Böyük Britaniyada beş yaşlı Meysonun gözünün hədsiz şişməsi müşahidə olunub.
Redaktor.az xəbər verir ki, onun hekayəsini "Daily Mirror" nəşri yayıb.
Uşağın anası ilk dəfə 2025-ci ilin iyul ayında sol gözün irəli doğru çıxmağa başladığını müşahidə edib. Həkimlər əvvəlcə vəziyyəti izləmək qərarına gəlsələr də, növbəti üç ay ərzində şiş böyüməyə davam edib. Meyson həmçinin gözündə və başının daxilində ağrılardan şikayət etməyə başlayıb.
Aparılan MRT müayinəsi nəticəsində onda çoxsaylı meningioma – yəni beyin şişləri aşkar olunub. Bildirilib ki, şişlər hər iki gözün arxasında və burun nahiyəsində yerləşir.
Sol gözün arxasındakı şiş görmə sinirinə təzyiq göstərərək uşağın görmə qabiliyyətinin zəifləməsinə səbəb olub. Bundan əlavə, o, danışıq və udma çətinlikləri də yaşayıb. Həkimlər görməni xilas etmək üçün təcili əməliyyat qərarı veriblər.
“Bizə dedilər ki, şişlər onun alın nahiyəsində, gözlərin arxasında, burun üstündə, hipofiz vəzində və kəllə dibində yerləşir. Bu, çox ağır əməliyyat olacaq və uşaqlarda belə hal nadir görülür”, – deyə ana bildirib.
Əməliyyatdan az əvvəl uşağın qulağının arxasında və boyun nahiyəsində daha iki yeni şiş də aşkarlanıb. Göz üzərində aparılan cərrahi müdaxilə uğurlu keçsə də, göz hələ də bir qədər çıxıq vəziyyətdədir və Meyson yalnız qara-ağ ləkələr görə bilir.
Ailə bildirir ki, şiş sağ gözə də yayılmağa başlayıb və bu, tam korluq riski yaradır. Hazırda uşaq əməliyyatdan sonra bərpa mərhələsindədir.
Aytəkin TOFİQQIZI