AZ

İran Xark adasının işğalındanmı qorxdu?..



Sədrəddin Soltan: "ABŞ Xark adasını işğal edərsə, müharibənin məsuliyyəti onun üzərində qalacaq"

İranın neft hasilatının təxminən 90%-ni təmin edən Xark adasında bir neçə partlayış baş verib.Məlumata görə, bu partlayışlar ABŞ və İsrail qüvvələri tərəfindən həyata keçirilən hücumlar nəticəsində baş verib.

Xark adasında baş verən partlayışlar İran üçün ciddi iqtisadi və strateji problemlər yarada bilər. Adanın neft hasilatında böyük payı olduğundan, burada istehsalın dayanması və infrastruktura zərbələr İranın ixrac gəlirlərini kəskin şəkildə azalda bilər. Bu, həm ölkənin büdcəsinə, həm də beynəlxalq ticarət mövqeyinə mənfi təsir göstərəcək. Eyni zamanda, adanın işğalı İranın strateji nəzarət imkanlarını məhdudlaşdırır, neft ticarətini və hərbi mövqelərini zəiflədir, regional təsirini azaltmış olur. Belə bir vəziyyət həm daxili siyasi gərginliyi artırır, həm də İranın beynəlxalq arenadakı manevr imkanlarını məhdudlaşdırır.

Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan “Bakı-Xəbər” qəzetinə müsahibəsində bildirib ki, ABŞ/İsrail və İran arasında müharibədə atəşkəsə ötən gecə nail olunub və bu razılaşma aprelin 10-dan qüvvəyə minəcək.

O qeyd edib ki, ABŞ və İsrail bu müddət ərzində Xark adasını işğal edərsə, bu, danışıqlar prosesinə, atəşkəs rejiminin dayanıqlı olmasına və gələcəkdə onun sülh mərhələsinə keçməsinə problem yarada bilər. Buna görə də indiki şəraitdə Xark adasının ABŞ tərəfindən işğal edilməsi məntiqli gözlənti deyil.

Ekspert vurğulayıb ki, əgər bu baş verərsə, ABŞ-ın belə addımı beynəlxalq ictimaiyyətin qınağına səbəb olacaq və müharibənin məsuliyyəti onun üzərində qalacaq.

Sədrəddin Soltan əlavə edib ki, İranın nəzarətində olan müxtəlif proksi qüvvələrin də bu müddət ərzində ABŞ və İsrailə hücumlar təşkil etməsi mümkündür. Eyni zamanda, onların da bu qüvvələrə zərbələr endirməsi istisna deyil.

Onun fikrincə, bütün bu məsələlər aprelin 10-dan sonra daha ciddi nəzarət altında olacaq. Çünki həmin tarixdən sonra tərəflərin beynəlxalq ictimaiyyətə elan etdikləri atəşkəsə nə dərəcədə əməl edəcəkləri onların öz əlində olacaq.

Akif NƏSİRLİ

Seçilən
19
baki-xeber.com

1Mənbələr