AZ

SEPAH-dan SƏRT XƏBƏRDARLIQ: "Məhv edəcəyik"

Hörmüz boğazı yaxınlığında hərəkət edən gəmilər İran Hərbi Dəniz Qüvvələrindən bu su yolundan keçmək üçün xüsusi icazənin alınmasının zəruriliyi barədə xəbərdarlıqlar alırlar.

Musavat.com "The Wall Street Journal" nəşrinə istinadən xəbər verir ki, gəmilərə icazəsiz keçid cəhdi göstərəcəkləri təqdirdə məhv edilə biləcəkləri barədə xəbərdarlıq edilib.

İranın dövlət televiziyasının sədr müavini Həsən Abedini hesab edir ki, hər gəmidən 2 milyon dollar rüsum alınacağı təqdirdə, ölkənin illik gəliri azı 64 milyard dollara çata bilər.

"Hörmüz boğazı İranın ağıllı idarəçiliyi altında olan bir dəhlizə çevrilib. Keçən il boğazdan 32 min gəminin keçdiyini və hər birindən 2 milyon dollar alındığını nəzərə alsaq, İran təxminən 64 milyard dollar gəlir əldə edə bilər", - deyə o, dövlət televiziyasının efirində bildirib.

Xatırladaq ki, aprelin 7-də ABŞ prezidenti Donald Tramp İranla iki həftəlik qarşılıqlı atəşkəs elan edib.

Elə həmin gün "The New York Times" qəzeti anonim İran rəsmilərinə istinadən yazıb ki, Tehranın müharibəni dayandırmaq üçün təklif etdiyi plan Hörmüz boğazından keçən gəmilər üçün 2 milyon dollar məbləğində ödənişin tətbiqini nəzərdə tutur.

Bu arada "Bloomberg" agentliyi Hörmüz boğazında 800 gəminin ilişib qaldığını xəbər verir. Gəmi sahibləri boğazı müvəqqəti aça biləcək ABŞ-İran atəşkəs razılaşmasının təfərrüatlarını anlamağa çalışırlar. İran tərəfi müəyyən məhdudiyyətlərlə iki həftəlik təhlükəsiz keçiddən bəhs etdiyi halda, Tramp boğazın dərhal və tam açılacağını vəd edir. Həmçinin tranzit ödənişləri və atəşkəsin qüvvəyə minəcəyi dəqiq tarix hələlik müəyyənləşməyib.

"Kpler"in məlumatına görə, hazırda körfəzdə 426 neft və yanacaq tankeri, 34 maye qaz (LNG) tankeri, 19 maye təbii qaz tankeri, həmçinin quru yük və konteyner daşıyan gəmilər blokadadadır.

Musavat.com

Seçilən
32
1
musavat.com

2Mənbələr