Demokrat.az saytına istinadən ain.az xəbər verir.
Siyasi analitik Taleh Şahsuvarlı Demokrat.az saytının suallarını cavablandırıb.- Taleh bəy, ABŞ-İsrail-İran savaşında atəşkəs barədə razılıq əldə edilib. Hər iki tərəf özünü qalib sayır. Bəs, əsl qalib kimdir?Hər iki tərəfin özünü qalib sayması normaldır və gözləniləndir. Bu hadisə yadımıza Türkmənçay müqaviləsini salır. Türkmənçay müqaviləsində Qacarlar kifayət qədər geniş ərazi itirmişdi, amma müqavilədə yazırdılar ki, şükür ki savaş xoşbəxt sonluqla bitib. İran 40 gün boyunca bu müharibədə ancaq “özü üzərində” qalib gəlib, özü üzərində də qalib gəlməyin axırı bu cür “xoşbəxtliklə” bitir. ABŞ-yə gəlincə, onun savaş strategiyası məhz ona hesablanmışdı ki, İran masaya otursun. Tehran rejimi masaya oturmaqdan, daha doğrusu oturaraq təslim olmaqda imtina etdikcə, ABŞ hərbi təzyiqi artırır, “masaya gəl” deyirdi. Əgər İran ABŞ-nin şərtlərini elə indiki ölçüdə daha öncə qəbul etsəydi bu müharibə olmayacaq, yaxud ilk həftə bitəcəkdi. Prosesi uzatmaqla İran daha çox zərbə aldı və nəhayət Trampın ultimatumunu qəbul etməli oldu. Bu, ABŞ üçün arzulanan ssenari idi.- ABŞ bu ssenaridə niyə maraqlı idi?Bir çox səbəbdən. Ən mühüm səbəb isə budur ki, ABŞ İranın xaosa yuvarlanmasını istəmir. Ağ evin məqsədi İran üzərində siyasi nüfuzunu bərpa etməkdir. Buna nail oldu. Sadəcə, Sazişin imzalanması lazımdır ki, məsələ rəsmiləşsin.- Sazişdə hansı şərtlər yer alacaq?Trampın açıqlamaları göstərir ki, onun administrasiyasının irəli sürdüyü 15 bəndə İran 10 maddə halında Ağ evi qane edəcək cavab verib. Detallar, əlbəttə, razılaşdırılacaq. Amma hər kəs başa düşür ki, İranın verdiyi vəddən qaçması mümkün deyil. Əks halda, Tramp daha “Qum saatı” quraşdıracaq deyil. O da ola bilər ki, danışıqlar uzansın, saziş 2 həftə ərzində imzalanmasın, amma çərçivə artıq bəllidir. Lakin İran situasiyanı qeyri-müəyyən vaxtadək uzada bilməyəcək. Vensin açıqlamaları da bu yöndədir. Üstəlik, İsrail faktoru da var. İsrail aydın başa düşür ki, İran məsələsi Trampın hakimiyyət dövründə həll olunmalıdır.- Bəs, bu sazişin İran üçün məqbul tərəfləri nədir?İran tamamilə məhv olmaqdan qurtuldu və ABŞ-dəkı aktivlərinin bərpa olunması, sanksiyaların götürülməsi ilə maddi gəlirlər əldə edəcək. Lakin bunlar rejimi qorumağa kifayət etmir. Hər halda, Pakistanın vasitəçiliyi və Çinin təsiri ilə İran elitası kapitulyasiyadan transformasiya xəttini tutdu. Lakin ən önəmli məsələ budur ki, İranın ipi artıq ABŞ-nin əlindədir və bu, regionda yeni balans deməkdir.- Bəs, İrandakı rejim kapitulyasiyadan transformasiyaya xəttindən imtina etsə?Əgər indiki halda tərəflər hansısa kritik problemi dondurmağa çalışsalar, yaxud “ara sakitləşsin, sonra yenidən işimizdə olarıq” məntiqi ilə prosesə baxsalar, bir-iki il sonra yenidən münaqişə alovlana bilər. O zaman İran da daha çox itirər, ABŞ də! İndi ABŞ İranın problem hesab etdiyi bütün sahələrdəki fəaliyyətini kontrola götürmək və məsələləri dinc üsulla həll etmək istəyir. Bunun üçün isə silahı Tehranın başından heç zaman çəkməyəcək.- İran rejiminin ayaqda qalmasını ABŞ-nin məğlubiyyəti saymaq olarmı?Xeyr, olmaz. Əvvəla, İranda heç bir yeni qüvvə ABŞ qarşısında təslimiyyət aktına imza atmaq istəməzdi. İndi mollaların özü atacaq bu imzanı. Digər tərəfdən, ABŞ üçün rejimin dəyişməsi prioritetdir, amma dərhal yox. Əgər müharibənin ilk günü keçirilən əməliyyatdan sonra rejim çöksəydi, SEPAH-ın silahları başıpozuq qüvvələrin əlinə keçə bilərdi. Bu isə tam xaos demək olardı. ABŞ-yə İranda nüfuzunu bərpa etmək, Yaxın Şərqdə vəziyyəti sabitləşdirmək lazımdır. Yeni və uzunmüddətli münaqişə ABŞ üçün arzuolunmazdır. Xəmneyinin ölümü onsuz da İranda rejimin sorğulanmasını gündəmə gətirəcək və islahat çağırışları yüksələcək. Bu, İranda yeni proseslərin başlaması deməkdir. - İddia olunur ki, İsrail bu atəşkəs razılaşmasından narazıdır və danışıqlar prosesini poza bilər. Siz necə düşünürsünüz?İsrail, aydın məsələdir ki, öz təhlükəsizlik maraqlarından çıxış edir və onu yer üzündən silməyə hazırlaşan bir rejimi bölgədə istəmir. Ancaq ABŞ ilə sazişdən sonra İranda anti-sionizm, anti-amerikanizm təbliğatı zəifləyəcək. Əsas problem olaraq İranın proksi qüvvələridir. İran onları qorumaq istəyir, ABŞ isə Tehranın Hizbullaha, Həmasa dəstəyinin tam kəsilməsini. Çünki proksi qüvvələri olmayan İran regional güc demək deyil. Lakin inanmaq çətindir ki, bu məsələdə ABŞ güzəştli mövqe tutacaq. Çünki dondurulmuş aktivlərin ABŞ-nin terrorçu saydığı, İsrailə bilavasitə təhdid yaradan qüvvələrin cibinə getməsinə heç kim razı olmaz. Ümumiyyətlə, görünən odur ki, ABŞ-nin bütün əsas şərtlərini Tehran prinsipcə qəbul edib.Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.