Bakı, 8 aprel, AZƏRTAC
Özbəkistanın Buxara şəhərində Türkiyənin Qafqaz Universitetinin Əbül-Həsən Xaraqani adına Tətbiqi Araşdırmalar Mərkəzinin və Qafqaz Universiteti İlahiyyat fakültəsinin öndərliyi, Xəzər Universitetinin Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutu və Özbəkistanın Beynəlxalq Buxara Universitetinin birgə təşkilatçılığı ilə Türk dünyasının mənəvi irsinə həsr olunmuş beynəlxalq simpozium keçirilib.
Beynəlxalq Buxara Dövlət Universitetinin ev sahibliyi ilə baş tutan “I beynəlxalq Türk dünyasında ortaq dəyərlərin ehyası və inşası simpoziumu”nda Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Malayziya, Pakistan və İngiltərə daxil olmaqla 7 ölkədən məruzəçilər iştirak ediblər.
Bu barədə AZƏRTAC-a Xəzər Universitetindən məlumat verilib.
Konfransın açılış mərasimi Özbəkistan ənənələrinə uyğun olaraq bədii hissə ilə başlayıb; tələbələrdən ibarət rəqs və musiqi qrupları xarici qonaqları qarşılayıb. Sonra Beynəlxalq Buxara Universitetinin rektoru professor Şərif Barotov rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında məlumat verib, konfransın Türk dünyasının inteqrasiyası yolundakı əhəmiyyətini vurğulayıb.
Daha sonra çıxış edən Türkiyənin Özbəkistandakı səfirliyinin mətbuat müşaviri professor Mehmet Yüce türk dövlətlərinin ortaq tarixindən bəhs edib. O, yalnız ortaq mədəni dəyərlərin qorunmasının kifayət etmədiyini, eyni zamanda, müasir texnoloji və elmi nailiyyətlərə adaptasiya məsələsinin də mühüm olduğunu qeyd edib.
Simpoziumun Təşkilat Komitəsinin sədri və Qafqaz Universitetinin Əbül-Həsən Xaraqani adına Tətbiqi Araşdırmalar Mərkəzinin direktoru dosent Muhammed Alparslan Kartal çıxışında konfransın Türk dünyasına xidmət məqsədi daşıdığını və genişmiqyaslı bir layihə çərçivəsində həyata keçirildiyini bildirib. Ev sahibi Beynəlxalq Buxara Universitetinə təşəkkürünü bildirən M.A.Kartal bu konfransların akademik əlaqələrin gücləndirilməsində mühüm rol oynadığını ifadə edib. O, Beynəlxalq Buxara Universitetinin prorektoru Əli Əsgərxon Qasımova, simpoziumun Təşkilat Komitəsi sədrinin müavinləri Murad Sarıgül və dosent Məleykə Məmmədovaya, eləcə də simpoziumun koordinatoru Fəridə Seyidovaya fəaliyyətinə görə minnətdarlığını bildirib.
Qazaxıstandakı Beynəlxalq Xoca Əhməd Yasəvi adına Türk-Qazax Universitetini təmsil edən dosent Xəlil Çetin türk birliyinin həm xalqlar, həm də dövlətlər səviyyəsindəki inkişafından bəhs edib.
Açılış mərasimindən sonra konfrans işini 7 bölmədə əyani və onlayn formatda davam etdirib. Ümumilikdə konfransa 45 məruzə təqdim olunub. Məruzlərdən 8-i Türkiyədən, 37-si isə digər ölkələrdən olan alimlər alimlər tərəfindən təqdim edilib. Proqram çərçivəsində “Dil və təhsil”, “Mədəniyyət və ədəbiyyat”, “Tarix və sosial strukturlar”, “İqtisadiyyat və inteqrasiya”, “Türk mədəniyyətində ədəbiyyat”, “Sənət və ənənələr”, “Türk dünyasında dil”, “Ədəbiyyat və mədəni qarşılıqlı əlaqələr”, “Türk dünyasında dini elmlər” mövzuları üzrə bölmə iclasları təşkil edilib. İclaslarda Türk dünyasının ortaq mədəni dəyərləri dil, ədəbiyyat, folklor, tarix, din və s. istiqamətdə araşdırılıb, elmi müzakirələr aparılıb.
Xəzər Universitetini konfransda Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunun koordinatoru Fəridə Seyidova təmsil edib.