ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.
6 uşağı qazdan zəhərlənən ata bildirib ki, onun ümumilikdə 12 uşağı olub və onlardan hətta “pay” belə verib. Bu açıqlama təkcə faciəli hadisənin miqyasını göstərmir, həm də valideyn məsuliyyəti, dövlətin ailələr üzərində nəzarəti və uşaqların rifahı ilə bağlı ciddi suallar doğurur. Belə hallarda ailələrin psixoloji vəziyyəti, valideynlərin davranış tərzi və uşaqların həyat şəraiti diqqətlə qiymətləndirilməli, həm sosial xidmətlər, həm də müvafiq dövlət qurumları tərəfindən profilaktik tədbirlər görülməlidir. Məsələ ilə bağlı Demokrat.az-a danışan psixoloq Fidan Canbabazadə bildirib ki, hər kəsin ailə qurması və ya valideyn olması doğru deyil:"Bəzi insanlar şüuraltı olaraq rekord qırmaq, dövlətdən gəlir əldə etmək, “qəhrəman ana” və ya “qəhrəman ata” adını almaq, yaxud müəyyən imtiyazlara sahib olmaq üçün çoxlu uşaq dünyaya gətirirlər. Lakin bu hallarda uşaqların sonrakı taleyi çox vaxt qaranlıq qalır. Sağlam bir ailə modelinin formalaşması üçün bəzi məsələlər nəzərə alınmalıdır. İnsanlar ailə həyatı qurarkən təkcə tibbi analizlərdən deyil, həm də psixoloji müayinədən keçməlidirlər. Çoxuşaqlı ailələrdə bəzən sağlam psixologiyadan söhbət gedə bilməz. Nikaha daxil olan və ya uşaq sahibi olmağı planlaşdıran şəxslərin maddi gücü mütləq nəzərə alınmalıdır".Onun sözlərinə görə, “Uşaq ruzisi ilə gəlir” düşüncəsi ilə maddi imkan olmadan çoxlu uşaq dünyaya gətirmək uşaqdan sui-istifadə hesab olunur:"Maddi imkanı olmadığı halda uşaqlardan istifadə edən şəxslər məsuliyyətə cəlb olunmalı və onlara verilən imtiyazlar yenidən nəzərdən keçirilməlidir. Xüsusilə əkiz hamiləliklər və çox sayda (5, 6, hətta 10-a qədər) uşaq dünyaya gətirilməsi halları dövlət və tibbi ekspertiza tərəfindən ciddi nəzarətə götürülməlidir".Psixoloq deyib ki, bəzi insanlar çoxuşaqlılığı bir növ “biznesə” çevirirlər:"Bu uşaqların qanuni yolla övladlığa verilib-verilmədiyi və ya bunun qarşılığında hər hansı məbləğ alınıb-alınmadığı sual doğuran və mübahisəli mövzulardır. Uşağın sonrakı həyatı, psixologiyası və təhsili gələcəkdə baş verə biləcək faciaların qarşısını almaq üçün ciddi qanunlarla tənzimlənməlidir. Övladlığa vermə və ya digər şəxslərə uşaq “pay vermə” halları ilə bağlı çox ciddi hüquqi mexanizmlər tətbiq olunmalıdır".Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.