AZ

Ermənistanda siyasi döyüş başlayıb, seçkilər gərginliyi artıracaq ANALİZ

ain.az bildirir, Sherg.az portalına istinadən.

Oqtay Qasımov: ”Paşinyan üstün olsa da, təkbaşına hökumət üçün zəmanət yoxdur”

Nikol Paşinyan ilə Samvel Karapetyan arasında seçkilər öncəsi siyasi qarşıdurma kəskinləşib. Həbsdə olan və “Güclü Ermənistan” partiyasını yaradan Karapetyan parlament seçkilərində iştirak etmək istəsə də, ikili vətəndaşlığı səbəbilə hüquqi maneələrlə üzləşir.  Ermənistan Baş naziri Nikol Paşinyan onu qorxmamağa çağıran rusiyalı milyarder, müxalif “Güclü Ermənistan” partiyasının baş nazirliyə namizədi Samvel Karapetyana cavab verib.

 o, sosial mediada paylaşım edib: “Kaluqalı Samvel öz əlaltıları vasitəsilə məni qorxmamağa çağırır. Necə “qorxmayım”? “Qorxuram” ki, ilin sonuna qədər milyarderdən evsiz birinə çevriləcəksən”. Paşinyanın sərt cavabı seçkiqabağı mübarizənin gərgin və aqressiv xarakter aldığını göstərir.

Xatırladaq ki, həbsdə olarkən “Güclü Ermənistan” adlı partiya quran Samvel Karapetyan qarşıdakı parlament seçkilərində iştirak etmək niyyətindədir. Partiyası onun baş nazirliyə namizədliyini irəli sürüb. Amma ikili vətəndaşlığı olduğu üçün namizəd olmasının qarşısında qanuni əngəl var.

Samvel Karapetyan ötən il iyunun 18-də hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlar etmək ittihamı ilə həbs edilib.

Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.

Politoloq Oqtay Qasımov Sherg.az-a bildirib ki, seçkilər ərəfəsində Ermənistanda siyasi rəqabət daha da güclənəcək və daxili siyasi vəziyyət gərginləşəcək. Onun fikrincə, bu prosesin ilkin əlamətləri artıq açıq şəkildə müşahidə olunur. Xüsusilə, Rusiyanın dəstəklədiyi müxalif qüvvələr Nikol Paşinyan hakimiyyətinə qarşı genişmiqyaslı təbliğat apararaq onu təzyiq altında saxlamağa çalışırlar. Bu istiqamətdə ən fəal fiqurlardan biri isə Samvel Karapetyan və onun ətrafıdır:

“Karapetyan Rusiyadan birbaşa dəstək alır və hətta Vladimir Putin Paşinyanla görüşündə onun seçkilərdə iştirakı məsələsini dolayı şəkildə gündəmə gətirdi. Paşinyan isə Ermənistan qanunvericiliyinə istinad edərək Karapetyanın seçkilərdə iştirakının mümkün olmadığını dilə gətirdi”. 

Politoloq qeyd edib ki, tərəflər arasında qarşılıqlı ittihamlar getdikcə kəskinləşir. Xüsusilə, Karapetyan öz maliyyə imkanları və ölkə daxilindəki təsirindən istifadə edərək hakimiyyətə təzyiq göstərməyə və seçkilərdə üstünlük qazanmağa çalışır.

Mövcud rəy sorğuları isə göstərir ki, heç bir siyasi qüvvənin seçkilərdə təkbaşına qələbə qazanmaq şansı yüksək deyil. Seçkilərə hələ müəyyən vaxt qaldığını nəzərə alsaq, ictimai rəydə dəyişikliklərin baş verməsi də istisna olunmur. Bununla belə, Paşinyanın Karapetyana verdiyi sərt cavab yaxın günlərdə siyasi ritorikanın daha da kəskinləşəcəyindən xəbər verir”.

O. Qasımovun fikrincə, Karapetyan revanşist və rusiyayönümlü qüvvələr üçün yeni siyasi fiqur kimi çıxış edir və bu, müəyyən seçici qruplarında ona marağın artmasına səbəb ola bilər. Bununla belə, politoloq Paşinyanın seçkilərə qədər hər hansı ciddi hüquqi və ya siyasi məhdudiyyətlər tətbiq edəcəyini real hesab etmir. Onun qənaətinə görə, Paşinyan seçkilərin mümkün qədər azad və demokratik keçirilməsində maraqlıdır ki, sonradan bu proses ona qarşı istifadə olunmasın: “Sorğular Paşinyan və onun komandasının reytinq baxımından rəqiblərini qabaqladığını göstərsə də, bu üstünlük onun təkbaşına hökumət qurmasına zəmanət vermir. Paşinyan isə məhz təkbaşına hakimiyyət formalaşdıraraq həyata keçirdiyi siyasi kursu davam etdirmək niyyətindədir. Bu məqsədə nə dərəcədə nail olacağı isə qarşıdakı seçkilərin nəticəsindən asılı olacaq”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
sherg.az

1Mənbələr