AZ

Körfəzdən qaçış başlayır: Qərb İranın boğaz üstünlüyünü sındırır

Körfəzdən alternativ marşrutlara: müharibə enerji xəritəsini necə dəyişir?

ABŞ–İsrail–İran qarşıdurmasının aktiv fazasının dayanması və uzunmüddətli atəşkəs ehtimalı qısa müddətli rahatlıq yaratsa da, bu, böhranın tam aradan qalxması anlamına gəlmir. Əksinə, artıq formalaşan yeni reallıq göstərir ki, Körfəz regionu əvvəlki təhlükəsiz enerji və logistika mərkəzi imicini itirib.

Körfəzdə yaranan son böhran Vaşinqton və Avropa paytaxtlarına bir həqiqəti də xatırlatdı ki, Hörmüz boğazı üzərində İranın təsir imkanları təkcə regional deyil, qlobal enerji təhlükəsizliyi üçün də strateji riskdir. Hörmüzdən dünya neftinin təxminən beşdə birinin keçməsi səbəbindən Tehran bu marşrutu istənilən anda siyasi təzyiq rıçağına çevirə bilir. 
Məhz buna görə ABŞ və Avropa alternativ marşrutların yaradılmasına daha fəal qoşulacağı ehtimalını gücləndirir.  Burada əsas məqsəd yalnız Körfəz neftini bazarlara çıxarmaq deyil, həm də  alternativ marşrutları təşviq etməklə İranın geoiqtisadi veto imkanlarını minimuma endirməkdir. Məhz bu psixoloji və strateji dönüş nöqtəsi bölgədə yeni geosiyasi və geoiqtisadi düzənin əsasını qoyur.
Bu gündən sonra əsas sual budur:

Hörmüzdən asılı dünya alternativ enerji damarlarını harada quracaq?
Bir boğazın böhranı, bütün sistemin zəifliyi
Son böhran bir daha sübut etdi ki, dünya enerji bazarının böyük hissəsinin təkcə Hörmüz boğazından asılı olması qlobal iqtisadiyyat üçün sistem riskidir.
Müharibə başa çatsa belə sığorta riskləri yüksək qalacaq, tanker daşımalarının təhlükəsizlik xərcləri artacaq, uzunmüddətli müqavilələrdə alternativ marşrut tələbi güclənəcək, alıcı ölkələr tədarükün şaxələndirilməsini prioritet edəcək. Bu isə “enerji təhlükəsizliyi” anlayışını hasilatdan çox marşrut təhlükəsizliyi məsələsinə çevirir.

Səudiyyə Ərəbistanı: böhranı logistik üstünlüyə çevirmək
Ən sürətli reaksiya verən aktor Səudiyyə Ərəbistanı oldu. Riyad Körfəz limanlarını İordaniya sərhədinə bağlayan 1700 km-lik yeni beynəlxalq dəmir yolu-logistika dəhlizini işə saldı. Hər qatarın 400-dən çox konteyner daşıması və vaxtı yarıbayarı azaltması bu marşrutu fövqəladə dövr üçün strateji alternativə çevirir. 
Bu addımın geosiyasi mənası sadədir:
Riyad Hörmüzdən yan keçən quru bağlantıları ilə Körfəz neftini və yüklərini Qırmızı dəniz və Aralıq dənizi istiqamətinə yönəltmək istəyir.
Daha kritik istiqamət isə Yanbu xəttidir. “Saudi Aramco” artıq şərq yataqlarından Qırmızı dənizdəki Yanbu limanına uzanan Şərq–Qərb boru xəttini maksimum yüklə işə salıb. Bu xətt gündə təxminən 5 milyon barel ixrac gücü yaradır və Hörmüzdən yan keçən əsas enerji bypassına çevrilir.  Lakin burada da limitlər var: Yanbu tam alternativ deyil, sadəcə itkiləri azaldan təhlükəsizlik klapanıdır. 

Oman: coğrafiyanı strateji kapitala çevirmək
Oman üçün bu böhran tarixi fürsətdir. Maskat həm Hind okeanına birbaşa çıxışı, həm də Fars körfəzindən kənar liman infrastrukturu sayəsində yeni enerji tranzit qovşağına çevrilmək potensialı daşıyır. Xüsusilə Duqm və Sohar kimi limanların genişləndirilməsi fonunda Oman Körfəz yüklərinin təkrar yönləndirilməsi, LNG və neft terminallarının artırılması, Asiya bazarına daha təhlükəsiz çıxış kimi üstünlüklərlə önə çıxır. Başqa sözlə, Oman coğrafi neytrallığını iqtisadi tranzit gücünə çevirməyə çalışır.

Türkiyə: Aralıq dənizinə açılan enerji qapısı
Bu yeni xəritədə ən böyük strateji qazananlardan biri Türkiyə ola bilər.  Ankara İraq və Küveyt neftinin mövcud infrastrukturdan istifadə etməklə Ceyhan limanına yönləndirilməsi istiqamətində aktiv işləyir. Burada məqsəd təkcə neft deyil, gələcəkdə Körfəz qazının da Türkiyə üzərindən Aralıq dənizi və Avropaya daşınmasıdır.
Bu ssenari reallaşarsa Türkiyənin enerji hab statusu güclənəcək, Avropanın Körfəz resurslarına çıxışı şaxələnəcək, Bakı–Tbilisi–Ceyhan və İraq–Türkiyə xətti ilə sinerji yaranacaq, Ankara enerji diplomatiyasında yeni üstünlük qazanacaq. Beləliklə, Hörmüz böhranı Türkiyəni sadəcə tranzit ölkədən regional enerji memarına çevirə bilər.

Yeni geoiqtisadi reallıq
Ən vacib nəticə budur ki, müharibə bitsə də, investorların və alıcıların psixologiyası dəyişib. Heç bir böyük istehlakçı ölkə artıq enerji təhlükəsizliyini yalnız Hörmüzə bağlamaq istəməyəcək.
Bu isə üç əsas nəticə yaradacaq: Alternativ quru dəhlizlərinə böyük sərmayə axını:  Qırmızı dəniz və Aralıq dənizi limanlarının strateji dəyərinin artması: Türkiyə–Səudiyyə–İordaniya–Oman xəttinin yeni enerji oxuna çevrilməsi. 

Yaxın Şərqdə son müharibə bir həqiqəti tam üzə çıxardı:
enerji ehtiyatları qədər, onları hansı marşrutla bazara çıxarmaq da geosiyasi gücdür.
Körfəz artıq əvvəlki kimi təhlükəsiz görünmür. Buna görə də qarşıdakı illərdə əsas rəqabət yataqlar uğrunda deyil, alternativ marşrutlar, limanlar, boru xətləri və logistika dəhlizləri uğrunda olacaq. Bu dəhlizlər işə düşdükcə İranın “Hörmüz kartı” əvvəlki qədər təsirli olmayacaq.
Avropanın böyük hesabı: enerji ilə yanaşı siyasi təhlükəsizlik
Brüssel üçün alternativ marşrutlar təkcə neft və qaz deyil, həm də siyasi dayanıqlıq deməkdir. Rusiya qazından sonra Hörmüz riskinin də gündəmə gəlməsi Avropanı məcbur edir ki, enerji xəritəsini daha geniş şaxələndirsin. Bu baxımdan Şimali Afrika, Xəzər hövzəsi, Türkiyə üzərindən Cənub dəhlizi, Körfəzdən Aralıq dənizinə yeni boru xətləri Avropanın yeni enerji təhlükəsizlik arxitekturasının əsas sütunlarına çevrilir. 
Bu baş verərsə, Körfəzdə yeni enerji xəritəsi yalnız iqtisadi yox, həm də İranın regional təsir gücünü balanslaşdıran yeni geosiyasi düzən yaradacaq və Hörmüz üzərindən qlobal bazarlara təsir imkanlarını zəifləyəcək. 

 Mürtəza Bünyadlı

Seçilən
16
1
olke.az

2Mənbələr