AZ

Ekspert: Azərbaycan Prezidentinin Gürcüstana səfəri regional iqtisadi inteqrasiyanı gücləndirir

Bakı, 8 aprel, AZƏRTAC

Prezident İlham Əliyevin Gürcüstana səfəri Cənubi Qafqazda iqtisadi inteqrasiyanın dərinləşməsi və iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsinə dair vacib siqnaldır.

Gürcüstanlı iqtisadçı Vaxtanq Çaraya bu barədə AZƏRTAC-ın saytında yayımlanan “Azərbaycan və dünya” proqramının son buraxılışında bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Gürcüstan təkcə rəsmi deyil, həm də praktik olaraq strateji tərəfdaşlardır. Bu ölkələr həm Cənubi Qafqaz, həm də daha geniş Avrasiya regionu üçün əhəmiyyətli olan birgə layihələr həyata keçirir.

Ekspert qeyd edib ki, ikitərəfli əməkdaşlıq təkcə iki ölkənin iqtisadi inkişafına deyil, həm də Avropa və Asiya ölkələri üçün bazarların şaxələndirilməsinə töhfə verir.

O, dünyanın bir sıra bölgələrində davam edən qeyri-sabitliyi nəzərə alaraq, Bakı ilə Tbilisi arasında yüksəksəviyyəli koordinasiyanın xüsusilə vacib olduğunu vurğulayıb. Ekspert bu cür səfərlərin uzunmüddətli planlaşdırma üçün təməl olduğunu, regional nəqliyyat və iqtisadi dəhlizlərin potensialından ən səmərəli istifadəyə imkan verdiyini qeyd edib.

Müəllif – Tamilla Məmmədova

Seçilən
14
1
azertag.az

2Mənbələr