Bu gün ən çox verilən sual budur: ABŞ–İsrail–İran savaşının qalibi kimdir? Bu savaşın əsl qalibini yalnız hərbi xəritəyə baxmaqla müəyyənləşdirmək mümkün deyil. Çünki 40 günlük müharibənin ən böyük siyasi-dividenti “yumşaq güc”ü sərt geosiyasi iradə ilə birləşdirən Çin qazandı.
Əgər Ukrayna savaşında Pekin daha çox arxa planda qalırdısa, İran böhranında Çin artıq ön cəbhəyə çıxdı. Bu, təsadüfi deyildi. Pekin üçün İran sadəcə tərəfdaş ölkə yox, enerji təhlükəsizliyi, dollar sisteminə alternativ yuan mexanizmi və Hind okeanı–Yaxın Şərq–Avrasiya strateji xəttinin qırmızı xətti idi. Çin uzun illərdir Tehranla qurduğu enerji və ticarət bağlarını qlobal vizyonunun mühüm dayaqlarından birinə çevirib. 2021-ci ildə imzalanmış 400 milyard dollarlıq uzunmüddətli əməkdaşlıq sazişi də bu xəttin əsas sütunlarından biridir.
Pekin ilk dəfə qlobal böhranda ön cəbhə rolunda
Bu savaş Çinin qlobal aktor kimi transformasiyasında dönüş nöqtəsi oldu. Pekin artıq sadəcə bəyanat verən güc olmadı. O, diplomatik müstəvidə BMT Təhlükəsizlik Şurasında İranı hədəf alan Hörmüz qətnaməsini Rusiya ilə birlikdə veto qoydu, Pakistan vasitəçiliyini dəstəklədi, Vaşinqtonun da etiraf etdiyi kimi, Tehranın atəşkəsə razılaşmasında həlledici rol oynadı. Məhz bu, Çinin “səssiz nəhəng”dən aktiv böhran memarına keçidini göstərdi.
Əsl savaş ABŞ ilə Çin arasında idi. Bu qarşıdurmada İran və İsrail prosesin tərkib hissəsi idi. Daha dərin planda bu, Vaşinqtonun Çinin enerji və ticarət arxitekturasını zərbə altına almaq cəhdi kimi görünür.
İran Çinin ucuz enerji təminatçısı, “Bir Kəmər, Bir Yol” marşrutunun təhlükəsizlik dayağı, yuanla enerji ticarətinin pilot bazası, ABŞ dollar sisteminə alternativ platformasıdır. Bu baxımdan Tehran üzərində təzyiq Pekin üçün birbaşa geoiqtisadi xəbərdarlıq idi.
Yəni proksilər Tehran və Təl-Əviv olsa da, strateji savaş Vaşinqtonla Pekin arasında gedirdi.
Tayvan üçün canlı laboratoriya
Bu savaş Çin üçün yalnız Yaxın Şərq böhranı deyildi. Bu, həm də Tayvan ssenarisi üçün canlı geosiyasi laboratoriya oldu.
Pekin burada ABŞ-ın eskalasiya həddini müəyyən etdi, enerji marşrutlarının blokada riskini test etdi, qlobal bazar reaksiyasını analiz etdi, diplomatik vasitəçilik gücünü sınaqdan keçirdi, ABŞ müttəfiq şəbəkəsinin davranış modelini öyrəndi . Başqa sözlə, İran savaşı Çinin gələcək Sakit okean strategiyası üçün real təcrübə meydanına çevrildi.
Ən böyük qazanc: nüfuz
Müharibədən sonra ən vacib nəticə budur ki, Çin ilk dəfə qlobal auditoriyaya göstərdi: Pekin yalnız iqtisadi nəhəng deyil, həm də böhranları dayandıra bilən siyasi gücdür.
Vaşinqtonun özü belə Çinin atəşkəsə təsirini etiraf etməklə bu yeni statusu dolayı şəkildə qəbul etmiş oldu.
40 günlük savaşın sonunda Tehran özünü hərbi dözümlülüyün qalibi kimi təqdim edə, Vaşinqton əməliyyat hədəflərinin yerinə yetirildiyini deyə, İsrail isə təhlükəsizlik üstünlüyünü önə çəkə bilər.
Lakin daha böyük geosiyasi tabloda ən böyük qalib Pekindir.
Çünki Çin bu savaşda enerji maraqlarını qorudu,İran xəttini saxladı, ABŞ-ın strateji fokusunu yayındırdı, öz diplomatik çəkisini artırdı, gələcək Tayvan ssenarisi üçün kritik dərslər topladı. Və ən əsası, Pekin ilk dəfə qlobal güc kimi ilk dəfə öz qırmızı xəttini yalnız iqtisadi deyil, siyasi-diplomatik iradə ilə müdafiə etdi.
Mürtəza