AZ

“Polşa Litva tatarları Azərbaycanda”

ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Aprelin 7-də Türk Mədəniyyəti və İrsi Fondunun mənzil-qərargahında Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri, filologiya elmləri doktoru, professor Vilayət Quliyevin müəllifi olduğu “Polşa-Litva tatarları Azərbaycanda” adlı kitabın təqdimatı keçirilib.

525.az xəbər verir ki, kitabda Polşa-Litva tatarlarının Azərbaycan tarixində, xüsusilə də Azərbaycan Xalq Cümhuriyyəti dövründə oynadıqları mühüm rol geniş tarixi faktlar və arxiv materialları əsasında işıqlandırılıb.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova çıxışında Fondun yalnız Türk dünyasında deyil, dünyanın müxtəlif guşələrində yaşayan türk xalqlarının mədəni irsinin təbliği istiqamətində çoxsaylı layihələr həyata keçirdiyini vurğulayıb: “Litva tatarları” sərgisi, Litva Karaimlərinə aid konfrans, Varşava Dövlət Universiteti ilə təşkil olunan Beynəlxalq Türkologiya Konfransı, həmin universitetdə Türk Mədəni İrsi Mərkəzinin yaradılması ilə bağlı Fondun gördüyü işlər buna misal ola bilər. Əməkdaşlığın mühüm mərhəsindən biri də Litva Respublikasının Xarici İşlər nazirinin Fonda səfəri və Litva ilə Əməkdaşlıq Memorandumunun imzalanması olub”.

Professor Aktotı Raimkulova Vilayət Quliyevin müəllifi olduğu və Fond tərəfindən nəşr edilən “Polşa-Litva tatarları Azərbaycanda” adlı kitabın Litva və Polşa ilə mədəni əlaqələrin möhkəmləndirilməsinə, həmçinin həmin ölkələrdə yaşayan türk xalqlarının tarixi irsinin təbliğinə mühüm töhfə verəcəyini bildirib.

Tədbirdə çıxış edən tarix elmləri doktoru, ictimai-siyasi xadim Həsən Həsənov, Xalq yazıçısı, akademik Kamal Abdulla, əməkdar elm xadimi, professor Solmaz Rüstəmova-Tohidi, Xalq şairi Sabir Rüstəmxanlı, Milli Məclisin deputatı Hikmət Babaoğlu və Ardahan Universitetinin rektoru Prof. Dr. Öztürk Emiroğlu əsərin tarixi yaddaşın qorunması, Azərbaycan-Polşa-Litva mədəni əlaqələrinin daha dərindən öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıdığınıqeyd ediblər.

Sonda kitabın müəllifi professor Vilayət Quliyev bildirib ki, əsərin yazılmasında əsas məqsəd Polşa-Litva tatarlarının Azərbaycan tarixi ilə bağlı izlərini sistemli şəkildə araşdırmaq, eləcə də Türk dünyasının geniş coğrafiyada yayılmış irsini elmi əsaslarla təqdim etməkdir. Bununla yanaşı, müəllif kitabın ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə Türk Mədəniyyəti və İrsi Fonduna təşəkkürünü bildirib, Fond ilə qurulmuş səmərəli əməkdaşlığın gələcəkdə də uğurla davam edəcəyinə inamını ifadə edib.

Tədbirdə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri - Türk Dövlətlərinin, eyni zamanda Polşa və Litvanın Azərbaycandakı fövqaladə və səlahiyyətli səfirləri, dövlət rəsmiləri, elm, mədəniyyət və ictimai-siyasi xadimlər, beynəlxalq təşkilat rəhbərləri  eləcə də media təmsilçiləri iştirak ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
525.az

1Mənbələr