AZ

Qırğızıstanlı ekspert TDT ölkələri hökumət başçılarının Bakı görüşünün Türk dünyası üçün həlledici amil olmasının səbəbləri barədə – ŞƏRH

Bakı, 8 aprel, AZƏRTAC

Bu yaxınlada Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin ikinci görüşü təkcə koordinasiya xarakteri daşımırdı. Bu, mahiyyətcə, strateji seçim səviyyəsində qərarların qəbul ediləcəyi Türküstan Zirvə görüşü ərəfəsində mövqelərin müəyyən dərəcədə uyğunlaşdırılması mərhələsi idi.

Bu fikirləri AZƏRTAC-a Qırğızıstan politoloqu Mars Sariyev ifadə edib.

Politoloqun fikrincə, Türküstan görüşünün konteksti TDT-nin daxili gündəliyi ilə deyil, xarici amillərlə, ilk növbədə, İran ətrafındakı gərginlik və Yaxın Şərqdəki ümumi kataklizmlərlə müəyyən edilir.

O əlavə edib: “Türk dövlətlərinin nümayişkaranə şəkildə təmkin göstərməsi dövrü başa çatmaqdadır. Çox güman ki, Türküstan Zirvə görüşü bu fasiləni pozmaq üçün bir məqam olacaq. Əsas məsələ budur: türk dövlətləri regionun proksi münaqişə zonasına çevrilməsini istəmir və İranı strateji zəiflik nöqtəsinə qədər zəiflətməkdə maraqlı deyil. Bu, sərt, praqmatik formada çoxvektorlu siyasətdir - tarazlıq deyil, məcburi seçimdən yayınmaqdır”.

M. Sariyev diqqətə çatdırıb ki, belə olan halda, Türk Dövlətləri Təşkilatının ittifaq kimi deyil, hər birinin öz maraqlarını müdafiə etdiyi dövlətlərin vəziyyətdən asılı olan koalisiyası kimi hərəkət etdiyini anlamaq vacibdir. Agentliyin həmsöhbəti belə bir nəticəyə gəlib: “Beləliklə, Türküstan Zirvə görüşü bəyanatlardan daha çox, daxili konsensus sammiti olacaq: TDT Yaxın Şərq münaqişəsində neytraldır, eyni zamanda, öz maraqlarını nəzərə almadan güclərin yenidən bölüşdürülməsini qəbul etmir. Bu xəttin davam etdiriləcəyi təqdirdə, türk dövlətləri ilk dəfə xarici təzyiq obyekti kimi deyil, regional siyasətdə müstəqil amil kimi ortaya çıxa biləcək”, - deyə ekspert sözlərini yekunlaşdırıb.

Müxbir - Leyla Muradzadə

Seçilən
14
1
azertag.az

2Mənbələr