Pakistanın Baş naziri Şahbaz Şərif bildirib ki, İran İslam Respublikası və ABŞ-nin müttəfiqləri ilə birlikdə Livanda və digər bölgələrdə də atəşkəs tətbiq ediləcək. İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi tərəfindən isə bildirilib ki, ABŞ və İran arasında əldə olunam ikihəftəlik atəşkəs razılaşması Livana aid edilmir.
Hərbi ekspert Anar Şuşalı Redaktor.az-a açıqlamasında bildirdi ki, ABŞ Prezidenti Donald Tramp tərəfindən irəli sürülən və İranın qəbul etdiyi iki həftəlik atəşkəs təşəbbüsü regionda gərginliyin müvəqqəti azalmasına səbəb olub:
"Lakin bu addımın uzunmüddətli nəticələri və real sülh perspektivi hələ də qeyri-müəyyəndir. İsrailin Baş naziri Benyamin Netanyahu ofisinin atəşkəsin Livana şamil edilmədiyini vurğulaması isə vəziyyətin nə qədər mürəkkəb və çoxşaxəli olduğunu açıq şəkildə göstərir. Tarixi təcrübə göstərir ki, qısamüddətli atəşkəslər adətən tərəflərin nəfəs alması, resurslarını bərpa etməsi və növbəti mərhələyə hazırlaşması üçün istifadə olunur. Bu baxımdan, hazırkı razılaşma daha çox taktiki xarakter daşıyır. ABŞ üçün bu addım genişmiqyaslı müharibənin qarşısını almaq və regiondakı balansı qorumaq cəhdidir. İran isə yaranmış fasilədən həm hərbi, həm də diplomatik mövqelərini yenidən dəyərləndirmək üçün istifadə edə bilər. İki həftəlik müddət isə real və davamlı sülh razılaşmasının əldə olunması üçün kifayət qədər məhdud zaman kəsiyidir. Hazırkı mərhələdə tərəflər arasında fundamental ziddiyyətlər qalmaqdadır: İranın regionda təsir imkanlarını genişləndirmək strategiyası, ABŞ və İsrailin bu təsiri məhdudlaşdırmaq siyasəti, proksi qüvvələrin aktiv rolu və münaqişənin çoxvektorlu xarakter alması. Bu reallıqlar fonunda atəşkəsin uzunmüddətli sülhə çevrilməsi ehtimalı aşağı qiymətləndirilir. Bununla belə, diplomatik kanalların açıq qalması müəyyən kompromis imkanlarını tam istisna etmir. Əgər tərəflər bu müddətdən effektiv istifadə edə bilsələr, ən azı daha geniş və daha uzunmüddətli atəşkəs razılaşmasına zəmin yarana bilər. Benyamin Netanyahu hökumətinin atəşkəsin Livana aid olmadığını bildirməsi region üçün ciddi siqnaldır. Bu, xüsusilə Hizbullah ilə bağlı gərginliyin davam edəcəyini göstərir".
Ekspert vurğuladı ki, faktiki olaraq regionda “selektiv atəşkəs” modeli formalaşır:
"Bir istiqamətdə müvəqqəti sakitlik yaransa da, digər cəbhələrdə qarşıdurma davam edir. Bu isə ümumi sabitliyi zəiflədir və eskalasiya riskini açıq saxlayır. Nəticədə iki həftəlik atəşkəs genişmiqyaslı müharibənin qarşısını alan mühüm, lakin müvəqqəti addımdır. Bu fasilə tərəflərə həm diplomatik, həm də hərbi baxımdan manevr imkanı versə də, dərin geosiyasi ziddiyyətlər səbəbindən onun davamlı sülhə çevrilməsi hələlik real görünmür. Livan istiqamətinin atəşkəsdən kənarda qalması isə göstərir ki, Yaxın Şərqdə münaqişə artıq təkcə bir xətt üzrə deyil, paralel və bir-biri ilə əlaqəli cəbhələrdə inkişaf edir. Bu reallıq fonunda regionda sabitliyin yaxın perspektivdə tam bərpa olunması ehtimalı aşağı olaraq qalır".
Aytəkin TOFİQQIZI