AZ

Azərbaycan və Tacikistan arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq genişlənir

Bakı, 8 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində Tacikistanın İqtisadi İnkişaf və Ticarət Nazirliyinin nümayəndələri ilə görüş keçirilib.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, görüş 2024-cü ildə “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında” imzalanan sazişin icrası ilə əlaqədar baş tutub.

Görüşdə Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin üzvü Sənan Tapdıqov Agentliyin fəaliyyət istiqamətləri və həyata keçirdiyi islahatlar, o cümlədən “Patentlərə, Əmtəə Nişanlarına Açıq Hədəf” (PƏNAH) rəqəmli informasiya sistemi, “İxtiralar, faydalı modellər, sənaye nümunələri, əmtəə nişanları və coğrafi göstəricilərə dair “Açıq reyestr”lər barədə, həmçinin ölkəmizin Qlobal İnnovasiya İndeksində irəliləyişi və innovasiya fəaliyyətini ölçən əsas göstəricilər üzrə əldə olunan müsbət nəticələri haqqında ətraflı məlumat verib.

Tacikistan İqtisadi İnkişaf və Ticarət Nazirliyinin “Milli Patent-İnformasiya Mərkəzi”nin rəhbərinin müavini Rəcəbzadə Pərviz Mərkəzin fəaliyyəti və əsas prioritetləri barədə danışıb. O, Əqli Mülkiyyət Agentliyi ilə əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayaraq bildirib ki, belə qarşılıqlı əlaqələr təcrübə mübadiləsi, kadr hazırlığı və birgə layihələrin həyata keçirilməsi baxımından böyük imkanlar yaradır.

Görüş zamanı tərəflər arasında əqli mülkiyyət sahəsində əməkdaşlığın perspektivləri, ekspertlər üçün təlim və təcrübə proqramlarının təşkili, habelə informasiya mübadiləsinin genişləndirilməsi məsələləri müzakirə olunub.

Seçilən
19
2
azertag.az

3Mənbələr