyğundur.

İraq isə neftin quru yolla Suriya limanlarına çatdırılması, həmçinin Kərkük-Ceyhan kəmərinə yönləndirilməsi üçün real addımlar atmağa başlayıb.

Bundan əlavə, regionda başqa bir beynəlxalq səviyyəli layihə ilə bağlı işlər ləng də olsa, aparılır. Söhbət IMEC (Hindistan-Yaxın Şərq-Avropa Dəhlizi) beynəlxalq nəqliyyat dəhlizi layihəsindən gedir. Bu layihə Hindistanı Fars körfəzi ölkələri ilə və daha sonra Avropaya birləşdirən hərtərəfli nəqliyyat marşrutunun yaradılmasını nəzərdə tutur.

IMEC yalnız neft və qaz boru kəmərləri deyil, həm də dəmir yolu xətləri, fiber-optik kabellər və digər infrastruktur inşa etməyi planlaşdırır. Layihə 2023-cü ildə G20 sammitində elan edilib və Çinin "Bir Kəmər, Bir Yol" Təşəbbüsünə strateji alternativ kimi qəbul edilir. Ərəb mediasının məlumatına görə, uzunmüddətli perspektivdə bu cür marşrutların sırf enerjiyə yönəlmiş marşrutlardan müxtəlif malların daşındığı çoxməqsədli ticarət dəhlizlərinə çevrilməsi gözlənilir.

Bütün bunlar göstərir ki, ABŞ-İran münaqişəsi tarixdə enerji bazarlarına müvəqqəti, lakin ixrac marşrutlarına uzunmüddətli təsirləri ilə yadda qalacaq. Ən əsası isə Hörmüz kartı İranın əlindən alınacaq.

Dünya SAKİT,
Musavat.com

Seçilən
31
musavat.com

1Mənbələr