AZ

Masallı xəbərləri

Böyük kənd təsərrüfatı rayonu olan Masallıda çiyələk təsərrüfatlarının sayı artır. Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və müavinləri Kolatan kənd sakini, fermer Rəfail Sadıqova məxsus təsərrüfata baş çəkib, istehsal vəziyyəti ilə maraqlanıblar.  

Görüş zamanı fermer təsərrüfat işləri barədə məlumat verərək bildirib ki, burada gündəlik olaraq 20–25 nəfər işçi böyük həvəslə çalışır və yüksək məhsuldarlıq əldə olunması üçün səyləri əsirgəmir. İcra başçısı isə qeyd edib ki, bu cür fermer təsərrüfatlarının fəaliyyəti kənd yerlərində məşğulluğun artırılması, əhalinin gəlir imkanlarının genişlənməsi və yerli iqtisadiyyatın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, kənd təsərrüfatının inkişafı istiqamətində bu kimi təşəbbüslərin dəstəklənməsi vacibdir.                                                                                                                                            

***

Rayon rəhbərliyi Hampa zirvəsi ərazisində aparılan abadlıq və yaşıllaşdırma tədbirlərinə baxış keçirib, xüsusilə əkilən ağacların vəziyyəti ilə maraqlanıb. Ağacların suvarılması və düzgün qulluq olunmasının vacibliyini vurğulayan icra başçısı bu istiqamətdə aidiyyəti qurumlara müvafiq tapşırıq və tövsiyələrini verib.                                                            

Araz Əhmədov görülən işləri yüksək qiymətləndirərək, ağacların suvarılmasında iştirak edib və bildirib ki, bu kimi təşəbbüslərin davam etdirilməsinin vacibdir. Eyni zamanda icra başçısı vətəndaşların asudə vaxtlarının səmərəli təşkili üçün ərazidə zəruri infrastrukturun yaradılmasının məqsədəuyğun olduğunu bildirib.

***

Tüklə kəndində də həyata keçirilən abadlıq-quruculuq işləri ilə tanışlıq olub. Rayon rəhbərliyinə məlumat verilib ki, son dövrlər kəndlərdə infrastrukturun yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür. Belə ki, daxili yolların təmiri, ətraf mühitin abadlaşdırılması, yaşıllıq zolaqlarının salınması və sosial obyektlərin yenilənməsi istiqamətində tədbirlər həyata keçirilir.

Araz Əhmədov kənddə görülən işlərin keyfiyyəti ilə maraqlanıb. Qeyd olunub ki, kəndlərdə aparılan abadlıq-quruculuq işləri əhalinin rifah halının yüksəldilməsinə xidmət edir.                                                                                                      

Əlihüseyn ŞÜKÜROV,

Masallıda çıxan «Yeni həyat» qəzetinin baş redaktoru

 

 

 

Seçilən
25
xalqqazeti.az

1Mənbələr