“İranın 10 maddəlik təkliflərindən əvvəl ABŞ-nin 15 maddəlik tələbləri irəli sürülmüşdü”.
Bunu politoloq Polad Mehdiyev ABŞ ilə İran arasında atəşkəslə bağlı əldə olunan razılıqdan danşarkən Bakıvaxtı.az-a bildirib.
Onun sözlərinə görə, müzakirələrdən sonra Pakistan vasitəsi ilə iki həftəlik atəşkəs razılığı əldə olunub:
“Tərəflər iki həftəlik zaman ərzində öz şərtlərini təqdim edəcəklər. İranın irəli sürdüyü şərtlər kifayət qədər ağırdır. Yəni bütün bəndlər İranın prosesdən uduşlu çıxmasına hesablanmış şərtlərdir. Burada beynəlxalq sanksiyaların götürülməsindən söhbət gedir. Bu da bir növ kapitulyasiya şərtləridir”.
Müsahibimiz bu şərtlər daxilində razılaşmanın baş tutacağını güman etmir. Dediyinə görə, amma o da realdır ki, tərəflər artıq atəşkəsə razılıq vermişdilər:
“Müharibənin davam etdirilməsi tərəflərin maraqlarına uyğun gəlmirdi. Bu baxımdan, düşünürəm ki, ortaq məxrəcə gəlinərək kompramis əldə etmək mümkün olacaq. Tərəflərin hamısı atəşkəsi özü üçün “qələbə” kimi dəyərləndirsə də, etiraf etmək lazımdır ki, müharibə İrana çox ciddi zərbələr vurdu. İran iqtisadiyatına, regional siyasi təsir imkanlarına ciddi xələl yetirdi, ölkənin hərbi ehtiyatları sıradan çıxdı. Uranın zənginləşdirilməsi prosesi bir neçə il geriyə düşdü. Ancaq İran prosesdə mənəvi üstünlük əldə etdi. ABŞ-nin Yaxın Şərqdə siyasi dominantlığının qarşısı alındı”.

Polad Mehdiyev: Məqsəd daha ciddi şəxslər timsalında danışıqları davam etdirmək və ilkin nəticələrə nail olmaqdır
Analitik əlavə edib ki, danışıqlarla bağlı ABŞ və İranın rəhbərliyi tərəfindən müştərək qərar qəbul olunub:
“İranın ali rəhbərinin atəşkəs razılaşması ilə bağlı yazılı məktubunun olduğu bildirilir. Eyni zamanda ABŞ prezidenti Donald Trampın məsələ ilə bağlı razılığı var. Danışıqlar üçün ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin və İranın parlament sədri Məhəmməd Bağır Qalibafın seçilməsi də təsadüfi deyil. Bilirik ki, ABŞ-dən bu məsələlərlə bağlı əsasən Stiv Uitkoff məşğul olurdu. Ceyms Devid Vensin seçilməsi daha müstəqil, daha ağır çəkili və İsrail mərkəzli olmayan şəxsin danışıqlara daxil edilməsidir. Qalibaf isə İranda hazırda ən yüksək vəzifələrdən birini icra edən nüfuzlu şəxsdir. Yəni məqsəd daha ciddi şəxslər timsalında danışıqları davam etdirmək və ilkin nəticələrə nail olmaqdır. Məncə, tərəflər ən doğru seçimləri ediblər”.
Aydın Baxış