AZ

Deputat: “İran müharibəsi başa çatdıqdan sonra neftin dünya bazarında qiymətlərində azalmalar olacaq”

“Regionda stabillik və sülh Azərbaycanın həm iqtisadi, həm də strateji maraqlarına uyğundur. İran müharibəsi başladıqdan sonra Azərbaycan birmənalı şəkildə regionda sülhün əldə edilməsini, eyni zamanda danışıqların davam etdirilməsini dəstəkləyən ölkə idi. Bu baxımdan, Amerika və İran arasında atəşkəsin əldə edilməsi, regionda stabilliyin formalaşması Azərbaycanın maraqlarına uyğundur. Təbii ki, Azərbaycan neftin dünya bazarında stabil qiymətlərində də maraqlıdır. Kəskin artımlar həm də bir volatillik formalaşdırır. Volatillik əslində öncədən gözləndiyi kimi həm də sonrakı dövrdə qiymətlərin azalmasına gətirib çıxarır. Bu kontekstdə Azərbaycan üçün stabil qiymətlər daha vacib idi. Gözlənirdi ki, İran müharibəsi başa çatdıqdan sonra neftin dünya bazarında qiymətlərində azalmalar olacaq. Azalmalar elə ilk gündən müşahidə olunub. Neftin dünya bazarında qiyməti, təxminən, 15 %-ə yaxın azalıb”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

 

Deputat bildirib ki, növbəti dəfə qiymətlərin dəyişməsi Hörmüz boğazı vasitəsilə daşınan yüklərin əvvəlki kimi maneəsiz daşınıb-daşınmaması, eləcə də iki həftəlik atəşkəsdən sonra münasibətlərin hansı səviyyədə olmasından asılı olacaq: “Digər tərəfdən neft təklifinin də burada xüsusi payı var. Çünki körfəz ölkələrində neft hasilatı azalıb. Dünya bazarına çıxarılan neftin həcmində də azalmalar var. Bu da neftin qiymətinə təsir göstərir. Mövcud qiymət Azərbaycanın, eləcə də neft ixrac edən digər ölkələr üçün məqbuldur. Ümumiyyətlə, qiymətləndirmələr göstərir ki, neftin bir barrelinin 80 dollar ətrafında deyişməsi həm istehsalçı, həm də istehlakçı qiymətləri üçün məqbuldur. Buna görə də Azərbaycan və digər istehsalçı ölkələr üçün bir barrel neftin qiymətinin 80 dollar olması praktiki olaraq həmin dövlətlərin valyuta gəlirlərinin qorunub saxlanılmasına, dünya bazarında qiymət artımlarının qarşısının alınmasına istehsal xərclərinin optimallaşdırılmasına imkan yaradır. Bu kontekstdən təbii ki, neftin dünya bazarında qiyməti 80-90 dollar intervalında stabilləşərsə, bu, neft hasil edən ölkələr üçün məqbul hesab olunacaq”.

 

Aytəkin Qardaşova

Tarix: 8 Aprel 2026, 15:49   
Seçilən
49
1
pravda.az

2Mənbələr