AZ

ABŞ-İran savaşında yeni oyunçu önə çıxdı - Regionda güc balansı dəyişir

“İslamabadın atəşkəs razılaşmasına nail olması Pakistanın regional roluna əhəmiyyətli təsir edəcək. Hətta danışıqların yekunu nəticəsiz olsa belə, Pakistan ilkin hədəfə nail olub, xüsusilə ABŞ-nin dağıdıcı hücumunun qarşısının alınması baxımından”.

Bu fikirləri Musavat.com-a siyasi analitik Asif Nərimanlı deyib.

asif.jpg

Onun sözlərinə görə, İslamabad danışıqlarında tərəflərin qısa müddətdə razılaşma əldə etməsi ehtimalı zəifdir:

“Çünki tələblər kifayət qədər kəskindir və mövqelər arasında dərin uçurum var. ABŞ sanksiyaların ləğvi qarşılığında İrandan böyük güzəştlər tələb edir, bundan imtina edən Tehran isə Hörmüz boğazına nəzarət, təzminatın ödənilməsi kimi qəbul edilməsi çətin olan şərtlərdən çıxış edir. Tərəflərin danışıqlar masasına gəlməsi o deməkdir ki, ilkin sərt tələblərdə müəyyən yumşalmalar, korrektlər edilib, lakin mövqelərin böyük ölçüdə dəyişdiyini də deyə bilmər. Nəticə etibarilə, hər iki tərəf üstünlük qazanmağa çalışır. Bu baxımdan atəşkəs razılaşması kövrəkdir və müharibənin yenidən başlaması riski qalır. Hərçənd, razılaşma olmasa, yeni müharibədən daha çox, atəşkəsin uzadılacağı gözləntisi çoxdur. Çünki ABŞ hava zərbələri ilə İrandakı rejimi təslim olmağa məcbur etməyin mümkün olmadığını gördü”.

Siyasi analitikin fikrincə, cənub qonşumuza qarşı quru əməliyyatının başlanması da böyük risklər vəd edir:

“Bu baxımdan Vaşinqton diplomatik təzyiqlə İrandan daha çox güzəştə qoparmağa çalışacaq. Bunun asan olmadığını nəzərə alsaq, anlaşma imkanlarının məhdud olduğunu deyə bilərik. Ümumilikdə danışıqlar prosesinin uzanacağı fikri daha real görünür. Atəşkəs əldə olunsa, hətta bundan sonra müharibə baş verməsə belə, İrandakı rejimin “xilas olduğu”nu düşünmürəm. Rejimin dəyişməsi istiqamətində proseslər fərqli məcralarda davam edə bilər, xüsusilə daxildə”.

Cavanşir ABBASLI
Musavat.com

Seçilən
15
musavat.com

1Mənbələr