AZ

İran müharibəsində atəşkəs Bakı-Tehran münasibətində yeni mərhələ açdı...



Mətin Məmmədli: “... Azərbaycan-İran münasibətləri gələcəkdə yalnız inkişaf edə bilər”

ABŞ Prezidenti Donald Tramp İranla iki həftəlik atəşkəsi qəbul etdiyini açıqlayıb. Tramp bu barədə “Truth” sosial şəbəkəsində paylaşım edib. Onun sözlərinə görə, Pakistanın Baş naziri Şahbaz Şərif və ölkənin feldmarşalı Asim Munir ilə aparılan danışıqlardan sonra belə qərar qəbul edilib. Tramp bildirib ki, tərəflər İran ərazisinə yönəlmiş “dağıdıcı qüvvənin” qarşısının alınmasını xahiş edib.

Açıqlamada qeyd olunur ki, İran İslam Respublikası Hörmüz boğazının tam, dərhal və təhlükəsiz şəkildə açılmasına razılıq verib. Bunun qarşılığında ABŞ tərəfi İranın bombardmanını və hücumlarını iki həftəlik müddətə dayandırmağa razılaşıb. Bu addımın ikitərəfli atəşkəs kimi qiymətləndirildiyi vurğulanıb.

Tramp bildirib ki, qərarın əsas səbəbi artıq hərbi məqsədlərə nail olunması və İranla uzunmüddətli sülh sazişi istiqamətində ciddi irəliləyişin əldə edilməsidir. Onun sözlərinə görə, İran tərəfindən təqdim edilən 10 maddəlik təklif danışıqlar üçün real əsas yaradır.

ABŞ Prezidenti əlavə edib ki, əvvəlki mübahisəli məsələlərin böyük hissəsi artıq razılaşdırılıb və iki həftəlik fasilə yekun sazişin hazırlanması və həyata keçirilməsi üçün imkan yaradacaq.

Tramp çıxışında Yaxın Şərqdə uzunmüddətli sabitliyə nail olunmasının vacibliyini vurğulayaraq, bu prosesdə iştirak etməyi “şərəf” adlandırıb.

İran da atəşkəsi təsdiqləyir…

İranın xarici işlər naziri Abbas Əraqçi isə yaydığı bəyanatda Pakistanın Baş naziri Şahbaz Şərif və feldmarşal Asim Munirə bölgədə müharibənin dayandırılması istiqamətində göstərdikləri səylərə görə təşəkkür edib.

Nazir qeyd edib ki, Şərifin çağırışı, həmçinin ABŞ tərəfindən irəli sürülən 15 bəndlik təklif və ABŞ Prezidentinin İranın 10 bəndlik planını danışıqlar üçün əsas kimi qəbul etməsi fonunda İran öz mövqeyini müəyyənləşdirib.

Onun sözlərinə görə, İranın Ali Milli Təhlükəsizlik Şurası adından bildirilir ki, ölkəyə qarşı hücumlar dayandırılacağı təqdirdə, İran Silahlı Qüvvələri də müdafiə əməliyyatlarını dayandıracaq.

Əlavə olunub ki, iki həftə ərzində texniki məhdudiyyətlər nəzərə alınmaqla və hərbi qurumlarla koordinasiya şəraitində Hörmüz boğazından təhlükəsiz keçidin təmin edilməsi mümkün olacaq.

Razılaşma Pakistanın vasitəçiliyi ilə əldə olunub.

İranla atəşkəs uzun müddətli sabitlik gətirə bilsə, bundan sonra Azərbaycan- İran münasibətləri necə olacaq?

Siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli baki-xeber.com-a bildirdi ki, Azərbaycan həmişə ABŞ/İsrail və İran müharibəsinin danışıqlar, diplomatiya yolu ilə həllinin tərəfdarı kimi çıxış edib. “Yəni bu bizim dəyişməyən mövqeyimizdir. Ölkəmiz nəinki regionda, ümumiyyətlə dünyada möhkəm sülhün, əmin-amanlığın formalaşmasında maraqlıdır. Xüsusilə də yerləşdiyimiz regionda. Azərbaycan uzun müddətli sülhün əldə olunmasında maraqlıdır. Bütün problemlər, anlaşılmazlıqlar güc yolu ilə deyil, diplomatiya, danışıqlar yolu ilə öz həllini tapmalıdır. Uzun müddətli sülh əldə olunarsa İran-Azərbaycan münasibətlərinin perspektivi ilə bağlı proqnoz verərkən təbiidir ki, hər iki tərəfin mövqeyinə nəzər salmalıyıq. Yəni Azərbaycanın mövqeyi dəyişmir. Biz bütün ölkələrlə, o cümlədən qonşu dövlətlərlə münasibətlərin inkişaf etdirilməsinə üsünlük veririk”.

M.Məmmədli qeyd etdi ki, xüsusən də qonşu dövlətlərlə mehriban qonşuluq münasibətlərinə üstünlük veririk. Müsahibimiz hesab edir ki, yalnız beynəlxalq hüquq normalarına uyğun olan, ölkələrin milli maraqlarını nəzərə alan və ölkələr üçün faydalı olan əlaqələr sülhü, əmin-amanlığı, təhlükəsizliyi təmin edə bilər, bu bizim dəyişməyən mövqeyimizdir. “İki tərəfli münasibətlərdən danışırıqsa təbii ki, digər tərəfin də mövqeyinə nəzər salmalıyıq. İran Azərbaycan münasibətlərinin gələcəyi ilə bağlı Azərbaycanın mövqeyini qeyd etdim. Azərbaycan-İran əlaqələrinin gələcəyi həm də İranın mövqeyindən aslı olacaq. Yəni İran hansı siyasəti həyata keçirəcək, hansı addımlar ataca, hansı davranış nümayiş etdirəcək? Yəni İran da Azərbaycanın gözləntilərinə uyğun olaraq qeyd etdiyimiz kimi mehriban qonşuluq münasibətlərinə üstünlük verəcəksə, beynəlxalq hüquq normaları, müxtəlif məsələlərdə Azərbaycanın milli maraqlarını nəzərə alacaqsa təbii ki, Azərbaycan-İran münasibətləri gələcəkdə yalnız inkişaf edə bilər. Münasibətlərin perspektivinə, inkişaf edəcəyinə inanmaq olar. İki ölkə arasında münasibətlərin gələcəyinindən danışırıqsa hər iki ölkənin də mövqeyinə diqqət yetirməliyik”-deyə M.Məmmədli vurğuladı.

İradə SARIYEVA

Seçilən
11
baki-xeber.com

1Mənbələr