Aprelin 7-də Rumıniyanın Qalati şəhərindəki Damen Shipyards (Niderland) şirkətinin gəmiqayırma zavodunda Portuqaliya donanması üçün inşa edilən “Juan İkinci” (D. João II) çoxməqsədli gəmi suya salınıb.
Herbiand.az bildirir ki, suya salınma mərasimində Portuqaliya donanmasının vitse-admiralı Pires, Rumıniya donanmasının kontr-admiralı Nekulae, həmçinin Portuqaliya və Niderlandın Rumıniyadakı səfirləri iştirak ediblər.
Gəmi 1481-ci ildən 1495-ci ilə qədər hakimiyyətdə olan və Böyük coğrafi kəşflər dövrünə verdiyi töhfələrlə tanınan Portuqaliya kralının adını daşıyır.
Gəmi tropik və mülayim iqlim şəraitində fasiləsiz işləmək üçün nəzərdə tutulub.
Gəminin su tutumu 7000 ton, uzunluğu 107 metr, eni 20 metrdir. Təxmini heyət üzvü sayı 48 nəfərdir. Döyüş əməliyyatları zamanı 100-ə qədər mütəxəssis və ya 300-ə qədər hərbi qulluqçu yerləşə bilər. Həmçinin müvəqqəti olaraq 42 şəxs də qəbul oluna bilər.
Bəxtiyar CƏFƏRLİ