AZ

9 uşaq, 1 reallıq - Ailə planlaması niyə vacibdir?

“Uşağı verən, ruzisini da verər” prinsipinə söykənib tanrıya ümid yaşayanlar, övladlarının şəraitinə, gələcəyinə laqeyd yanaşanlar təəssüf ki, günümüzdə də var. Halbuki müasir dövrdə çox övlad sahibi olmaq təkcə fələyə güvənmək deyil, həm də sosial məsuliyyətdir. Sumqayıt şəhərində 9 uşaqlı bir ailənin vəziyyəti bu problemi yenidən gündəmə gətirdi: belə bir ailənin acınacaqlı vəziyyəti göstərir ki, məsələ artıq fərdi seçim çərçivəsini aşır və ictimai problemə çevrilir.

İmkansızlıq içində, psixoloji cəhətdən dəyişkən valideynlərdən dünyaya gələn uşaqlar sadəcə əhali sayını artırır. Axı təhsil, sağlamlıq və qidalanma baxımından yetərli şərait olmadan böyüyən uşaqların topluma necə fayda verəcəyi məsələsi isə təkcə həmin ailənin yox, bütövlükdə cəmiyyətin problemidir. Belə olduqda istər-istəməz sual yaranır: hər kəs istədiyi qədər övlad dünyaya gətirməlidirmi?

Bu məsələdə ailə planlaması və dövlətin sosial siyasəti arasında balans necə qurulmalıdır?

Məsələn, BMT-nin Əhali Fondu uzun illərdir reproduktiv sağlamlıq, ailə planlaması və ana-uşaq sağlamlığı ilə bağlı proqramlar həyata keçirir. Azərbaycanda da 1990-cı illərdən başlayaraq ailə və uşaq planlaması və kontrasepsiya (arzuolunmaz hamiləliyin qarşısını almaq) barədə maarifləndirmə kampaniyaları  aparılır. Sadəcə Azərbaycanda bu məsələ bəzi digər ölkələrdəki kimi sərt demoqrafik dövlət siyasəti şəklində olmayıb. Daha çox könüllü, maarifləndirici yönəlik olub.

Bəs hazırda, bu cür ailələrin hələ də mövcud  olduğua görə ölkədə uşaq planlama siyasəti sərtləşdirilə bilərmi?

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən millət vəkili Elnarə Akimova bildirdi ki, çoxuşaqlı ailələrdə müşahidə olunan çətinliklər – uşaqların elementar ehtiyaclarının ödənilməsində yaranan problemlər məsələyə daha həssas yanaşmanı zəruri edir.

Tənzimləyici mexanizmlərə gəlincə, dünya təcrübəsinə baxdıqda fərqli yanaşmaların mövcuddur. Məsələn, bəzi ölkələrdə uzun illər sərt demoqrafik siyasət tətbiq olunub və doğum sayına məhdudiyyətlər qoyulub. Digər tərəfdən, Avropa ölkələrinin əksəriyyətində isə əksinə, doğum səviyyəsini artırmaq üçün dövlət tərəfindən stimullaşdırıcı tədbirlər – sosial müavinətlər, vergi güzəştləri, analıq və atalıq məzuniyyətləri kimi dəstək mexanizmləri həyata keçirilir.

Məsələ nəzarətsiz qalmamalıdır

“Azərbaycanda isə vəziyyət daha fərqli və həssasdır. Burada sərt demoqrafik qaydaların tətbiqi nə hüquqi, nə də sosial baxımdan məqsədəuyğun görünür. Çünki ailə qurmaq və övlad sahibi olmaq insanın fundamental hüquqlarından biridir. Bu sahədə inzibati məhdudiyyətlər tətbiq etmək cəmiyyət tərəfindən də birmənalı qarşılanmaya bilər”.
 

Bununla belə deputat vurğulayır ki, məsələ nəzarətsiz qalmamalıdır. Ailə planlaması mütləq şəkildə təşviq olunmalı, bu istiqamətdə maarifləndirmə işi gücləndirilməlidir. Eyni zamanda, reproduktiv sağlamlıqla bağlı maarifləndirmə kampaniyaları da vacibdir. Yəni, dövlətin rolu daha çox dəstəkləyici və tənzimləyici olmalıdır. Məsələni sərt qadağalar prizmasından deyil, məsuliyyətli yanaşma və sosial dəstək müstəvisində dəyərləndirmək daha doğru olar.


“Hər bir ailə övlad sayını planlaşdırarkən öz maddi imkanlarını, sosial şəraitini və psixoloji hazırlığını nəzərə almalıdır. Övladın sayı ailənin büdcəsi və imkanları daxilində olmalıdır ki, hər bir uşaq sağlam, təhlükəsiz və layiqli şəraitdə böyüsün”.

Şəfiqə Şəfa, Bizim.Media

Seçilən
7
bizim.media

1Mənbələr