AZ

"Belə vəziyyətlərdə necə davranmaq lazım olduğunu bilirik" - "Ayın qolu" layihəsinin qalibi

1-ci Liqanın 21-ci turu çərçivəsində sabah lider "Şəfa" digər iddialı "Səbail"i qəbul edəcək. "Şəfa"nın təcrübəli müdafiəçisi Tərlan Quliyevlə ilə əlaqə saxlayıb qarşıdakı matç barədə fikirlərini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Səbail"ə də qələbə lazımdır, bizə də. Görüşün çətin keçəcəyi bəllidir. Oyuna maksimum nəticə qazanmaq üçün çıxacağıq. 

Ötən tur səfərdə "Mingəçevir"ə uduzduq. Onsuz da bilirdik ki, məğlubiyyətsiz oyunlar seriyası nə vaxtsa qırılacaq. Bu, mövsümdə ilk yenilgimiz oldu. Həmin matçı ertəsi gün unutmuşuq. Belə vəziyyətlərdə necə davranmaq lazım olduğunu bilirik. Oxşar hadisələrlə əvvəllər çox qarşılaşmışıq. Diqqətimizi qarşıdakı oyunlara yönəltməliyik. Məqsədimiz "Səbail" üzərində qələbə qazanmaqdır. Rəqib də yaxşı komandadır. Kim güclüdürsə, o da qalib gələcək.

Çempionatın 17-ci turunda "Şahdağ Qusar"ı məğlub etdikləri (2:1) matçın 58-ci dəqiqəsində cərimə zərbəsindən vurduğu qol "Ayın qolu" layihəsində ən yaxşı seçilən Tərlan bu məqama da münasibət bildirdi: "Difai"yə də cərimə zərbəsindən qol vurmuşdum. "Şahdağ"la oyunda da topa inamla yaxınlaşdım. Fürsəti dəyərləndirə biləcəyimə inanırdım. Şükürlər olsun ki, top istədiyim yerə getdi. İmkan yarandıqca belə qollar vurmağa, ardını gətirməyə çalışacağam".

Qeyd edək ki, "Şəfa" - "Səbail" qarşılaşması Binə qəsəbə stadionunda baş tutacaq. Matçın start fiti 15:00-da səsləndiriləcək.

Toğrul

Seçilən
1
1
fanat.az

2Mənbələr