Bakı, 8 aprel, AZƏRTAC
Təhlükəli hadisələrlə fəlakətlər arasında fərqlər var. Təhlükəli hadisələr həmişə təbiətdən gəlir. Fəlakətlər isə hansısa təhlükəli hadisə nəticəsində qeydə alınan itkilərdir. İndiki halda intensiv yağıntıların fəsadlarını qismən fəlakət hesab edə bilərik. Çox ciddi itkilər olmasa da, bəzi vətəndaşların yaşayış tərzi pozuldu, evlər su altında qaldı.
Bunu AZƏRTAC-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai şuranın üzvü, coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Abbasov deyib.
O bildirib ki, son dövrlərdə ölkə ərazisində təhlükəli hadisələr çoxalıb. Respublikada düşən yağıntılar martda normanın 5, aprelin ilk günlərində isə 3 misli qədər olub. Bu isə kifayət qədər təhlükəli hadisədir:”Bakı şəhərində bu cür yağıntılar çox nadir hallarda qeydə alınır. Hidrometeoroloji müşahidələr tarixinə baxsaq, 50-60, bəlkə də 100 ildə bu cür intensiv və uzunmüddətli yağışların qeydə alındığının şahidi olarıq”.
Rövşən Abbasov qeyd edib ki, intensiz yağışlar zamanı müəyyən fəsadların olması təbiidir. ”Digər ölkələrdə də bu cür yağışlar ziyanla nəticələnib”, - deyə o vurğulayıb.
İctimai şuranın üzvü diqqətə çatdırıb ki, Bakı şəhərində tullantı sularının, su təchizatının, yağış sularının idarəolunmasının yaxşılaşdırılmasına dair xüsusi proqram var. Həmin proqrama əsasən, Bakıda yağış sularının idarəolunması üçün yeni mexanizmlərin yaradılması nəzərdə tutulub:“Təklif olunan mexanizmlərə görə, ilk növbədə yağış sularının bir hissəsi yaxın ərazilərdə kanalizasiya sularına qarışmadan Xəzər dənizinə, bir hissəsi isə Bakı və Abşeron yarımadasındakı göllərə istiqamətləndirilə, mümkün olan yerlərdə isə su anbarlarında istifadə edilə bilər. Həmin sular vasitəsilə bağ və parkların suvarılması imkanları nəzərdən keçiriləcək. Kanalizasiya sularının, kollektor-drenaj şəbəkələrinin suburaxma qabiliyyətinin artırılması da bu tədbirlər planındadır”.
Müxbir – Göyçək Mahmudlu