Bakı, 8 aprel, AZƏRTAC
Azərbaycan Çin Döyüş Növləri Assosiasiyasının tərkibində inkişaf etdirilən uşu, vinq çun və kunq-fu idman növləri üzrə milli komandalar beynəlxalq yarışlarda iştirak edəcəklər.
Bu barədə AZƏRTAC-a qurumun prezidenti Asif Sayadov məlumat verib.
O bildirib ki, hər üç idman növü üzrə yığma komandalar hazırda üç mötəbər yarışa hazırlaşır: “Əvvəlcə Fransanın Lion şəhərində mayın 5-dən 11-dək uşu üzrə Avropa çempionatı keçiriləcək. Həmin yarışa 20 idmançı ilə yollanacağıq. Daha sonra İtaliyanın Peruca şəhərində 15-17 may tarixlərində kunq-fu üzrə dünya çempionatı baş tutacaq. Bu yarışa isə 22 idmançının qatılması planlaşdırılır. İyulun 22-dən 27-dək isə Çinin Foşan şəhərində vinq çun üzrə beynəlxalq turnir təşkil olunacaq. Bu yarışa təxminən 12-14 idmançının göndərilməsi gözlənilir. Əlbəttə ki, bu yarışlara ciddi hazırlaşırıq və medallar qazanmağı hədəfləyirik”.