AZ

ABŞ niyə geri çəkildi, “müəmmalı atəşkəs”in pərdəarxası: Yaxın Şərq nüvə apokalipsisindən son anda qurtuldu

Böyük ehtimalla ABŞ İranda “bir sivilizasiyanı məhv etmək” variantını sınaqdan çıxaracağı təqdirdə, üzləşəcəyi həm ağır nəticələrdən, həm də qlobal məkanda sərt reaksiyalardan yayınmağa çalışdı... Eyni zamanda, rəsmi Tehran da ABŞ-ı İrana qarşı dağıdıcı zərbələrə məcbur buraxmağın yolverilməz olduğunu nəzərə alaraq, Ağ Evin müvəqqəti atəşkəs təklifini qəbul etməyə üstünlük verdi...

Yaxın Şərqdə dağıdıcı savaş müvəqqəti atəşkəs elan edilərək, dayandırıldı. Bu, yalnız hərbi münaqişədə iştirak edənlər deyil, həm də bütün dünya olduqca önəmli və pozitiv anlaşmadır. Ən azından ona görə ki, son vaxtlar Yaxın Şərq savaşı genişmiqyaslı qlobal müharibəyə çevrilmə təhlükəsi yaratmaqdaydı. Eyni zamanda, bu “savaş bataqlığı” dünya iqtisadiyyatını da artıq tədricən öz dərinliklərinə çəkərək, batırmağa başlamışdı. Və baxımdan, müasir dünya dəhşətli apokalipsis təhlükəsindən müvəqqəti də olsa, xilas olmuş kimi görünr.

Onu da qeyd etmək lazımdır ki, ABŞ və İran arasında müvəqqəti atəşkəs elan edilməsindən sonra indi bu savaşın nəticələri ciddi şəkildə müzakirə edilməyə başlayıb. Belə ki, hazırda münaqişə tərəflərindən hansının qalib, hansının məğlub durumda olduğu barədə suallar kifayət qədər aktualdır. Çünki hərbi münaqişə tərəflərinin hər ikisinin konkret hərbi-strateji hədəfləri mövcud idi. Və indi onlardan hansının öz hədəflərinə daha çox yaxınlaşmış ola biləcəyi böyük maraq doğurur.

Məsələ ondadır ki, Qərb mənbələrinin iddialarına görə, ABŞ Yaxın Şərq savaşına təxminən 50 milyard dollara yaxın maliyyə vəsaiti xərcləyib. Arsenalinda olan silah-sursatın əhəmiyyətli bir hissəsini tükəndirib və indi bu bahalı silahların yenidən istehsal edib, ehtiyatlarını bərpa etməli olacaq, yəni, yenə külli miqdarda xərc çəkməlidir. Eyni zamanda, ABŞ iqtisadiyyatına da ağır zərbələr dəyib, böyük həcmli maliyyə itkiləri mövcuddur. Və böyük ehtimalla Tramp administrasiyası tezliklə bütün bunlarla bağlı ABŞ-da siyasi-ictimai ittihamlarla üzləşməli olacaq.

Digər tərəfdən, ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına da dağıdıcı zərbələr vurulub. İndi Ağ Ev həmin hərbi bazaların bərpasına və normal fəaliyyətinə nail olmaq üçün də külli miqdarda xərc çəkmək lazım gələcək. Eyni zamanda, ABŞ-a əli çatmayan İran Ağ Evin Yaxın Şərqdəki müttəfiqlərinə - İsrail, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Küveyt, Qətər və s. kimi ərəb ölkələrinə də raket zərbələri endirərək, onların infrastruktunda ciddi dağıtılara səbəb olub. Və bütün bunlar da ABŞ-ın savaş itkilərinin sırasına daxil edilə bilər.

Təbii ki, İran daha ağır zərbələrə və itkilərə məruz qalıb. Belə ki, ilk növbədə İranın teokratik rejiminin siyasi elitası sıradan çıxarılıb. Eyni zamanda, ABŞ və İsrailin davamlı ortaq bombardmanları nəticəsində İranın həm hərbi, həm də mülki infrastrukturu böyük ölçüdə dağıdılıb. Bundan sonra rəsmi Tehran İranın infratrukturunu yenidən bərpa etmək üçün illərlə külii miqdarda xərc çəkməli olacaq. Yəni, onsuz da maliyyə-iqtisadi problemləri olan İranın yenidən dirçəlməsinə onilliklər və fantastik məbləğlər lazım gələcək.

Göründüyü kimi, hazırda Yaxın Şərq savaşının hər hansı qalibi yoxdur. Halbuki, hər iki tərəf özünü artıq indidən qalib elan etməyə çalışır. Rəsmi Tehran ABŞ-ın İran tərəfindən göndərilmiş on bənddən ibarət şərtləri qəbul etdiyini vurğulayır. Əgər, bu, doğrudursa, onda ABŞ-ın kifayət qədər böyük güzəştlərə gedərək, öz əvvəlki mövqeyindən geri çəkildiyini də düşünmək olar. Çünki rəsmi Tehranın şərtləri sırasında İrana bir daha hücum etməmək öhdəliyi, uran zənginləşdirməsinin qəbul edilməsi, bütün ilkin və ikinci dərəcəli sanksiyaların ləğvi, ABŞ-ın hərbi qüvvələrinin regiondan çıxarılması, hətta Ağ Evin təzminat ödəməsi kimi ağır tələblərin yer aldığı bildirilir.

Prezident Donald Trampın atəşkəslə bağlı açıqlamasındasa, ABŞ-ın bütün hərbi məqsədlərə nail olduğu xüsusi olaraq, vurğulanır. Halbuki, həmin hədəflərin məzmunu açıqlanmır. Ağ Ev sahibinin savaşa başlama qərarının əsas səbəbinin məhz İranın nüvə proqramının ləğvi ilə bağlı olduğunu nəzərə aldıqda, prezident Donald Trampın qələbə açıqlamasına şübhə ilə yanaşmaq lazım gəlir. Onun keçmişdəki mübahisəli məsələlərin (nüvə proqramı və s.) demək olar ki, hamısının ABŞ və İran arasında razılaşdırıldığı barədə iddiası isə böyük maraq doğurur. Çünki ABŞ lideri iki həftəlik müddətdə bu razılaşmanın yekunlaşdırılacağını və rəsmiləşdiriləcəyini də vurğulayır.

Belə anlaşılır ki, münaqişə tərəfləri arasında əldə olunmuş iki həftəlik atəşkəsin gələcək taleyi istənilən halda, qeyri-müəyyən xarakter daşıyır. Çünki Ağ Ev “keçmiş mübahisəli məsələlər”dən danışır və onların razılaşdırılacağını qabardır. Rəsmi Tehran isə bu məsələ ilə bağlı susqunluğunu hələlik qoruyaraq, yalnız İranın on maddəlik şərtlərinin qəbul ediləcəyi təqdirdə, sülh razılaşmasının mümkün ola biləcəyini vurğulayır. Və bu baxımdan, ziddiyyətli məqamlar kifayət qədərdir, üstəlik, anlaşma əldə olunmazsa, atəşkəsin yenidən pozulma ehtimalı da qətiyyən istisna deyil.

Ona görə də, Yaxın Şərq savaşının son çatması barədə yalnız ABŞ və İran arasında yekun sülh sazişinin imzalanacağı təqdirdə, əmin olmaq mümkündür. Hələliksə, savaşdan ciddi şəkildə yorulmuş, ağır zərbələr almış və silah-sursat arsenalını böyük ölçüdə tükətmiş münaqişə tərəflərinin yalnız müvəqqəti fasiləyə nail olduqlarını düşünmək olar. Və bu baxımdan, anlaşma əldə olunmazsa, hərbi əməliyyatlar bərpa edilərsə, dünyanı daha böyük kataklizmlərin gözləyə biləcəyi qətiyyən istisna deyil.

Məsələ ondadır ki, Yaxın Şərq savaşı məhz nüvə müharibəsinə çevrilmək üzrə olarkən, dayandırıldı. Prezident Donald Tramp rəsmi Tehran atəşkəsə razılaşmayacağı təqdirdə, İranı “bir sivilizasiyanı yox etmək”lə hədələyirdi. Böyük ehtimalla ABŞ silah-sursat defisiti ilə üzləşdiyindən, İrana taktiki nüvə silahı ilə zərbə endirmək variantını ön plana keçirtmək məcburiyyətində də qalmış ola bilərdi. Və yaxud da ABŞ-ın İranın mövcudluğu üçün böyük əhəmiyyət daşıyan taleyüklü obyektləri dağıtmaq qərarına gəlmiş ola biləcəyi də qətiyyən istisna deyil.

Ancaq belə anlaşılır ki, məhz bu və ya digər çoxsaylı səbəblərdən savaşın davam etməsi hər iki tərəf üçün sərfəli deyildi. Çünki ABŞ-ın İranda “bir sivilizasiyanı məhv etmək” variantını sınaqdan çıxartmasının olduqca ağır nəticələrə, həm də qlobal məkanda sərt reaksiyalara yol aça bilərdi. Böyük ehtimalla Ağ Evdə belə addımın atılmasına və onun ağır nəticələri ilə üzləşməyə o qədər də həvəsli deyildilər. Eyni zamanda, rəsmi Tehran da ABŞ-ı dağıdıcı zərbələrə məcbur buraxmaq istəmədiyindən Ağ Evin müvəqqəti atəşkəs təklifini qəbul etməyə üstünlük verdi. Və indi hər iki tərəf yaxın iki həftə ərzində Yaxın Şərq savaşının bərpa edilməməsi üçün qarşılıqlı anlaşma yollarını axtarmağa məcburdur.

Göründüyü kimi, Yaxın Şərq savaşında hələlik həm qalib gələn, həm də məğlub olan tərəf yoxdur. İndi hər iki tərəf demək olar ki, “pat vəziyyəti”nə düşmüş kimi görünür. Ona görə də, Yaxın Şərq savaşının əsas qalibini onun birbaşa iştirakçıları arasında deyil, tamamilə fəqrli istiqamətlərdə axtarmaq daha doğru olardı. Belə ki, münaqişə tərəfləri arasında vasitəçilik edərək, atəşkəsə nail olan Pakistanı əsas qalib hesab etmək mümkündür. Və eyni zamanda, Yaxın Şərq savaşına kəskin şəkildə etiraz edən, onun neqativ qlobal nəticələrinin zərbələrinə məruz qalan dünya ölkələri də müvəqqəti atəşkəslə daha “rahat nəfəs” almaq şansı qazandıqları üçün qalib sayıla bilərlər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Seçilən
16
musavat.com

1Mənbələr