AZ

Heqsetdən İranla bağlı SƏRT AÇIQLAMA: "Atəşkəs üçün bizə yalvarıb"

ABŞ-nin müharibə naziri Pit Heqset İranla bağlı dünya gündəmini sarsıdan kəskin bəyanatlarla çıxış edib.

Musavat.com xəbər verir ki, nazir Tehran rejiminin hərbi baxımdan tamamilə darmadağın edildiyini və ABŞ qarşısında geri çəkildiyini elan edib.

Pentaqon rəhbəri bildirib ki, hazırda İran tərəfi həm hərbi, həm də mənəvi baxımdan tam məğlubiyyət vəziyyətindədir:

"İranlılar alçaldılıb və ruhdan düşüblər. İndi onların taleyinə biz nəzarət edirik. Məhz buna görə də danışıqlar masasına əyləşiblər. İran bu atəşkəs üçün bizə yalvarırdı və biz hamımız bunu bilirik".

Heqsetin sözlərinə görə, 47 ildir davam edən İran təhdidinə son qoyulub və bu, Donald Trampın qətiyyəti sayəsində mümkün olub.

O, "Epik Qəzəb" (Epic Fury) əməliyyatını tarixi bir zəfər adlandıraraq qeyd edib:

"Bu, hərbi baxımdan böyük hərflərlə yazılacaq bir qələbədir. İndi onlar nə raket, nə buraxılış qurğuları, nə də pilotsuz uçuş aparatları istehsal etmək iqtidarındadırlar. Trampın bir neçə dəqiqə ərzində bütün İran iqtisadiyyatını iflic etmək gücü var idi, lakin o, mərhəmət nümayiş etdirməyi seçdi".

Müdafiə naziri həmçinin vurğulayıb ki, əldə olunmuş razılaşma İranın nüvə silahı xəyallarına son qoyur.

"İran nüvə imkanlarına malik olmamalıdır. Hazırda bu obyektlər (nüvə obyektləri) gizlidir və biz onları müşahidə edirik. Biz onlarda nə olduğunu dəqiq bilirik və onlar da bunu başa düşürlər. İran zənginləşdirilmiş uranı ya könüllü olaraq bizə təhvil verəcək, ya da biz özümüz onu əldə edəcək, götürüb çıxaracağıq", - Heqset bildirib.

"Trampın mövqeyi aydındır: İranın nüvə silahı olmayacaq. Nöqtə. Hekayə bitdi", - deyə o əlavə edib.

Çıxışının sonunda əməliyyatda iştirak edən hərbçilərə təşəkkür edən Heqset ordunun hər an hazır vəziyyətdə olduğunu və İrandan bütün şərtlərə ciddi əməl etməyin tələb olunacağını bildirib.

Musavat.com

Seçilən
4
musavat.com

1Mənbələr